Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Müşahidəçi az qalırdı ağlasın, dərman verdim" - İcra başçısının dairəsində yaşananlar

Parlament seçkilərindəki qanun pozuntuları sosial şəbəkələrdə çox müzakirə olundu. Hələ də bu haqda danışılır, yazılır, videolar paylaşılır.

Bizimyol.info xəbər verir ki, 123 saylı Kəlbəcər seçki dairəsində müstəqil müşahidəçi olmuş İlqar Quliyev də qanun pozuntularının şahidinə çevrilib.

İlqar Quliyev İlqar Quliyev

Onun dediyinə görə, hələ seçkidən bir gün əvvəl Kəlbəcər məktəblilərinin valideynlərinin Goranboyun Veyisli kəndində toplayıb qapalı iclas keçiriblər, bir növ icra başçısı Aqil Məmmədova səs verməyin vacibliyini deyiblər. Seçki günü bütün məntəqələrin girişində icra aparatının nümayəndələri dayanıb. Müşahidəçi iddia edir ki, onlar seçicilərə təsir etməyə çalışırmış, konkret kimə səs vermək lazım olduğunu deyirlərmiş.

İlqar Quliyev müşahidə etdiklərini ard-arda düzür. 60 saylı məntəqədə bir nəfərin şəxsiyyət vəsiqəsinin telefondakı şəkli, digərinin isə sənədin surəti ilə səs verdiyini görüb. Əksər məntəqələrdə bülletenlərin küncü əvvəlcədən kəsilibmiş. Müşahidəçilər seçicilərə səs verməyə kömək edirmiş. İlqar Quliyev 63 saylı məntəqədə İsmət adlı şəxsin qutuya topa bülleten atdığını görüb. Məntəqə sədri seçicilərə konkret namizədi işarə verirmiş. Müşahidəçi səslərin sayılması zamanı 41 saylı məntəqədə olduğunu deyir: “Yaxasında müşahidəçi vəsiqəsi olmayan bir neçə nəfərdən kim olduqlarını soruşdum. Dedilər, bu məktəbin müəllimləriyik, kömək eləməyə gəlmişik. Saat 19-da qapı örtülsə də, kilidlənmədi, kim istədi içəri- çölə gedib gəlirdi. İrad bildirdim. Dedilər, kilid yoxdu. Məntəqə sədri, üzvləri, müşahidəçilər və “köməyə” gələn kənar şəxslər bir müşahidəçini gün ərzində o qədər təziqə məruz qoymuşdular ki, o gənc az qalırdı ağlasın. Mən ona avtomobilimdən dərman verməli oldum. Sonda mən müdaxilə etməsəydim, döyəcəkdilər”.

İlqar Quliyev təəssüf edir ki, telefonu söndüyündən, səslərin sayılması prosesini çəkə bilməyib. Onun sözlərinə görə, məntəqədəki nümayəndələr aşkar qanun pozuntusuna yol verirmiş. Müşahidəçi etiraz eləyib, akt yazıb. Amma aktı imzalayıb möhürləmədən seçkinin bitdiyini elan ediblər.

Aqil Məmmədov Aqil Məmmədov

Xatırladaq ki, 123 saylı dairəsində 71,7 faiz səslə Kəlbəcər rayonu icra hakimiyyətinin başçısı Aqil Məmmədov qalib elan edilib. Aqil Məmmədov seçki müddətində də icra başçısı vəzifəsində qalıb.

Son xəbərlər
Bütün xəbərlər »