Elə həftə olmur ki, Türkmənistanda yeni qadağa tətbiq edilməsin. İndi də Aşqabaddan məktəblilərə aid xəbər gəlir.
Bizimyol.info xəbər verir ki, Türkmənistanın paytaxtı Aşqabadda yuxarı siniflərdə oxuyanlara axşam küçəyə çıxmaq qadağan olunub. Təlimatda dəqiq vaxt da yazılıb. Yuxarı sinif şagirdləri saat 22.00-dan sonra küçədə görünməməlidir.
Fevralın 6-da Aşqabadın bütün məktəblərində sinif rəhbərləri iclas keçirib. Valideynlər qadağa ilə bağlı məlumatlandırılıb. Bildirilib ki, ölkə rəhbərliyi 8-11-ci sinif şagirdlərinin axşamlar küçəyə çıxmasını istəmir.
Sinif rəhbərləri valideynlərə qadağanın səbəbini izah etməyib. Görünür, ölkə rəhbərliyi sosial böhrana görə hər hansı etiraz ehtimalından çəkinir.
Dünən məktəblilərə başqa qadağa da tətbiq olunub. Onlara məktəbə mobil telefon aparmaq da icazə verilmir.