Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Seçkilərin ümümi nəticələrinin təsdiq olunmaması üçün kifayət qədər əsaslar var”

Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli hüquqşünaslara müraciət etdi

Aydınlar Partiyası sədrinin birinci müavini Qorxmaz İbrahimlinin namizəd olduğu 10 saylı Binəqədi üçüncü seçki dairəsində səsvermə zamanı qeydə alınan aşağıdakı tipik qanun pozuntuları digər seçki dairələrində də olduğu kimi və ya bir qədər fərqli formada təkrarlanıb:

- səsvermə otağı elə təşkil olunub ki, müşahidəçilər və məşvərətçi səs hüquqlu komissiya üzvləri seçki bülletenlerin verildiyi yeri, səsvermə kabinələrini,səsvermə qutularını sərbəst şəkildə görmək imkanına malik olmayıblar. Səsvermə otağında yerləşdirilən daşınmaz seçki qutularının yarıqları çoxlu sayda bülletenlərin salınmasına imkan verən formada hazrlanıb;

- məntəqə seçki komissiyasının sədri və üzvləri hakimiyyət namizədinin maraqlarını təmsil etməyən məşvərətçi səs hüquqlu komissiya üzvlərinin və müşahidəçilərin normal fəaliyyətinə maneçiliklər törədiblər. Bəzi seçki məntəqələrində məşvərətçi səs hüquqlu komissiya üzvləri və müşahidəçilər şərlənərək zorla, o cümlədən polisin köməyi ilə səsvermə otağından çıxarılıb.Hakimiyyət namizədinin maraqlarını təmsil etmək məqsədilə həm onun adından və həm də Milli Məclisdə təmsil olunan bəzi partiyaların adlarından məşvərətçi səs hüquqlu komissiya üzvləri və müşahidəçilər təyin olunib ki, bunların da çoxu təmsil etdikləri namizədin və ya partiyanın adını bilməyiblər;

- seçki dairəsinin ərazisində yerləşən hərbi hissələrdə yaradılan seçki məntəqələri barədə məlumatlar dərc olunmayıb və namizədlərin əksəriyyətinə məlumat verilməyib. Həmin hərbi hissələrdə namizədlərlə görüş təşkil edilməyib, səsvermənin gedişinin müşahidə olunmasına şərait yaradılmayıb, səslərin mütləq əksəriyyətinin hakimiyyət namizədinə, bəzi hallarda isə həm də YAP-ın formal namizədinə verilməsi qeydə alınıb;

- qabaqcadan hazırlanmış xüsusi şəxslər qrup şəklində (bəzən tək-tək) növbə ilə seçki məntəqələrini gəzərək səs veriblər (“seçki karuseli”). O cümlədən ümumi məntəqələrdə səs verən hərbi qulluqçular, hərbi qulluqçu formasında olan digər şəxslər də seçki karuselinə çəlb olunub;

- səsvermənin gedişində və səsvermə başa çatdıqdan sonra xüsusi hazırlanmış şəxslər, seçki komissiyalarının üzvləri tərəfindən qabaqcadan hakimiyyət namizədinin xeyrinə doldurulmuş seçki bülletenləri qutulara topa şəkildə salınıb;

- daimi seçici siyahılarına daxil edilməyən, başqa seçki dairələrinin ərazisində yaşayan şəxslərə guya həmin məntəqənin ərazisində yaşadığını təsdiq edən arayışla seçki bülleteni verilib

- seçki bülleteninin sol küncü seçiciyə verilərkən deyil, qabaqcadan kəsilib;

-səsvermə qurtardıqdan sonra istifadə edilməmiş seçki bülletenləri sayılaraq ləğv olunmadan və seçki bülleteni almış seçicilərin imzaları sayılmadan seçki qutuları açılıb; qutular açılıb səslər sayılmadan protokolda qabaqcadan müəyyən edilmiş rəqəmlər yazılıb;

- yekun protokollar tərtib olunaraq surətləri səlahiyyətli nümayəndələr, vəkil edilmiş şəxslər, məşvərətçi səs hüquqlu komissiya üzvləri və müşahidəçilərə verilməyib.

Sadalanan və qeydə alınmış digər qanun pozuntuları konkret seçki dairəsi üzrə seçicilərin iradəsini müəyyənləşdirməyə imkan vermədiyindən bir dairə üzrə seçkilərin etibarsız sayılması üçün əsasdır. Hesab edirəm ki, Mərkəzi Seçki Komissiyası təkcə 4 dairə üzrə deyil, bu pozuntuların baş verdiyi bütün seçki dairələri üzrə seçkiləri etibarsız saymaq haqqında qərar qəbul etməlidir. Göstərilən pozuntular Konstitusiya Məhkəməsi tərəfindən seçkilərin ümümi nəticələrinin təsdiq olunmaması üçün kifayət qədər əsaslar yaradır.

Hörmətli həmkarlarımdan bu məsələyə münasibət bildirmələrini xahiş edirəm.

Son xəbərlər
Bütün xəbərlər »