Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda yol polisi idarəsi sürücünün şərəf və ləyaqətinə görə kompensasiya ödəyəcək

Bakı şəhər Dövlət Yol Polis İdarəsi vəkil Bəhruz Bayramova 1000 manat təzminat ödəməlidir.

Səbəb isə vəkilin sərxoş halda maşın sürdüyünə görə saxlanması haqda məlumatı, sərxoşluq müayinəsindən keçirildiyi görüntüləri saytlarda, telekanallarda yaymasıdır.

Bizimyol.info xəbər verir ki, fevralın 12-də Bakı Apellyasiya Məhkəməsində bu barədə qərar çıxarılıb. Məhkəmə belə nəticəyə gəlib ki, Yol Polisi İdarəsi bu məlumatları yaymaqla vəkilin şərəf və ləyaqətinə, işgüzar nüfuzuna zərbə vurub. Vəkil B.Bayramov Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinə qarşı 300 min manat təzminat, üzr və təkzib tələbilə iddia qaldırıb. Vəkil bu idarənin onun ləyaqətinə, işgüzar nüfuzuna zərbə vurduğunu, ona həm maddi, həm də mənəvi zərər dəydiyini bildirir.

Bəhruz Bayramov Bəhruz Bayramov

Saytlarda, telekanallarda onun haqqında “Tanınmış vəkil sərxoş tutuldu” başlığı ilə yazılar və videolay yayılıb. Həmin videoları Yol Polisi İdarəsi çəkib və Daxili İşlər Nazirliyi də mediaya yayıb. Yayılan materiallarda iddia olunurdu ki, B.Bayramov avtomobili sərxoş vəziyyətdə idarə edib. Vəkilin sərxoşluq müayinəsinə gətirilməsi, orada müayinədən keçirilməsi barədə görüntülər də telekanallarda nümayiş etdirilmişdi. Daxili İşlər Nazirliyinin yaydığı məlumatda iddia olunurdu ki, yol polisi reyd zamanı B.Bayramovun idarə etdiyi avtomobilə “saxla” əmri verib, çünki həmin vaxt o, qaydanı pozub: “Müayinə zamanı sürücünün sərxoş vəziyyətdə avtomobil idarə etdiyi məlum olub. Sürücü İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin tələblərini pozduğuna görə onun barəsində protokol tərtib edilib, avtomobil isə hərəkətdən kənarlaşdırılaraq mühafizə olunan müvəqqəti duracağa yerləşdirilib”.

B.Bayramov isə "Bizimyol.info"ya bildirib ki, yol polisinin tərtib etdiyi inzibati xəta protokolu əsasında ona cəza təyin edilməsi üçün məhkəməyə müraciət olunsa da, məhkəmə yol polisinin müraciətini üç dəfə geri qaytarıb. Vəkilin sözlərinə görə, səbəb də sübut çatışmazlığı olub. Sonda Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi özlərinin başladığı inzibati xəta işinə xitam verib. Xitam qərarı vəkilə də təqdim olunub.

B.Bayramov iddia ərizəsində həmin gün baş verənləri təsvir edərək göstərib ki, ailə üzvlərindən birinin ad gününü restoranda qeyd edəndə spirtli içki qəbul etdiyinə görə “Ayıq sürücü” xidmətindən istifadə edib. Oradan sürücü çağırıb ki, onun maşınını idarə etsin. Onları evinə qədər də həmin sürücü aparıb. Sürücü onları düşürüb gedəndən sonra evinin yaxınlığında yol polisləri yaxınlaşaraq, kobudluqla ondan sənədləri alıblar. Avtomobili sərxoş halda idarə etdiyini söyləyərək, onu zorla müayinə məntəqəsinə aparıblar. “Məni zorakılıqla öz avtomobillərinə əyləşdirib apardılar. Yolda zəng vurub çəkiliş kameralarının gəlməsini istədilər. Mənə də dedilər ki, çəkib telekanallarda bıabır eləyəcəyik səni”, - deyə vəkil iddia ərizəsində yazıb. Vəkil bildirir ki, ona böhtan atılmasının ən əsas sübutu “Ayıq sürücü” xidmətinin arayışıdır. Arayışda 20 oktyabr 2018-ci ildə B.Bayramovun bu xidmətdən istifadə etdiyi göstərilib. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Vaqif Əsədov isə mətbuata bu məsələni şərh edərkən bildirib ki, vəkil B.Bayramov yol polisinin fəaliyyətinə kölgə salmaq məqsədilə müxtəlif üsullara əl atır.

Paylaş »
››› "Paşinyan türkdür" - Ohannisyan
››› Azərbaycanda ər arvadını oteldə boğaraq öldürüb
››› Baydenin ilk səfər edəcəyi ölkə açıqlandı
››› Yanvarın 18-nə olan hava proqnozu
››› ABŞ-da koronavirusa qarşı peyvəndlərdən sonra ölənlərin sayı açıqlanıb
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Türkiyədə Qaradəniz sahillərində Rusiya gəmisi batıb
Son xəbərlər
Bütün xəbərlər »