Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sevgililər günü- Xanıma gül yox, gül kələmi almışam, yaxşı çığırtması olur

Bu il sevgililər gününü Milli Məclisə seçkilər bir az arxa plana saldı.

Heç kim sosial medialarda Valentin kişiyə söymədi, onu zinabaz adlandırmadı. Şəhərdə Sevgililər gününə sevənlərdən də çox gülsatanalar hazırlaşır. Gözlərini bu günə dikiblər, bir də martın 8-nə. İşə gələrkən 28 May metrosunun qarşısında səhər tezdən gül satanların əl-ayağa düşdüyünü görürəm. Rəngarəng güllər o qədər xoşuma gəldi ki, almasam da şəkillərini çəkmək istədim. Kənarda oturmuş əlləri soyuqdan və kirdən çat-çat olmuş, 6- 7 yaşlarındakı qarabala oğlan şən –şən üzümə baxır. “Məni də çək” deyir. Üstü başı kirli paslı olsa da Allah onu çox gözəl və şirin yaradıb. Özündən, gözəlliyindən xəbəri yoxdur, bu sevgi meyvəsinin. “Gəl səni də çəkim, sən güllərdən gözəlsən” deyirəm. Dərhal qaçıb güllər düzülmüş vitrinin arxasında gizləndi. Özü görünmədi, səsi gəldi. “Çəkmə, çəkmə pis görünürəm”.

Onlardan bir qədər aralıda hər zaman eyni yerdə oturub yalandan ağlayaraq, zırlayaraq pul dilənən qoca qadın yerini tutub. Qarşısında da bir vedrə nərgiz çiçəkləri. Qoşa gələn cütlükləri görən kimi əlini uzadır, “ay cavan, sən Allah gül al, sən bu qızın canı” deyir. Amma ağlayaraq.

Bir dəstə nərgiz alarkən ürəyimdən keçənləri də demiş oldum dilənçiyə- Gülü ağlayaraq satmazlar, alan nə xeyir görəcək ondan. Barı bu gün rola girmə.

Ətrafımda tanıdığım xanımlardan bu gün münasibəti ilə ərini təbrik edib- etmədiyimi soruşmuşam. Hamısı eyni cavabı verir. “Bıy bəyəm biz təbrik etməliyik? O gül almalıdı. Amma almır”.

Görünür evlənəndən sonra sevgililər günü deyiləndə yalnız kişinin hədiyyə alması başa düşülür. Maddi imkanlar da xəyallarımızın, sevgilərimizin qanadına qıfıl vurur. “Ərim mənə o boyda pul verib gül alacağına bazarlıq eləsin evə. Uşaq gül yeyəcək?”.

Sevgililər günü ilə bağlı sual verdiyim və ailəsinin qayğısını çox çəkdiyinə inandığm bir bəy isə zarafatla belə cavab verdi.”Evlənəndən sonra evə gül yox, keşniş alıram, ən yaxşı gül isə gül kələmdir. Üstünə yumurta vuranda çığırtması əla olur”.

Həyat dəyişir, insan da dəyişir, eləcə də sevgi dəyişir. Başlayanda bir cür olur, kamilləşəndə fərqli görünür, qocalanda isə.. Yox sevgi qocalmır, o doğulur, kamilləşir və nazı çəkilməyəndə ölür. Onu kimlərsə bir-birinə “səni sevirəm” şəklində deyir, kimlərsə “isti geyin, xəstələnmə”, kimlərsə “yemək yedinmi?”, kimlərsə sadəsə susaraq, gözləri ilə ifadə edir. Əsas odur ki, sevgi ürəkdə yer tapsın, o ürəyin buzunu sındırıb, insana insan olduğunu, xislətini xatırlatsın.Sevgiylə ruhlanan insan qəlbi hansı qəhrəmanlıqları etməz ki. Təki sevgi doğulsun, ölməsin. 14 fevral da onun günü olsun.

Bu bənövşə məhəbbətin

Dərdləri çox, yolu çətin

Tanrı, çoxdur mərhəmətin

Əsirgəmə az eləmə.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »