Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Seçki Komissiyasında növbəti qanun pozuntusu - Videolar
10 saylı Binəqədi üçüncü seçki dairəsindən deputatlığa namizəd Qorxmaz İbrahimlinin bəyanatı

Qorxmaz İbrahimli Qorxmaz İbrahimli

10 saylı Binəqədi üçüncü Dairə Seçki Komissiyasında daha bir qanun pozuntusu baş verib. Öncədən anons verdiyimiz kimi, 15 fevral saat 16:00-da, 10 saylı Binəqədi üçüncü DSK-da mənim şikayətim üzrə iclas keçirildi. Və iclas qanun pozuntuları ilə başladı.

Belə ki, 12.02.2020-ci il tarixində DSK-ya etdiyimiz şikayət əsasında araşdırma aparılmalıydı və həmin araşdırma prosesi deputatlığa namizəd kimi mənim, səlahiyyətli nümayəndələrimin və vəkillərimin iştirakı ilə baş tutmalıydı. İclasda məlum oldu ki, şikayətin araşdırılması prosesində iştirak etmək istədiyimizi bildirsək də, bu 3 gün ərzində mənə və nümayəndələrimizə heç bir məlumat verilmədən “araşdırma” aparılıb.

Eyni zamanda, aydın oldu ki, iclas şikayətin araşdırılması ilə bağlı deyil, şikayətin araşdırılması müddətinin əlavə olaraq daha 3 gün uzadılması ilə bağlı imiş. Lakin əlavə araşdırmanın hansı zərurətdən irəli gəlməsini ekspert qrupunun üzvü kimi təqdim edilən İradə Salmanova adlı xanım əsaslandıra bilmədi.

Bundan əlavə, gedişat zamanı ortaya çıxdı ki, DSK-nın nəzdindəki 3 nəfərdən ibarət ekspert qrupundan 2 nəfəri iclasda iştirak etmir. Onların kimliyi və iclasda iştirak etməmələrinin səbələrini israrla tələb etsək də, heç bir məlumat verilmədi. Əksinə, qeyd olundu ki, həmin 2 nəfər iclasda iştirak etməkdən imtina edib.

Həmçinin, şikayətin araşdırılması üzrə zəruri sənədlərin surətlərini və məlumatları istəsək də, heç bir məlumat və sənəd təqdim edilmədi.

İclasda məlum oldu ki, şikayətin araşdırılması qanuni aparılmır və şikayətdə göstərilənlərin qanunsuz üsullarla təkzib edilməsi və “dəlillər” toplanması üçün 10 saylı DSK-ya əlavə vaxt lazımdır (?!).

Qeyd edək ki, bütün iclas və qərar qəbul edilməsi prosesi bir nəfərin – DSK sədri İsgəndər Əliyevin diqtəsi ilə həyata keçirildi, digər komissiya üzvlərinin iclasda iştirakı sırf formal xarakter daşıyırdı.

Xüsusi qeyd etmək lazımdır ki, iclas ərzində DSK sədrinin özü və onun göstərişi ilə bir neçə komissiya üzvü tərəfindən təxribata cəhdlər baş verdi. Əsas diqqəti qanunsuzluqlardan yayındırmaq üçün prosesi şouya çevirməyə çalışdılar. Üstəlik, nümayəndələrimə qarşı öyrədilmiş adamlar tərəfindən təzyiqlər, hədələr oldu.

Mən iclas zamanı DSK sədri İsgəndər Əliyevə bir daha çağırış etdim ki, qanunsuzluqlardan çəkinsin, ali siyasi rəhbərliyin saxtakarlıqlara əl atanların ən ciddi şəkildə cəzalandırılacaqları barədə xəbərdarlığını gözardı etməsin, həmçinin DSK üzvlərini də cinayət əməlinə şərik etməsin.

Buradan MnSK sədrləri və üzvlərinə də təkrar çağırış edirəm ki, İsgəndər Əliyevin qanunsuz əməllərinə ortaq olmaqdan çəkinsinlər.

Unutmasınlar ki, seçki saxtakarlığına əl atanları qanunvericilikdə ciddi cəzalar, o cümlədən azadlıqdan məhrumetmə cəzası gözləyir.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »