Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Jurnalistlərə olan təzyiqlərə görə Mətbuat Şurası və Avropa Şurası tənqid olundu - Video

Bu gün Bakı Mətbuat Klubu “2020-ci ilin parlament seçkiləri və media”, “Jurnalist hüquqları və vəzifələri” mövzusunda dəyirmi masa keçirib.

Bizimyol.info xəbər verir ki, dəyirmi masada medianın seçkiləri işıqlandırmasına dair monitorinqin nəticələri və jurnalist hüquqlarının müdafiəsi məsələləri müzakirə edilib. Tədbirdə bildirilib ki, seçkilər bütün mərhələlərdə, o cümlədən namizədlərin qeydiyyatı, seçki kampaniyası və səsvermə informasiya blokadası şəraitində keçirilib.

Hələ yanvarın 29-da ATƏT DTİHB müşahidə missiyası aralıq hesabatda KİV-in seçkilərə çıxışına məhdudiyyətin qoyulduğunu qeyd etmişdi.

Media hüququ üzrə ekspert Ələsgər Məmmədli Demokratik Təşəbbüslər İnstitutunun (DTİ) seçki kampaniyasının ilk mərhələsində media monitorinqinə dair hesabatı açıqlayıb. O bildirib ki, araşdırma obyektləri "Azərbaycan Televiziya və Radio verilişləri" Qapalı Səhmdar Cəmiyyəti (AzTV), İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) və “Real” TV kanalları, AzərTAC Dövlət İnformasiya Agentliyi (www.azertag.az), rəsmi “Azərbaycan” qəzeti, “Report”, “Turan” agentlikləri, “Meydan” TV İnternet-nəşr, “Azadlıq” qəzeti olub.

“Telekanallarda monitorinq 37 gün ərzində gündə 4 saat olmaqla “prime-taym”ı (saat 19.00-dan 23.00-a qədər) əhatə edib. Məlumatların hakimiyyətin xeyrinə mütləq üstünlük təşkil etməsi, tənqidi materialların və müxalifət haqqında müsbət məlumatların olmaması müəyyən edilib. Həmçinin obyektivlik, qərəzsizlik, plüralizm kimi universal prinsiplərə əməl olunmaması aşkar edilib. Monitorinq müəyyən edib ki, telekanallar demokratik cəmiyyətdə yayımçıların həyata keçirdikləri funksiyalardan uzaqdır”,-deyə Ə.Məmmədli bildirib.

O, etik prinsiplərə riayət edənlər arasında “Turan” İnformasiya Agentiyinin və “Meydan” TV-nin adları çəkib.

“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev bildirib ki, ənənəvi media (televiziya, radio, çap nəşri, onlayn media) seçkilərin işıqlandırılması prosesinin sonunda qaldılar və onların gedişinə təsir edə bilmədilər: “İki səbəb vardı: birincisi, ənənəvi informasiya məkanının 90 faizdən çoxuna nəzarət edən hakimiyyət cəmiyyətin seçkilərə diqqətini azaltmaq və saxtalaşdırma prosesini asanlaşdırmaq, hökumətyönlü parlamentin formalaşmasına nail olmaq üçün seçkilərin bütün mərhələlərdə işıqlandırılmasını minimuma endirmək siyasəti yürüdür.

İkincisi, bu qərar bumeranq kimi qayıtdı: neytrallaşdırılmış KİV hakimiyyətə lazım olan “demokratik və ədalətli seçkilər” mənzərəsini yarada bilmədi”.

Mehman Əliyev qeyd edib ki, MSK-nın informasiya mərkəzi seçkilərin gedişi və nəticələri barədə ictimaiyyətə dezinformasiya ötürüb və bu, nəzarət altındakı KİV-lər tərəfindən yayılıb. Mətbuat Şurasının üç mərhələli adlandırdığı monitorinq isə heç bir şey haqda deyildi və sosial şəbəkələr sayəsində geniş ictimaiyyətə kütləvi şəkildə məlum olan pozuntuları aşkar etmədi.

M.Əliyev qeyd edib ki, indiki seçkilərin fərqli cəhəti əsasən səsvermə günü mühüm rol oynayan sosial şəbəkələrdə vəziyyətə nəzarətdir: “Onların sayəsində seçki sisteminin bütün qüsurları aşkarlandı - lobbiçilik, saxtalaşdırma, müşahidəçilərə və jurnalistlərə qarşı zorakılıq. Sosial şəbəkələrin sayəsində bəzi dairələrdə nəticələr ləğv edildi”

M.Əliyev bildirib ki, İctimai Televiziyadan əlavə, seçkilərlə bağlı xüsusi televiziyasının da yaradılmasına ehtiyac var: “Ümumiyyətlə, seçki və parlament fəaliyyəti ilə bağlı ayrıca televiziya yaradılmalıdır. Həmin televiziya seçkilər dövründə yalnız namizədlərin təşviqatı ilə məşğul olmalı və müzakirələr təşkil etməlidir. Bunun üçün xüsusi telekanalın yaradılmasına ehtiyac var".

Mehman Əliyev Azərbaycan Mətbuat Şurasının fəaliyyətini də sərt tənqid edib: "Dövlət və beynəlxalq təşkilatlar, o cümlədən Avropa Şurası Mətbuat Şurasına bu qədər vəsait ayırır. Ancaq bu qədər vəsaitin müqabilində Mətbuat Şurası səmərəli fəaliyyət ortaya qoya bilmir. Axı bu qədər vəsaiti Mətbuat Şurasına niyə ayırırlar?".

Mətbuat

Həmin tədbirdə iştirak edən Avropa Şurasının Bakıdakı ofisinin layihə rəhbəri Pərvanə Bayramova Mehman Əliyevin bu təşkilat haqqında tənqidi fikirlərinə yerindən cavab verib.

Pərvanə Bayramov Avropa Şurasının Mətbuat Şurasına vəsait ayırmasını da inkar edib: "Avropa Şurası Mətbuat Şurasına heç bir maliyyə vəsaiti ayırmır. Bu barədə səslənən fikirlər doğru deyil".

Daha sonra Mehman Əliyev Avropa Şurasının Bakıdakı ofisinin nümayəndəsinə Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli ilə bağlı iradını bildirib: "Müşfiq Ələsgərli Mətbuat Şurasının sədr müavinidir. Axı siz bu adama niyə pul ayırırsınız? Bu cür adamların Avropa Şurasının Azərbaycanda həyata keçirdiyi layihələrə cəlb edilməsi səhv addımdır. Siz Avropa Şurası olaraq dolayı yolla Mətbuat Şurası İdarə Heyətinin üzvləri ilə işləyirsiniz, onlara mənasız vəsaitlər ayırırsınız. Əslində isə bu vəsaitlər Azərbaycanda azad media üçün ayrılması nəzərdə tutulub".

Media Hüququ İnstitutunun nümayəndəsi Xalid Ağəliyev qeyd edib ki, etiraz edən namizədlərin MSK-nın binası qarşısında keçirdiyi aksiyanın polis tərəfindən dağıdılması zamanı 17 jurnalist və bloger xəsarət alıb ki, bu da seçki zamanı jurnalistlərin hüquqlarının pozulmasının kulminasiya nöqtəsi olub.

Mehman Əliyev gələcəkdə seçkilərlə bağlı informasiya problemini dəyişdirə biləcək bir sıra tövsiyələri səsləndirib:

1. Seçkiqabağı təşviqat kampaniyası 60 günə qədər uzadılsın;

2.MSK yanında seçki dövründə yayımlanacaq və pulsuz əsaslarla namizədlərin çıxışlarını təqdim edəcək, diskussiyalar və s. keçirəcək xüsusi TV yaradılsın;

3.Namizədlərin təşviqat aparması və seçkilərə nəzarət etməsi üçün sosial şəbəkələrdən istifadəyə yardım göstərilsin;

4. MSK-nın informasiya şəbəkəsində manipulyasiyalar istisna edilsin.

Bakı Mətbuat Klubunun rəhbəri Arif Əliyev “dəyirmi masa”nın nəticələri ilə bağlı müraciəti oxuyub. Müraciətdə deyilir: “Növbədənkənar parlament seçkilərinin KİV-də işıqlandırılmasının monitorinqi ölkə jurnalistikasında böhranın olduğunu göstərdi.

KİV-lər məlumatlandırma, əhalini maarifləndirmə, debatlar üçün şərait yaratmaq və siyasi kampaniya plüralizmi kimi vacib vəzifələrin öhdəsindən gələ bilmədilər. Televiziya qəsdən bu vəzifələri yerinə yetirməkdən imtina etdi”.

Seçki prosesi zamanı jurnalistlər öz peşə fəaliyyətlərini həyata keçirərkən fiziki zorakılığa məruz qalıblar. MSK-nın qarşısında piketin dağıdılması zamanı bir neçə nəfər ciddi yaralanıb ki, bu da ciddi nəticələrə səbəb olub.

Hakimiyyət faktı araşdırmaq əvəzinə jurnalistləri gözdən salmaq qərarına gəlib. Sənəddə deyilir ki, ölkədə onların hüquqlarını müdafiə edə biləcək bir jurnalist təşkilatı olmadı.

Müraciətdə qeyd olunur ki, “KİV-in rolunun artırılması üçün müvafiq addımlar atılmalı, jurnalistlərin hazırlanması, KİV-in müstəqilliyinin bərpası və jurnalistlərin hüquqlarının qorunması üçün mühüm işlər görülməlidir”.

BMK jurnalist birliyinə və ali hakimiyyət orqanlarına bu istiqamətdə səyləri birləşdirməyi və KİV-in problemlərinin aradan qaldırılması üzrə effektiv tədbirlər görmək üçün dialoqa başlamağı təklif edir.

Bakı Mətbuat Klubu 1998-ci ildə yaradıldı, lakin hakimiyyətin mediaya təzyiqləri nəticəsində 2005-ci ildə fəaliyyətini dayandırdı. Fəaliyyət həmtəsisçilərin (Yeni Nesil Jurnalist Birliyil, Aina-Zerkalo qəzeti, Turan İnformasiya Agentliyi) qərarı ilə 2019-cu ilin yayında bərpa edildi.

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »