61 saylı Neftçala seçki dairəsindən deputatlığa namizəd, təhsil məsələləri üzrə ekspert Kamran Əsədov müəllimləri seçki prosesinin saxtalaşdırılmasında iştirak etdiyini deyib.
Bizimyol.info xəbər verir ki, deputatlığa namizədin sözlərinə görə, müəllimlər seçkilərin nəticəsinə təsir göstərib.

“Seçki prosesinin saxtakarlaşdırılmasında iştirak etməyən müəllim həmkarlarım deyir ki, bu iyrənc hərəkəti bütün müəllimlərlə şamil etməyin. Yanlışdır. Bilirsiz niyə? Bəli, ölkədə orta məktəblərdə 150 minə yaxın, ali təhsil müəssisələrində, kollec və peşə təhsili müəssisələrində 25 minə yaxın müəllim çalışır. Düzdür onların heç də hamısı seçki saxtakarlığında, karuseldə, topa bülleten atılmasında iştirak etməyib. Çox az faizi əxlaqsız hərəkətin iştirakçısı olub. Amma o az faizin iyrənc hərəkəti bütün seçki nəticəsinə təsir göstərib. Yəni bir dairədə 50 müəllim məntəqə-məntəqə, qutu-qutu gəzib bunu edərək bütün seçkilərin nəticələrinə təsir göstərib. Ona görə də bütün seçimin nəticəsinə təsir göstərən az saylı müəllim bütün müəllim həmkarımızı nüfuzdan saldı ki, insanlar da haqlı olaraq onlara layiq olduğu münasibəti göstərir. Siz insanların ümidlərini, arzularını oğurlayın, sonra da tərif gözləyin? Allah zülm edənə də, zülmə baş əyənə də lənət eləsin”.