Türkiyə hər zaman Azərbaycanın haqqını qoruyur. Bu, bizim qardaşlıq borcumuzdur.
Bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin Xarici İşlər nazirlərinin Bakıda keçirilən növbədənkənar iclasından sonra jurnalistlərə açıqlamasında deyib.
Nazir əlavə edib ki, qardaş Azərbaycanın haqqını hər zaman müdafiə edəcək, Azərbaycan Prezidentindən medal almaq onun üçün şərəfdir:
"Azərbaycan Türkiyənin olmadığı yerdə onun maraqlarını qoruyub, Türkiyə də Azərbaycanın. Biz hər zaman bir-birimizin hüquqlarını qoruyacağıq”.
Qeyd edək ki, fevralın 6-da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin Xarici İşlər nazirlərinin növbədənkənar iclası keçirilir.
Tədbirdə bir sıra məsələlər, o cümlədən təşkilata üzv olmayan ölkələrlə əməkdaşlıq müzakirə olunub.
2019-cu ilin oktyabrın 13-14-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) ölkələrinin xarici işlər nazirlərinin iclası keçirilib.
Oktyabrın 15-16-da isə Türk Şurasının 7-ci sammiti baş tutub. Sammitdə Özbəkistan quruma üzv qəbul olunub.
Xatırladaq ki, türk ölkələrini birləşdirən beynəlxalq təşkilat - Türk Şurası 2009-cu ilin oktyabrın 3-də Naxçıvanda yaradılıb. 25 avqust 2012-ci ildə Bişkekdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin daxil olduğu Türkdilli Ölkələrin Əməkdaşlığı Birliyinin (Türk Birliyinin) bayrağı qəbul edilib. (Trend.az)