Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Münhen debatının görünməyən tərəfləri
Bavariya torpağında tarixi qarşılaşma: kim uddu, kim uduzdu?

Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilmiş debat hələ çox müzakirə olunacaq. Son iki gündə də yetırincə təhlil və şərh olunub. Bu təhlil və şərhlərdə irəli sürülən fikirləri, tezisləri təkrarlamağa ehtiyac yoxdur. Sadəcə, bizim önəmli saydığımız bəzi məqamlara diqqət çəkmək istərdim.

Bəli, bu debat Ermənistan-Azərbaycan münaqişəsinə həsr olunmuşdu; bu iki dövlət müharibə vəziyyətindədir, iqtisadi əməkdaşlıqdan, mehriban qonşuluq münasibətlərindən, qarşılıqlı mal dövriyyəsinin artırılması perspektivlərindən, neft tranziti tariflərindən, qaz satışı qiymətlərindən və ya sərhədyanı ticarətin inkişafından danışacaq deyillər. Çünki müharibə var və bu müharibə davam etdikcə, Ermənistanın və Azərbaycanın rəhbərləri bu sadalanan mövzularda deyil, hərbi münaqişə, onun doğurduğu nəticələr, işğal, ilhaq, etnik təmizləmə kimi məsələləri müzakirə edəcəklər. Bu gün dünyanın canlı yayımla izlədiyi bu debatın ortaya qoyduğu həqiqətlərdən biri budur: bu iki dövlət nə mehriban qonşudurlar, nə ticarət tərəfdaşlarıdırlar, nə də dostlardır. Bu iki dövlət qarşı-qarşıya dayanıb savaşan tərəflərdir. Və bu savaşı başlayan da, bitməsinə imkan verməyən də məlum oldu.

Əlbəttə ki, dünyanın aparıcı dövlətləri, nüfuzlu və təsirli beynəlxalq təşkilatlar, dünya miqyaslı siyasətçilər, diplomatlar – bir sözlə, bu məsələlərlə bağlı qərar qəbul edən və qərar qəbul edəcək adamlar və qurumlar kimin haqlı, kimin haqsız olduğunu çox yaxşı bilir. Onlar bu münaqişənin necə başladığı, hansı mərhələlərdən keçərək bu nöqtəyə gəldiyi haqda dəqiq məlumatlıdırlar. Bunu əsas gətirən bəzi siyasi şərhçilər və ayrı-ayrı insanlar: “Belə bir debatın nə anlamı var?! Onsuz da nəticə dəyişmədi” kimi fikirlərini mediada və sosial şəbəkələrdə paylaşırlar. Doğrudur, bu debatın getdiyi gün daha bir şəhid verdik. Bu debatdan sonra Qarabağda olan Ermənistan qoşunları oradan uzaqlaşmadı, heç nə dəyişmədi, hər şey olduğu kimi qaldı. Bunlar həqiqətdir. O da həqiqətdir ki, dünyanın dörd qlobal gücündə üçünün - ABŞ-ın, Rusiyanın və eləcdə Fransanın timsalında Avropa İttifaqının vasitəçiliyi ilə aparılan, onillərlə uzanıb gedən danışıqlar prosesinndə həll olunmayan məsələ bir debatla həllini tapa bilməz. Bəli, hərbi yolla zəbt olunmuş toraqların sülh danışıqları ilə azad olunmasına dair misalları dünya tarixindən, eləcə də, müasir tarixdən tapmaq olar. Ancaq sülh danışıqlarının bitdyi yerdə müharibələr də var: “Torpağı ancaq döyüşlı qaytarmaq olar” deyənlər də bu nöqtədə haqlıdır.

Tarix demişkən, bu debatın özü də tarixi bir hadisə olaraq yorumlandı. Çünki indiyədək Ermənsitan və Azərbaycan rəhbərlərinin canlı yayımda, üçüncü tərəf olmadan münaqişə və sülh prosesi haqqında debat formatında müzakirəsi olmamışdı. Bu, yeni və maraqlı bir yanaşma oldu. Şübhəsiz, əvvəldə də yazdığımız kimi, bir debatla, lap yüz debatla münaqişə həll olunmaz. Bəlkə qərar verən dünya siyasi mərkəzləri üçün də bəlkə burda yeni bir şey olmayacaq. Ancaq dünyanın həmin mərkəzləri – Şimali Amerikada yerləşən və Avropa İttifaqında cəmləşən ölkələrdə hökumətlər seçkilərlə - vətəndaşlarının rəyi və səsi ilə qurulur. Eləcə də, nüfuzlu beynəlxalq təşkilatların formalaşması da bu prinsipə dayanır və vətəndaşların, seçicilərin hökumətlərə və beynəlxalq təşkilatlara təsiri var. Ona görə də hər iki tərəf bu debata məhz belə bir motivdən – Avropa meydanında özü sözünü demək marağından razılaşıb. Ayrıca Azərbaycan zərər çəkmiş tərəf kimi öz səsini dünya cəmiyyətinə eşitdirməkdə daha çox maraqlıdır.

Ilham - Paşinyan Münhen

Bu yerdə bir məsələni də vurğulamaq istərdim; bizdə hökumətin və hökumətə yaxın çevrələrin həmişə bir şüarı, tezisi var: “Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq”. Bununla razıyam. Ancaq Azərbaycan həqiqətlərini əvvəlcə Azərbaycan ictimaiyyətinə çatdırmaq lazımdır ki, sonra hamılıqla onu dünya ictimaiyyətinə çatdıraq. Üç-beş nəfərə ingilis dili öyrədib, hazır tezisləri əzbərlədib dünyanın qarşısına çıxarmaq doğru olmaz. Çünki hazırlaşmadığı yerdən gələn ilk sual onun əzbərini pozacaq. Əgər insanın ürəyində Vətən sevgisi, dövlət təəssübü, torpaq yanğısı yoxdursa, beynini hansı dillərdə hansı məlumatlarla doldurmağın heç bir önəmi olmayacaq. İnsan söylədiyi fikirlərə öncə özü inanmasa, başqalarını inandıra bilməyəcək.

Haqqında yazdığımız debatda qarşı tərəfin hansı duruma düşdüyü məlumdur. Təkcə ona görə yox ki, İlham Əliyevlə müqayisədə Nikol Paşinyanın siyasi təcrübəsi, dil bilgisi, intellektual hazırlığı, tarix, hüquq, beynəlxalq münasibətlər sistemi haqqında baza bilikləri və məlumatlılıq dərəcəsi aşağıdır. Bunlar da var, təbii ki. Ən əsas məsələ odur ki, mövqeyi haqsızdır; tarixə, hüquqa, beynəlxalq münasibətlərin legitim əsaslarına – prinsiplərinə ziddir. İnsan haqsız olanda çox gücsüz olur. Bəli, Prezident İlham Əliyev bu debatda çox haqlı, o səbəbdən də, güclü görünürdü. İnamlı olması da haqlı olmağın verdiyi gücdən qaynaqlanmışdı. Üstəlik, beynəlxalq münasibətlər üzrə mütəxəssis kimi baza bilikləri, hazırlığı və siyasi təcrübəsi də öz işini gördü.

Bu debatın gözlə görünən müsbət nəticələri nədir? Ən əsas nəticə budur ki, biz danışıqlar prosesinin konturları haqqında bir qədər daha aydın təsəvvür əldə etmək imkanı tapdıq. Erməsitan tərəfinin mövqeyi bütün destruktivliyi ilə ortaya çıxdı. Ppaşinyanın düşdüyü ən tragikomik durum isə yaxın tarixin onun xeyrinə olmadığını görüb Miladdan əvvələ getməsi oldu. Adam hazırda qüvvədə olan beynəlxalq hüquqa deyil, BMT-nin, AŞPA-nın, ATƏT-in qərarlarına deyil, antik çağlara, yarımmifik hipotezalara, hansısa “böyük” Tiqrana, Baqratunilərə, Arşakunilərə istinad edir. Bu debatın müsbət tərəflərindən biri də elə bu oldu. Azərbaycan tərəfinin intellektual təzyiqindən çaşan erməni baş nazir bütün “kart”larını açmaq zorunda qaldı. Və Dünya erməni tərəfinin mövqeyinin nəinki hüquqi əsaslardan, hətta elmilikdən belə uzaq olduğunu gördü. İkinci önəmli məsələ: bütün çılpaqlığı ilə göründü ki, biz – Azərbaycan Ermənistanla qarşı-qarşıya, yəni üçüncü tərəfin müdaxiləsi olmadan təkbətək qalanda ona qalib gələ bilirik. Bunu 1992-ci ilin yay-payız aylarında (eləcə də, qısa müddətdə aprel döyüşlərində) görmüşdük; üçüncü tərəf Ermənistana dəstək vermədikdə toraqlarımızı hərb yolu ilə azad etməyə çox yaxınlaşdıq. Ancaq 1993-cü ilin yay-payız aylarında üçüncü tərəf Ermənistanın arxasında, hətta yanında dayananda (“böyük qardaş” qorxaq uşağın köməyinə gələndə) tamam əks nəticə oldu, yeni ərazilər itirdik. Eyni hal diplomatik müstəvidə də baş verir. İndiyədək də deyilirdi ki, Azərbaycan və Ermənistan iki münaqişə tərəfləri olaraq təkbətək qalsalar, həm hərbi, həm siyasi, həm iqtisadi, həm də son debatla ortaya çıxdığı kimi, intellektual güc nisbəti Azərbaycanın xeyrnədir; bu gücün qarşıısnda Ermənistan özü təklikdə dvam gətirə bilməz.

Bəlkə də mövzudan bir az kənara çıxıb, bəzi fikirlərimi də yazıram. Canlı yayımda debatı izləyərkən beynimdən belə bir fikir də keçirdi: bir halda ki ölkə rəhbəri siyasi debatlarda bu qədər hazırlıqlı və inamlıdır, nədən Azərbaycanın daxili siyasətində də bu formatda siyasi mübarizəyə yer verilmir?! Paşinyanla olan bu debat İlham Əliyevin siyasi reytinqinə təsir edib; bu iki gündə cəmiyyət arasında, mediada və sosial şəbəkələrdə gedən müzakirələr belə deməyə əsas verir. Elə isə bu ranqda siyasətçinin ölkənin daxili siyasətində öz siyasi rəqibləri ilə debata çıxması onun xeyrinə olmazmı?! Bu yeni siyasi mübarizə formatını, canlı və açıq siyasət modelini ölkənin içində də oturuşdurmağa ehtiyac var. Son parlament seçkiləri bu baxımdan hardasa elə itirilmiş fürsətdir; açıq və cəmiyyətin gözləri qarşısında debatlar olmadı. Açıq siyasi mübarizə olsa, daha çox sayda debata hazırlıqlı siyasətçilər, intellektuallar yetişəcək və onlar arasından beynəlxalq siyasi arenaya çıxanlar, Azərbaycanın maraqlarını daha fəal və daha effektiv müdafiə edənlər yetişəcək. Bu iş bir tək ölkə Prezidentinin üzərində qala bilməz axı. Biz ölkəni qorumaq, itirilmiş ərazilərimizi geri qaytarmaq üçün Silahlı Qüvvələri, ordunu necə qurmalıyıqsa, necə ən müasir səviyyədə təchiz etməyə çalışırıqsa, eyni yanaşmanı siyasi müstəviyə də tətbiq etməliyik; istənilən səviyyədə, istəniln formatda siyasi mübarizəyə, rəqib və xüsusilə, bu gün bizə düşmən olan tərəfin təmsilçiləri ilə açıq, inamlı, tutarlı debat apara biləcək bir intellektuallar ordusu yaratmaq əsas vəzifələrdən biri kimi qarşımızda dayanır. Şəxsən mənim fikrimcə, qarşıdakı dövrdə Konstitusiyaya dəyişikliklər edib, heç olmasa, qarışıq, yəni proporsional-majoritar seçki sisteminə keçmək yaxşı olar. Ölkədə siyasi mübarizə meydanı siyasi partiyalardır; bu sistemi inkişaf etdirməyin bir əsas yolu da seçkilərdə proporsional seçki sistemdir – insanlar partiya siyahılarının birinci sıralarına gəlmək üçün partiyadaxili siyasi mübarizəni öyrənəcəklər; ölkə üçün hazırlıqlı siyasətçilər ordusu yetişəcək. Gerçək, güclü müxalifət normal dövlətin olmazsa olmazıdır. Mən bunu bir dəfə də yazmışdım: demokratik seçkilər olmadığı müddətcə, nə normal dövlət sistemi, nə də normal sistem müxalifıti olmayacaq.

Bu gün siyasi fəallar yalnız razılaşdırılmamış mitinq cəhdləri ilə, həbslərlə, təqiblərlə... siyasi kapital toplayır. Bu səbəbdən, həbslə, təqiblə siyasi əzabkeş obrazı formalaşmış, ancaq bir çox hallarda siyasi mübarizədən anlayışı, heç bir siyasi mədəniyyəti belə olmayan adamlar da siyasi və ya ictimai fiqur olaraq meydana çıxır. Siyasi repressiyaların belə bir bumeranq effekti də var; siyasi müstəvi aşağı ayarlı siyasətçilərlə dolub daşır. Eyni zamanda hakim partiya daxilində də siyasi mübarizə deyil, şəxsi hesablaşmalar, karyera intiqaları belə bir nəticə doğurur. Aşağı ayarlı siyasi-ictimai elita belə yaranır. Baxın, son seçkilərdə buraxılmış parlamentin keçmiş deputatlarının namizədliyi niyə bu qədər qıcıq yaratdı? Niyə bir çoxunu dairələrdən qovdular?! Niyə bir çoxu heç xalqın qarşısına çıxa bilmədi? Və nədən bu gün süni lider namizədlərdən – istər köhnə, istər yeni olsun, bu qədər narazılıq, seçki pozuntuları ilə bağlı şikayət var?! Çünki adamlar ölkə siyasətinə, əsas siyasi təsisatlardan biri olan Milli Məclisə siyasətdənkənar yollarla – mübarizə aparmadan, “arxa qapı”dan keçməyə çalışdılar. Bizim gəldiyimiz indiki nöqtə bu kimi qanuna və siyasi əxlaqa zidd olan halların sonu-sonucudur. Burdan çıxış yolu varmı?! Təbii ki, var. Bu da rəqabətli və açıq siyasi mübarizə modelidir.

Bahəddin Həziyev Bahəddin Həzi
Son xəbərlər
Bütün xəbərlər »