Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Keçmiş nazir müavininin oğlu: “Bu cür addımlar dövlətə qarşı təxribatdı”

Parlament seçkilərində namizəd kimi iştirak edib, narazı qalanlardan biri də 1993-cü ildən 2001-ci ildə Daxili İşlər nazirinin birinci müavini, 2001-2005-ci illərdə isə nazirin müavini olmuş Zahid Dünyamalıyevin oğlu Vəli Dünyamalıyevdir.

V.Dünyamalıyev “Bizimyol.info”ya açıqlamasında iddia edib ki, namizəd olduğu 40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsində seçki saxtalaşdırılıb.

V.Dünyamalıyevin sözlərinə görə, bu dairədəki 30 məntəqədən yalnız 6-dan səsvermənin nəticələri barədə protokolları ala biliblər: “Bəzi məntəqələr var ki, səsvermənin nəticələri barədə komissiya üzvlərinin şifahi şəkildə elan etdiyi rəqəmləri lentə almışıq. İndi həmin o deyilən rəqəmlərlə rəsmi nəticələrdə göstərilən rəqəmlər üst-üstə düşmür”.

Seçkidə yol verilmiş qanun pozuntularıyla əlaqədar fevralın 12-də Mərkəzi Seçki Komissiyasına (MSK) şikayət etdiyini vurğulayan V.Dünyamalıyev həmin videoları da şikayətə əlavə etdiklərini deyir. Onun sözlərinə görə, seçki günü sözügedən dairənin məntəqələrində qutulara topa-topa bülletenlər atılıb, onun və başqa namizədlərin müşahidəçiləri polis vasitəsilə qovulub, məntəqə komissiyasının sədri bülletenləri də götürüb gedib: “Məntəqələrin bir çoxunda bülletenləri qutulardan torbalara doldurub, kabinetə apardılar. Sonra da polislərin müşayiəti ilə həmin torbaları maşına qoyub məntəqədən apardılar. Bunların hamısının da videosübutu var”.

V.Dünyamalıyev əlavə edib ki, məntəqələrdə, əsasən, müəllimlərdən ibarət xeyli müşahidəçi vardı. Onlar heç bir namizədi təmsil etməsələr də, pozuntu hallarını qeydə alan digər müşahidəçilərə mane olmağa çalışırlarmış: “Bizdə həmin müşahidəçilərin qutuya topa bülleten alması barədə də videogörüntülər var”.

Sabiq nazir müavininin oğlu MSK-nın şikayətinə verəcəyi cavabı gözləyir: “Bu addımlar dövlətə qarşı təxribat kimi qiymətləndirilməlidir. Bunu edənlərin sərt şəkildə cəzalandırılacağına ümid edirəm”.

40 saylı Kəpəz İkinci Seçki Dairəsindən Musa Quliyev qalib elan olunub. 2000-ci ildən deputat olan 59 yaşlı M.Quliyev həm də Musa Urud (doğulduğu kəndin adı-red.) kimi tanınır. Qalib elan olunduğu Kəpəz rayonunun icra başçısı Eldəniz Xudiyev onun qohumudur. İcra başçısı M.Quliyevin bacısı Gülsüm Fətəliyevanın kürəkənidir.

Son xəbərlər
Bütün xəbərlər »