Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Böyük güclərin İdlibdə toqquşmasının qalibi...

“İdlibə sahib olmaqla, Suriyanın yarısını artilleriya nəzarəti altında saxlamaq mümkündür”.

Bunu Suriyanın İdlib bölgəsindəki gərgin prosesləri şərh edən politoloq Qabil Hüseynli deyib.

Qabil Hüseynli Qabil Hüseynli

İdlib qızıl balıqdır, ya tərəflər güc şousu göstərir?

Politoloq bildirib ki, İdlib Suriya üçün geostrateji əhəmiyyətə malik olan bölgə olduğundan burada maraqlar böyükdür:

"İdlib şəhəri coğrafi baxımdan həm Türkiyəyə yaxındır, həm də Suriyanın paytaxtı Dəməşqə və onun ikinci şəhəri olan Hələbə gedən yolların üzərindədir. Dəniz səviyyəsindən hündür olduğuna görə, bu yerin hərbi strateji əhəmiyyəti xeyli çoxdur. Yəni, İdlibə sahib olmaqla Suriyanın ərazisində paytaxt da daxil olmaqla ölkənin yarı hissəsini artilleriya nəzarəti altında saxlamaq mümkündür. İdlib uzun müddətdir ki, indiki rejimə müxalif mövqedə dayanan insanların yaşadığı bir yerdir. Bu gün Suriya azadlıq ordusunun və eləcə də Suriya müxalifətinin böyük hissəsi İdlib ərazisində məskunlaşıb. Eyni zamanda, onun həm canlı qüvvəsi, həm də cəbhəxanasının böyük bir hissəsi İdlib və onun müxtəlif kənd, əyalətlərindədir".

Türkiyənin İdliblə bağlı planları nələrdir?

Q. Hüseynli Türkiyənin məqsədinin Suriyada demokratik dövlət qurulmasına təkan vermək olduğunu deyib:

“Türkiyənin orda olmasının birinci səbəbi özlərinin formalaşdırdığı, təlim keçdiyi Suriya azadlıq ordusunun və Suriya müxalifətinin həmin bölgədə yaşaması, əsas hissəninin o əhalidən təşkil olunmasıdır. Bundan başqa, İdlibin Suriya uğrunda aparılan hərbi əməliyyatlarda geostrateji üstünlükləri ilə bağlıdır. Amma əsas səbəb, Suriya müxalifət qüvvələrinin bu ərazilərdə və eləcə də Türkiyə sərhədinə qədər olan Cerablus ərazisində məskunlaşması, özünə istehkam qurmasıdır. Türkiyənin təbii ki, Bəşər Əsədi devirmək və demokratik seçkilər yolu ilə Suriya müxalifətini hakimiyyətə gətirmək strategiyası var. Uyğun siyasi mühit olarsa, Türkiyə bu strategiyanı gerçəkləşdirmək istəyir. Rusiya və Bəşər Əsəd bunu yaxşı anlayır. Bəşər Əsəd özünə bir qədər gəldikdən və Rusiya hərbi gücləri burada dislokasiya edildikdən sonra birinci hədəf kimi İdlibi seçdilər. Türkiyə Rusiya ilə Soçidə razılaşmışdı ki, bu bölgədə uçuşa qadağan olunan zonalar yaradılsın və bu zonaları hər iki ölkə nəzarət altında saxlasın. Soçi görüşündə qəbul edilmiş bu razılığa Rusiya əməl etmədi. Son hadisələrdə isə Bəşər Əsəd qüvvələrinin hücumları adı altında özünün müəyyən xüsusi təyinatlılarını, artilleriyasını və canlı qüvvəsini Suriya ordusunun sərəncamına verdi”.

Müharibə ehtimalı yaxındırmı?

Politoloq hesab edir ki, müharibə ehtimalı hələ ki, yoxdur:

“Hazırda Türkiyə və Rusiya arasında danışıqlar gedir. Əvvəlcə Rusiyanın nümayəndə heyəti Ankaraya gəldi, daha sonra Türkiyə nümayəndə heyəti Moskvaya getdi. Ancaq ortada bir razılaşma yoxdur. Türkiyə prezidenti Putinlə telefonla əlaqə saxladı, yenə də bir nəticə yoxdu. Yəni, gərgin danışıqlar prosesi gedir. Eyni zamanda, Suriya tərəfi də müəyyən addımlar atır. Parlamentdə “erməni soyqırımı”nı müzakirə edir və s. Ara-sıra Türkiyənin müşahidə məntəqələrini atəşə tutur. Düzdür, Türkiyə daha öldürücü cavab verir. Ancaq hər halda, proseslər bu tempdə davam edir”.

Rusiya İdlib üzərindən ikili siyasət yürüdür, yoxsa?

Politoloq Rusiyanın İdliblə bağlı planlarını spesifik şərh edib:

“Türkiyənin müxalif Milliyyətçi Hərəkat Partiyasının lideri Dövlət Baxçalının da dediyi kimi Rusiya bu günə qədər həm Suriyaya, həm də Türkiyəyə nəzarət etmək fikrində idi. Yəni, bərabərhüquqlu ikitərəfli hərbi-siyasi əməkdaşlıqdan söhbət gedə bilməzdi. İndi artıq Türkiyə Rusiyanın fikirlərini başa düşüb və axıra qədər tam açmaq fikrindədir. Rusiya Putin dövründə bütün addımlarında qarşılıqlı əlaqədə heç vaxt səmimi olmadığını göstərib. Bu səmimiyyətin olmamasını Suriyadakı Türkiyə-Rusiya münasibətlərində də görürük. Soçidə və Astanada əldə edilmiş razılaşmalara baxmayaraq, Rusiya Bəşər Əsəd rejimini müdafiə etməkdə davam edir. Keçid dövrü müəyyən olunmalı, seçkilər keçirilməli, konstitusiya qəbul edilməli idi. Ancaq Rusiya bunların heç birinə əməl etmədi. O, hələ də Bəşər Əsədə dəstək olmaqda davam edir. Nəticə etibarilə Türkiyənin strateji maraqlarına toxunur. Onlar öz aralarında razılaşıblar ki, hər şeyi xalqın ixtiyarına buraxaq. Bəşər Əsəd siyasi fiqur kimi seçkilərdə iştirak etsin, xalq səs versə, seçilər, verməsə də, başqası seçilər. Rusiya bunu etmədi. Bəşər Əsəd dirsəyə qədər qana batmış bir diktatordur. Ən aşağısı 10-20 min arası öz vətəndaşını öldürtdürüb. Belə bir insanın hakimiyyətdə qorunub, saxlanılması qəbuledilməzdir”.

Bundan sonra proseslər hansı istiqamətdə inkişaf edəcək?

Qabil Hüseynli gizli danışıqların getdiyini və sonrakı proseslərin fərqli məcrada inkişaf edəcəyini qeyd edib:

“Zənnimcə, yeni bir situasiya formalaşmaqdadır. Türkiyə NATO-ya müraciət edir, NATO Türkiyəni müdafiə edən bəyanat səsləndirir, Amerika Türkiyə ilə gizli danışıqlar aparır. Bu danışıqların nəticəsi tam müəyyən olunmasa da, bəzi vektorları görmək mümkündür. Elə bir vəziyyət formalaşıb ki, Türkiyə Rusiyanın qeyri-səmimiliyini görüb, tamamilə qərbdən və NATO-dan yapışa bilər. Amerika NATO və Türkiyənin köməyi ilə Rusiyanı Suriyadan vurub, çıxara bilər. Suriyada hakimiyyət dəyişikliyi baş verə bilər. Normal bir rejim hakimiyyətə gəlib, Suriyanın bərpası ilə məşğul ola bilər. Yoxsa Rusiya orda olduğu müddətcə, Suriyada xarabalıqdan başqa bir şey olmayacaq”.

ABŞ və İranın bu bölgədə maraqları nədir?

O, xüsusilə, İranın bu bölgə ilə bağlı ciddi hədəfləri olduğunu vurğulayıb:

“Rusiyanın orada iki hərbi bazası var. Hərbi Dəniz Qüvvələri bazası və Hərbi Hava Qüvvələri. İran isə çox böyük hədəfləri nəzərə almaqdadır. İran İraq və Suriya ərazisindən keçərək, Aralıq dənizinə çıxmaq istəyir və beləliklə də, Yaxın Şərqin ən təsirli hakimlərindən birinə çevrilmək niyyətindədir. Hər iki dövlət Suriyanın suverenliyi yox, öz maraqları uğrunda mübarizə aparır. Türkiyə öz sərhədləri boyunca təhlükəsiz, demokratik Suriyanın qurulmasını istəyir. Türkiyənin İdlibdə torpaq iddiası yoxdur. ABŞ-a gəldikdə isə o, yaxın şərqin həmişə ağası olub. ABŞ-ın burada neft və geostrateji maraqları ola bilər. Yaxın Şərqi təsiri altında saxlamaq kimi niyyətinin olması mümkündür. Yəni, imperiya maraqları da menyuda yer ala bilər. Amma ABŞ-ın istəyi həm də bu bölgədə əvvəllər başladılmış “Ərəb Baharı” deyilən prosesləri Suriyada həyata keçirməkdən ibarətdir. ABŞ Suriyanı təhlükəsiz, yaxın qonşuluq münasibətləri şəraitində yaşayan dövlət kimi görmək istəyir. Amma öz siyasi sisteminə uyğun olaraq onunla dost olan, onu təhdid etməyən dövlət kimi formalaşması da onun maraqları sırasındadır”.(publika.az)

Son xəbərlər
Bütün xəbərlər »