Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İlham Əliyev girovları azad etdirməyə çalışır

Politoloq Nəzakət Məmmədova: “Prezidentin bu məsələyə xüsusi diqqəti nəticə verə bilər”

Azərbaycan Prezidenti Münhen Təhlükəsizlik Konfransında iştirakı çərçivəsində Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti ilə də görüşüb. Görüşdə  Ermənistan tərəfindən girovluqda saxlanılan azərbaycanı mülki şəxslər Dilqəm Əsgərovun və Şahbaz Quliyevin azad olunmasını müzakirə edib, bu istiqamətdə səylərin artırılmasının vacibliyini vurğulayıb. Ölkə Prezidenti humanitar əsaslarla "hamının hamıya" prinsipi ilə bütün əsir və girovların dəyişdirilməsini də bir daha gündəmə gətirib. Məlumdur ki, “hamının hamıya” prinsipi ilə əsir və girovların dəyişdirilməsi təklifi Azərbaycandan qaynaqlanır; bu, münaqişənin nəticələrinin aradan qaldırılması yönündə ilk və mühüm addımlardan biri ola bilər. Ancaq Ermənistan bu təklifə adekvat yanaşma göstərməyib. O cümlədən, Ermənistan tərəfi əslində Rusiya vətəndaşı olan Dilqəm Əsgərovu , eləcə də, Şahbaz Quliyevi əsassız olaraq ittiham edib və onlara qarşı qeyri-insani davranış göstərməkdə davam edir. Prezident İlham Əliyev isə bütün uyğun platformalada və görüş formatlarında bu məsələni qaldırır və həllinə nail olmağa çalışır.

Nəzakət Məmmədova Nəzakət Məmmədova

Prezidentin bu görüşünü və müzakirə olunan məsələni beynəlxalq münasibətlər və təhlüksızilik məsələləri üzrə tanınmış mütəxəssis, politoloq  Nəzakət Məmmədova bizimyol.info xəbər portalına  şərh edib: “Əlbəttə ki, Prezidentin məsələni şəxsən diqqətdə saxlaması ciddi nəticələrə gətirib çıxara bilər. Qırmızı Xaç cəmiyyəti dünyada bu məsələ ilə məşğul olan ən nüfuzlu beynəlxalq təşkilatdır. Dünyanın bir çox ölkələrində silahlı münaqişələrdə əsir və itkin düşmüş, girov götürülmüş şəxslər məhz bu təşkilatın yardımı ilə dəyişdirilib, doğmalarına qovuşub. O cümlədən, Qarabağ müharibəsi və ondan sonrakı dövrdə. Bildiyiniz kimi, bizim özümüzün də Əsir və itkin düşmüş, girov götürülmüş şəxslərlə iş üzrə dövlət komissiyası var, amma onların fəaliyyəti qənaətbəxş deyil. Hər halda, Ermənistanda əsirlikdə olan 4 mindən çox insanın taleyinin indiyədək qaranlıq qalması bunu deməyə əsas verir. Dilqəm və Şahbaz məsələsi isə hər kəsin gözü qarşısında baş verdi, heç ermənilər başqa əsir və girovlardan fərqli olaraq onların Qarabağda saxlanıldığını inkar da etmirlər, hətta saxta məhkəmə də keçirərək, onları qanunsuz olaraq həbs cəzasına məhkum ediblər. Gördüyümüz kimi, bu hadisə ölkəmizdə böyük rezonans doğurub. Prezident də bir neçə dəfə onların azad olunması məsələsini həm ölkəmizdə səfərdə olan xarici qonaqların diqqətinə çatdırıb, eyni zamanda özü yüksək tədbirlərdə bunu gündəmə çıxarıb. Ancaq Ermənistan tərəfi gördüyümüz kimi buna imkan vermək istəmir. Əgər Qırmızı Xaç və digər təşkilatlar, o cümlədən ATƏT Ermənistana təzyiq göstərə bilsələr, onları azad etmək mümkün olacaq. Ermənistan müstəqil qərar verən dövlət deyil ki, kimi azad edib, kimi girovluqda saxlamaq onun özündən asılı olsun. Əgər, doğurdan da, ona təzyiq olacaqsa, Dilqəm və Şahbaz azad oluna bilərlər”.

Ekspert hesab edir ki, bu məsələdə Ermənistana daha çox Rusiya təsir edə bilər: “Burada Rusiyanın dəstəyini xüsusi qeyd etmək lazımdır, həm Ermənistana təsir imkanları olan dövlət olaraq, həm Minsk qrupunun həmsədri kimi, eyni zamanda Dilqəm Əsgərovun Rusiya vətəndaşı olması nəzərə alınaraq”.

Nəzakət Məmmədovanın fikrincə, seçkilərdən sonra Azərbaycanda ictimai-siyasi vəziyyət gərginləşib. Dilqəm Əsgərovun və Şahbaz Quliyevin girovluqdan azad edilməsi “əhalinin prezidentə inamını artıracaq”. Politoloq deyib: “Prezident seçkiləri öncəsi Ramil Səfərovun Azərbaycana ekstradisiyası da  Prezident İlham Əliyevə  rəğbəti artırmışdı”.

Gülnarə ƏMİRQIZI

Son xəbərlər
Bütün xəbərlər »