Dünən Ankaranın Çubuk Kargın rayonunda qar üzərində bir qızın cəsədini görən vətəndaşlar polisə xəbər veriblər.
Bizimyol.info cnnturk-ə istinadən xəbər verir ki, hadisə yerinə gedən polis qrupu, silahla vurulan şəxsin 16 yaşlı lisey şagirdi Şeyma Yıldız olduğunu müəyyən edib. Yıldızın cəsədi müayinə üçün məhkəmə tibbi ekspertizasına göndərilib.
Polis cinayətlə əlaqədar araşdırmaya başlayıb.
Axtarıldığını bilən Şeymanın atası Harun Yıldız polis idarəsinə gələrək təslim olub. Cani ata H.Yıldız qızını öldürdüyünü etiraf edib. Cinayətdə istifadə etdiyi, özünə məxsus olan silahını da polisə təhvil verib.
Səyyar bal satıcısı olan H.Yıldız ifadəsində: “İnternetdə oğlanlarla şəkillərini gördükdən sonra onunla danışmaq istədim. Sevgilisi olduğunu biləndə mübahisə etməyə başladıq. Oğlanlarla gəzməməsi barədə xəbərdarlıq etdim. Mübahisəmiz böyüdü və mən əsəblərimə hakim ola bilmədim. Onu elə avtomobildə silahla vurdum. Öldüyünü görəndə qorxdum və onu yolun kənarına atıb getdim. Sonra qızımın cəsədinin tapıldığını öyrəndim. Polisin hadisə ilə bağlı məni çağırdığını biləndə təslim olmağa gəldim”.
Bildirildi ki, Harun Yıldız qızı Şeymanı məktrəbdən çıxarkən qarşılayıb və "gəl səninlə maşında bir az şəhəri gəzək, həm də söhbət edərik", - deyərək avtomobilinə mindirib. Şeymanın atasına çox bağlı olub. Onun sosial şəbəkədə atası ilə çəkilən şəkillərinin altına "Qəhrəmanım" yazaraq paylaşdığı qeyd edilib.