Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İlham Əliyevin Münhendə Paşinyanla görüşü olacaq

Almaniyanın Münhen şəhərində ənənəvi illik beynəlxalq təhlükəsizlik konfransı işə başlayıb.

Bizimyol.info xəbər verir ki, konfransın işində ABŞ dövlət katibi Maykl Pompeo, Fransa Prezidenti Emmanuel Makron, Kanadanın baş naziri Castin Tryudo, Avstriya kansleri, İran və Rusiya xarici işlər nazirləri, NATO-nun baş katibi, habelə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla yanaşı bir sıra dövlət rəsmiləri, ekspertlər iştirak edirlər.

Konfrans çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına həsr edilmiş görüş olacaq. Görüş Bakı vaxtı ilə saat 20.30-da başlayacaq və onu ABŞ-Rusiya Fondunun prezidenti Selesta Uollander aparacaq.

Bu görüşlə bağlı Bizimyol.infoya fikirlərini bölüşən politoloq İlyas Hüseynov bildirib ki,  Prezident İlham Əliyevlə  Nikol Paşinyan arasında sonuncu təmas ötən ilin mayında Brüsseldə baş tutub.

İlyas Hüseynov İlyas Hüseynov

İ.Hüseynov qeyd edib ki, danışıqlar əsasən hər iki ölkənin xarici işlər nazirləri arasında davam etdirilir: "Elmar Məmmədyarovla Zöhrab Mnatsakanyan arasında sonuncu görüş bir neçə gün öncə İsveçrənin Cenevrə şəhərində keçirilib. Bu görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov, Stefan Viskonti, Endrü Şofer və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik də iştirak ediblər.

Ötən il martın 29-da Vyanada Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə etmək üçün  Prezident İlham Əliyevlə  Nikol Paşinyan arasında keçirilən görüşdə bir sıra aktual mövzulara toxunulub. Ermənistanın rəhbərliyinin heç bir məntiqə sığmayan və məsuliyyətsiz bəyanatlarına Azərbaycan Prezidenti həm "Valday" Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında, həm də Aşqabadda keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında qətiyyətlə cavab verib.

Aprel döyüşlərinin məntiqi davamı kimi informasiya savaşında da Ermənistan məğlubiyyətə uğrayıb. 2019-cu ilin noyabr ayında Qarabağ münaqişəsi tərəflərinin “vəziyyəti bir az yumşaltmaq və etimad atmosferinin yaradılmasını dəstəkləmək üçün” jurnalistlərin qarşılıqlı səfərləri barədə əldə olunan razılıq icra olunması məqsədilə müfaviq addımlar atılıb və qarşılıqlı səfərlər təşkil olunub.

Münhendə keçirilən görüşdə əsasən humanitar missiyanın davam etdirilməsi və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi kontekstində humanitar əsaslarda “hamının hamıya” prinsipi ilə bütün əsir və girovların dəyişdirilməsinin detalları müzakirə olunacaq. Prezident İlham Əliyev fevralın 14-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Beynəlxalq Qırmızı Xaç Komitəsinin Prezidenti Peter Maurer ilə görüşündə  Ermənistan tərəfindən girovluqda saxlanılan azərbaycanlı mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunmasının, bu istiqamətdə səylərin artırılmasının vacibliyini qeyd edib. Ümid edirik ki, bu danışıqlar zamanı 2014-cü il iyulun 11-də Kəlbəcər rayonunda öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülən və qanunsuz “məhkəmə”nin qərarı ilə müvafiq olaraq ömürlük və azadlıqdan məhrum edilmə cəzasına məhkum olunan həmyerlilərimizin Azərbaycana qaytarılması ilə bağlı tərəflər arasında razılıq əldə olunacaq”.

Son xəbərlər
Bütün xəbərlər »