Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qapalı DAİRƏ sindromu
Uduzdurulmuş namizədlər təkrar necə uduzdurulur?!

Mərkəzi Seçki Komissiyası yenə iclas keçirir. Yenə də qərar qəbul edir. Hələ fevralın 29-dək vaxt var. MSK sədri Məzahir Pənahov da bunu deyir:

“Vaxtımız var”. Ancaq bu, müəyyən mənada uzadılmış vaxtdır. Yaxud bəlkə də buna vaxtın uzadılması da demək olar. MSK birbaşa bu quruma şikayət edənləri Dairə Secki Komissiyalarına (DSK) göndərir. Burda formal məntiq var; seçki pozuntuları məntəqələrdə baş verib. Daha yuxarı instansiya isə DSK-dır. O məntiqlə, şikayətlərə əvvəlcə DSK-larda baxılmalıdır. MSK katibi Mikayıl Rəhimli də bunu deyib. Seçki Məcəlləsinə görə, bu, belədir. Yəni qanunilik imperativi. Bəs effektivlik imperativi deyilən bir şey də var axı.

Azərbaycanın müstəqilliyini əldə etməsindən 28 ildən çox keçir. Bu müddətdə Azərbaycan seçki sistemindəki boşluqları görmək və qanunvericilik təşəbbüsü ilə çıxış etmək olmazdımı? Bunu elə həmin deputatlar edə blərdilər; axı seçki prosesində özləri də bu boşluqlara “düşürlər”. Nəzəri baxımdan. Formal məntiq deyir ki, məntəqədə baş vermiş qanun pozuntularını bir üst qurum – DSK araşdırsın. Seçki Məcəlləsində də bu cürdür. Bəs axı onillərlə Azərbaycansayağı seçki reallığı yaranıb; məntəqə komissiyalarının üzvlərinin çoxu (əgər hamısı deyilsə) və sədrləri DSK sədrinin yaxın adamları olur. Daha doğrusu, DSK sədri özünə yaxın adamları seçib bu quruma yerləşdirib.

Misal: 10 saylı Binəqədi üçüncü seçki dairəsi. DSK sədri İsgəndər Əliyev məntəqələrə öz adamlarını və artıq 30 ilə yaxındır, o dairdən “deputat” düzəldilən şəxsin adamlarını sədr təyin etdirib. Hətta bir çoxu DSK sədrinin öz qohum-əqrəbasıdır. Bununla bağlı faktlar bu yaxınlarda cəmiyyətə də açıqlandı. Belə bir neqativ reallıq varsa, bu da seçkilərin obyektivliyinə xələl gətirirsə, nədən bunu aradan qaldırmaq üçün heç bir addım atılmır?! 1995-ci ildə qəbul olunmuş Konstitusiyaya dəyişikliklər, düzəlişlər və əlavələr etmək üçün üç dəfə referendum keçirilən ölkədə yaşayırıq. Seçki Məcəlləsini dəyişmək isə daha asandır; heç referendum da lazım deyil, Milli Məclis həll edir.

Əvvələ qayıdaq. Doğrudur, DSK-nı MSK formalaşdırır. Ancaq necə?! Və ən başlıcası, məntəqə seçki komissiyaları (ki, orda səsvermənin taleyi həll olunur) necə formalaşır?! Hansı prinsiplə?! İndi hamı üz tutub MSK-ya. Sanki MSK bir müqəddəs Məbəd, Məzahir Pənahov isə Tibet Dalay Laması kimi bir şey olub. Hər kəs ordan pənah umur. MSK isə şikayətlərin çoxunu (DSK-lardan yan keçərək gələnləri) yenə seçki dairələrinə göndərir. Bu zaman sözün bütün neqativ mənalarında QAPALI DAİRƏ yaranır. Məsələ də bundadır: təcrübə gösrtərir ki, çox hallarda məntəqədən gələn rəqəmlərə də dəyişiklik olunur; yekun protokol dairədə yazılır. Qanun pozuntuları elə dairə sədrinin yaxın adamlarından formalaşmış məntəqələrdə və sonra da dairənin özündə baş verirsə, uduzdurulmuş namizəd kimdən kimə şikayət edir?! MSK da ona verilmiş “kospekt”lə qərar verəcəksə... Məhkəmə?! “O nə olan şeydir, Məhəmməd?!”

...Araşdırmaları günahkarların özünə tapşıran bir sistem yaranır. 1996-cı ildə Azərbaycan parlamenti vətəndaşların ərizə, şikayət və müraciətlərini barəsində şikayət olunan qurumlara göndərilməsini nəzərdə tutan qanun qəbul edib. O zamandan bəri ölkə vətəndaşı bir şikayət labirintinə, şikayət burulğanına məhkumdur. Eyni şeyi biz seçkilərdə də gördük. Və zaman keçir, haqqında şikayət olunan adamlar şikayət edənlərə və ya onların nümayəndələrinə basqılar edir. Hətta işdən çıxarılan, həbslə hədələnən də var (həmin 10 saylı dairədə şikayətçi namizədin təmsilçilərindən biri qəsəbə ocaqxanasındakı (!) ocaqçı (!) işindən uzaqlaşdırılıb). Araşdırmalar yubanınca, saxtakarlar, saxta deputatın adamları (əgər adamlardırsa) özlərini sağlama almaq, sığortalamaq üçün hər cür naqis əməllərə əl atırlar. Biz hüquqçu deyilik. Seçki administrasiyasında da çalışmasdıq. Ancaq bu sistemdə dəyişikliklərin olmasının zərurəti gözümüzü deşir. Uzun zamandır, daxildən də, xaricdən də deyilir ki, seçki komissiyaları bütün tərəflərin etimadı əsasında formalaşmalıdır. Kimə deyirsən?!

İslahatdırsa, birinci seçki komissiyasından başalamaq lazım deyilmi?! “Səndən yar, sənə yar, şikayətim var” prinsipinə son qoymaq lazım deyilmi?! Yoxsa heç lazım deyil?!

Seçkini saxtalaşdıran müəllimlərdən danışılır. Dörd dairənin nəticələri ləğv ediləndə Təhsil Nazirliyi də bəyan etdi ki, saxtakarlıqda iştirak edən müəllimlərlə bağlı ölçü götürüləcək. MSK sədri də oxşar tematikada bir-iki ağız söyləmişdi. Ancaq heç nə baş vermədi. Dəmir isti-isti döymədilər. “Ölçü götürmək” istəyən elə həmin ilk dörd dairədə saxtakarların “boyuna qəmiş” ölçərdi... Ancaq hanı?!

Bizim Yol

Son xəbərlər
Bütün xəbərlər »