Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Deputatlığa namizədlər etiraz aksiyası keçirdilər - Video

Qeydə alınmış deputatlığa namizədlər Milli Məclisə keçirilən növbədənkənar palament seçkilərinin nəticəsinə etiraz ediblər.

Bizimyol.info xəbər verir ki, Qeydə alınmış deputatlığa namizədlər Zəlimxan Məmmədli, Nüşabə Sadıxlı, Əhəd Məmmədli və Ruslan İzzətli 33 saylı Xətai birinci seçki dairəsinin Dairə Seçki Komissiyasının qarşısında toplaşaraq dairənin nəticələrinin ləğv edilməsini tələb ediblər.

Deputatlığa namizədlər “Biz saxta seçkilərə etiraz edirik” və “Özbaşınalığa son qoyulsun” şuarlarını səsləndiriblər. Hadisə yerinə gələn polislər namizədlərin yolu kəsdiklərini, onların asayişi pozduqlarını iddia edib. Aksiya zamanı deputatlığa namizədlər Əhəd Məmmədli və Ruslan İzzətli polis tərəfindən saxlanılıb.

Z.Məmmədli və N.Sadıxlı seçkidə pozuntuların baş verdiyini iddia edərək, bununla bağlı bəyanat verəcəklərini vurğulayıblar.

“Azərbaycan dövlətçiliyi üçün qəsdlər var. Saxtakarlıqlar var. Arxadan islahat xəttini vuran böyük qüvvə var”,-deyə Z.Məmmədli bildirib.

Bir müddətdən sonra saxanılan deputatlığa namizədlər buraxılıblar.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyası (MSK) fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərin ilkin nəticələrini açıqlayıb. Açıqlanan məlumata əsasən 47.1 faiz səslə 33 saylı Xətai birinci seçki dairəsində Hüseynbala Mirələmov qalib elan olunub.

Son xəbərlər
Bütün xəbərlər »