Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qorxmaz İbrahimli Prezidentə müraciət etdi

10 saylı Binəqədi üçüncü seçki dairəsindən Milli Məclis üzvlüyünə namizəd Qorxmaz İbrahimli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edib. Müraciətdə bildirilir ki, dövlət başçısının başlatdığı islahatlar cəmiyyətdə ədalətli seçki sisteminə inam yaratmaqla yanaşı, dairədə yerli məmurlar və DSK tərəfindən qanunsuzluqlara əl atılır, inzibati resurslar bir namizədin xeyrinə yönəldilir.

Qorxmaz İbrahimli ölkə rəhbərindən dairə üzrə seçkiləri şəxsi nəzarətinə götürməsini və şəffaf seçkilərə kölgə salmaq cəhdlərinin qarşısını almasını xahiş edir.

Müraciətdə deyilir:

Hörmətli cənab Prezident!

Ötən ilin sonlarında Siz bəyan etdiniz ki, idarəetmə sistemində köklü islahatlara ehtiyac var. Bir sıra struktur və kadr dəyişiklikləri, parlamentə növbədənkənar seçkilərin təyin edilməsi məni də bu çağırışlara cavab verməyə həvəsləndirdi. Müxalifət partiyalarından birinin rəhbərliyində təmsil olunmağıma baxmayaraq bu proselərdə fəal iştiraka qərar verdım və hesab etdim ki, bu gün doğrudan da idarəetmədə müasir düşüncəli insanlara ehtiyac var. Siz parlamentin yeniləşmələr kursuna uyğunlaşmasının da zərurətini bəyan etmisiniz və əslində növbədənkənar seçkilərin əsas məqsədi də budur. Mən parlamentin yeniləşməsinin ölkənin ictimai-siyasi həyatına verəcəyi faydanı nəzərə alaraq və Sizin bəyanatlarınıza inanaraq, üçüncü dəfə parlament seçkilərində iştirak üçün sənədlərimi təqdim etdim. Mən inandım və bu gün də inanıram ki, bu seçkidə Sizin də dediyiniz kimi, əvvəlki nöqsanlar – inzibati resurslar, məmur müdaxilələri, “karusellər”, hansı namizədə nə qədər səs yazılmasının qabaqcadan müəyyən olunması, saxta protokolların tərtib edilməsi və s. olmayacaq.

Ancaq namizəd olduğum 10 saylı Binəqədi üçüncü seçki dairəsində baş verən bəzi hadisələr - yerli icra hakimiyyəti, digər dövlət və bələdiyyə qurumlarının, seçki komissiyalarının bəzi vəzifəli şəxslərinin seçkiqabağı təşviqata qanunsuz müdaxilələri, rayonun inzibati resurslarını namizədlərdən birinin xeyrinə yönəltmələri məni və seçiciləri narahat edir, ədalətli və şəffaf seçkilər keçiriləcəyinə inamı sarsıdır.

Seçiçilərlə keçirdiyim çoxsaylı görüşlərdə başladılan islahatların, o cümlədən Milli Məclisin müasir çağırışlara uyğun yeni tərkibinin formalaşdırılması siyasətinin dəstəklənməsinə, seçkilərə itmiş etimadın bərpasına çalışdıq və buna müəyyən qədər nail olduğumuza inanırıq. Lakin köhnə metodlarla işləməkdə davam edən, islahatlara qarşı olan bəzi vəzifəli şəxslərin hərəkətləri bu etimadı sarsıdır, növbədənkənar parlament seçkilərinin keçirilməsinin mahiyyətini heçə endirir.

Belə ki, həmin vəzifəli şəxslər 10 saylı Binəqədi üçüncü seçki dairəsinin “daimi” deputatı Madər Musayevin xeyrinə təşviqat aparır, onun artıq qabaqcadan “seçildiyini”, fevralın 9-da bu “seçimin” rəsmiləşdiriləcəyini məntəqə seçki komissiyalarının üzvlərinə və seçicilərə təlqin etməyə çalışırlar. Seçki günü səsvermənin nəticələrini onun xeyrinə saxtalaşdırmağa hazırlıq görür, kimin necə səs verməsindən asılı olmayaraq sonda Madər Musayev deputat olacaq kimi fikirlər bildirirlər.

Bu işdə dairə seçki komissiyasının sədri İsgəndər Əliyev xüsusi canfəşanlıq göstərir. İ. Əliyev dövlət və bələdiyyə qurumlarının rəhbərlərini, məntəqə seçki komissiyasının sədrlərini, seçki dairəsinin ərazisində yerləşən hərbi hissələrin rəhbərlərini çağıraraq onlara seçkilərin nəticələrini M. Musayevin xeyrinə saxtalaşdırmaq barədə tapşırıq aldığını və bu tapşırığa onların da əməl etməli olduqlarını bildirir, hətta qabaqcadan səsvermənin nəticələrinə dair saxta protokolları qabaqcadan hazırlatdrır.

Hörmətli cənab Prezident!

Mən istəmirəm ki, hansısa məmurların özbaşınalığı Sizin başlatdığınız islahatlara mənim, digər namizədlərin və 50 minə qədər seçicinin inamını sarsıtsın. Buna görə də Sizdən xahiş edirəm ki, bu dairədəki seçki proseslərini şəxsi nəzarətə götürüb dövləti təmsil edən bəzi vəzifəli şəxslərin seçki prosesinə qanunsuz müdaxilələrinin, payonun inzibati resurslarının bir namizədin xeyrinə yönəldilməsinin qarşısının alınması və seçki kampaniyasının qanunauyğun gedişinin bərpa olunması üçün müvafiq göstərişlər verəsiniz.

Hörmətlə, 10 saylı Binəqədi 3-cü seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin deputatlığına qeydə alınmış namizəd Qorxmaz Əbülfəz oğlu İbrahimli

Son xəbərlər
Bütün xəbərlər »