Xəbər verdiyimiz kimi Mərkəzi Seçki Komissiyasının dünən keçirilən iclasında 4 dairənin nəticələri ləğv olunub. Bundan başqa, iclasda bir sıra dairələrdən daxil olmuş müraciətlərə baxılması üçün aidiyyatı üzrə Dairə Seçki Komissiyalarına geri göndərilib.
Bizimyol.info xəbər verir ki, adı çəkilən dairələr arasında 91 saylı Ucar seçki dairəsi, 72 saylı Yardımlı-Masallı, 92 saylı Zərdab-Ucar dairəsinin də adı var.
91 saylı Ucar seçki dairəsindən qalib elan edilmiş Ramil Həsən Bizimyol.info-nun sorğusuna cavab olaraq bildirib ki, bu barədə fikir söyləmək çətindir.
“Təbliğatımızı yüksək səviyyədə qurduğumuz halda heç bir fikir söyləyə bilmərik, MSK və DSK öz yekun fikrini bildirəcək, seçki dövründə ayrılmış zaman çərçivəsində təbliğat-təşviqatımızı çalışmışıq ki, qanuna uygun formada həyata keçirək, seçicilərimiz ilə görüşək, onların fikir, təklif və problemlırini qeydə alaq. Milli Məclisdə bu məsələrin həllində Ucar sakinləri ilə birlikdə var gücümüzlə fəaliyyət göstərməyi qarşıya ən əsas məqsəd qoymuşuq. Bizim işimiz xalqa xidmət etmək, onların hər zaman yanında olmaqdır”,- deyə o qeyd edib.
72 saylı Yardımlı-Masallı dairəsindən namizədliyini vermiş 4, 5- ci çağırışlarda Milli Məclisin deputatı olmuş Musa Qasımlı Bizimyol.info-ya bununla bağlı MSK-nın saytında məlumat əldə etmək lazımdır, yayılmış qalan məlumatları jurnalist savadsızlığı hesab edir.
92 saylı Zərdab-Ucar dairəsindən qalib seçilmiş keçmiş deputat Jalə Əliyevanın isə bu gün sosial şəbəkələrdə qeyri –adi videosu yayılıb. Belə ki, o qonaqlıq edərək başqalarına qarşı kobudluq etmiş müşahidəçilərinə təşəkkür edib. “Başqalarının başına papka, sumka vuraraq haqqımı qoruyan komandama təşəkkür edirəm”,- deyə o bildirib.
Bu videogörüntüyə cavab olaraq həmin dairədən namizədliyini irəli sürmüş jurnalist Jalə Mütəllimova-Seyidli Bizimyol.info-ya bunları deyib:
“Mən səliqəli, dövlətimin, prezidentimin, millətimin adına layiq kampaniya aparmışam. Xanım opponentimin çevrəsindən, o cümlədən yerli icra orqanları tərəfindən təhqirə, təqibə, böhtana məruz qalmışam. Amma yenə də bacardığım qədər sakit və səliqəli bir kampaniya aparmışam. Mən çox sevdiyim, dəyərli bildiyim, ziyalı saydığım birini, mənəvi olaraq bu seçkidə itirdim. Bu gün MSK bizim dairəni müzakirə etməlidir. Başqa sözüm yoxdur”.
Jalə Əliyeva ilə əlaqə saxlamaq cəhdimiz boşa çıxdı.
İlhamə Rəsulova