Çində ötən ilin dekabrında peyda olan və sürətlə dünyaya yayılan ölümcül koronavirusdan indiyə qədər ölənlərin sayı 900 nəfəri ötüb. Virusa yoluxanların ümumi sayı 40 min 171 nəfərdir ki, bunlardan 6 min 484 nəfərin vəziyyəti ağırdır. İnsanlar arasında ciddi təşviş yaradan yeni virusla bağlı qlobal miqyasda fövqəladə vəziyyət elan olunub və virusdan qorunma üsulları açıqlanıb.
Lakin qorunma üsulları ilə bağlı sosial şəbəkələr üzərindən müxtəlif şayiələr, o cümlədən, votsapda müxtəlif səs yazıları yayılır. Ötən həftə Azərbaycanda votsap qruplarında yayılan səs yazısında virusdan qorunmaq üçün spirtli içki qəbul etməyin vacibliyi qeyd olunurdu. Mənşəyi məlum olmayan səs əhalini virusdan qorunmaq üçün mütəmadi olaraq spirtli içki qəbul etməyə çağırırdı.
Artıq Rusiyanın Səhiyyə Nazirliyi bu məlumatın yanlış olduğunu bildirən açıqlama ilə çıxış edib. “Alkoqol koronavirus və ya soyuqdəymə əleyhinə vasitə kimi istifadə edilməməlidir, çünki bu, ürəyi əlavə olaraq yükləyə və "pis sonluq”la nəticələnə bilər”. Bu barədə Rusiya Səhiyyə Nazirliyinin baş narkoloqu Yevgeni Bryun bildirib.
Onun sözlərinə görə, soyuqdəymə zamanı alkoqolun bədənə müsbət təsiri barədə deyilənlər mifdir. Narkoloq izah edir ki, soyuqdəymə, qrip və ya koronavirus zamanı alkoqoldan istifadə etmə ürək çatışmazlığına səbəb ola bilər. Həmçinin, eyni səbəbdən soyuqdəymə zamanı duş qəbul etmək də məqbul sayılmır.
Xatırladaq ki, ölümcül təsirə malik koronavirusdan qorunmaq üçün insanlara qidalanma və həyat tərzlərinə də diqqət etmək, immunitetlərini gücləndirmək tövsiyə olunur. Həmçinin tibbi maska taxmaq və hər iki-üç saatdan bir dəyişdirmək, əlləri tez-tez yuyub dezinfeksiya etmək, burnu duz məhlulu ilə vaxtaşırı yumaq məsləhət görüldür.(virtualaz.org)