Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qafqazdakı neofaşizm və Avropa
“Etnik uyğunsuzluq” ideologiyası və Avropa Şurasının unudulmuş missiyası

Siyasətdən və Ermənistan-Azərbaycan münaqişəsindən az-çox xəbəri olanlar Robert Köçəryanı tanıyır. O, Azərbaycanın Qarabağ bölgəsində etnik separatçılığı qızışdıran şəxslərdən biri olub. Bu dalğada karyera qurub, əvvəl Dağlıq Qarabağda separatçı rejim qurulmasında iştirak edib. Hətta Ermənistanın tanımadığı separatçı rejimin başında durub. Sonra da müəmmalı bir şəkildə Ermənistanın baş naziri, daha sonra Prezidenti olub.

Bu posta gəlmək üçün güc yolu ilə o zamankı Prezident Levon Ter-petrosyanın devrilməsində iştirak edib (onu baş nazir təyin edən adama bu cür “təşəkkür” bildirib). Köçəryanın Prezidentliyi 30 mart 1998-ci ildən 9 aprel 2008-ci ilədək davam dib. Yəqin ki, 9 aprel oxuculara qanlı bir tarix olaraq tanışdır; Sovet ordusunun 1989-cu il aprelin 9-da Tiflisdə rejimdən narazı gürcülərə qarşı törətdiyi qətliamı xatırlanır. Köçəryan isə 19 il sonra – 9 apreldə öz xalqına qarşı belə bir əməl törədib (bu, tarixin yaddaşındadır). 2008-ci ilin martında Köçəryanın əmri ilə nümayişçilərə qarşı silah işlədilib və 10 nəfər ölüb. Məqsəd öz adamını – Serj Sarkisyanı Prezident postuna oturtmaq olub. Bu gün Köçəryan həmin əməllərinə görə həbsdədir (hərçənd ki, bu, indiki baş nazir Paşinyanın öz hakimiyyətini möhkəmləndirmək məqsədindən doğur). Yəni Köçəryan vəzifədən gedərək əslində hakimiyyətdə qalmaq üçün 10 ermənini öldürüb. Hə, deyəcəksiniz ki, öz xalqına bunu edən görün, başqa xalqa qarşı nələr edər! Bəli. Həm də edər yox, edib. Və bütün özünə sivil deyən dünyanın gözləri önündə. Bax, o özünə sivil deyənlərin də başında gələnlərdən biri də Avropa Şurasıdır.

Robert Koçaryan

Həmin Köçəryan, 2001-ci ildə Avropa Şurası Parlament Assambleyasına (AŞPA) dəvət olunur (sivil Avropa əli dirsəyinə qədər qana batmış Köçəryanın pişvazına çıxır) Köçəryan orada – AŞPA kimi dünyaya insan hüquqlarından, demokratiyadan “dərs keçən” qurumun kürsüsündən çıxışı zamanı “azərbaycanlıların və ermənilərin etnik cəhətdən bir-biri ilə uyğun gəlməməsi (ethnic incompatibility)” barədə irqçi fikir səsləndirir. AŞPA da onu dinləyir və qarşılığında heç nə demir. Əslində isə AŞPA özünə, özünün təbliğ etdiyi dəyərlərə hörmət etsəydi, 21-ci əsrdə prezidentinin “ethnic incompatibility” ifadəsini işlətdiyi bir ölkəyə adekvat reaksiya verərdi. Onu nəinki dinləyib, alqışlayıb hörmət-izzətlə yola salmaq, əksinə onun özünə və ölkəsinə qarşı sanksiyalar tətbiqi ilə bağlı prosedurlara başlamaq yolunu seçərdi. Köçəryan orada “etnik uyğunsuzluq” ifadəsi işlətməklə bütün Avropaya, onun qurumlarına, ilk növbədə AŞPA-ya böyük hörmətsizlik etdi, meydan oxudu. Onlar nə etdilər?! Heç nə! Susdular. Eşitməzliyə vurdular. Bizdə el dilində buna başqa cür də deyilir.

Köçəryanın bu çıxışı nə birinci, nə də sonuncu idi. Bu ifadə daha əvvəl Köçəryanın da fəal iştirakı ilə Qarabağda azərbaycanlılara qarşı törədilmiş soyqırım, etnik təmizləmə, işğal, ilhaq, işgəncə və sair kimi antibəşər cinayətlərin ideolojisi (bəraətləndirilm cəhdi) idi. Buna adekvat münasibət görməyən erməni nümayəndələr - AŞPA-dakı Ermənistan nümayəndə heyətinin üzvləri zaman-zaman Azərbaycana qarşı nifrət dolu çıxışlar edir, ölkəmizi tamamilə qəbulolunmaz formada ittiham edirlər. Məsələn, AŞPA-nın 2020-ci ilin yanvarında keçirilmiş qış sessiyasında Ermənistan nümayəndə heyətinin üzvü Azərbaycanı faşizm ilə əlaqələndirib. Təəssüf ki, bu kimi hallarda AŞPA rəhbərliyi tərəfindən məsələyə adekvat reaksiya verilmir. AŞPA kimin tərəfindədir? Faşistlərlə əməkdaşlıq etmiş Qaregin Njdeni dövlət səviyyəsində qəhrəmanlaşdıran Ermənistanın, yoxsa mədəniyyətlərarası və dinlərarası dialoqu özünün xarici siyasətinin əsas prioritetlərindən birinə çevirmiş Azərbaycanın?!

Yox, AŞPA heç kimin tərəfində olmasın. Özünə ədalətli, müstəqil, bəşəri humanist siyasi dəyərlərin keşikçisi deyirsə, tərəf tutmasın; öz təbliğ etdiyi dəyərlərə sadiq qalsın. Bu, Azərbaycan üçün yetərlidir. Köçəryan, daha sonra Sarkisyan, başqa erməni siyasiləri “etnik uyğunsuzluq” psevdoideolijisini bayraq tutaraq törətdikləri cinayətlərə haqq qazandırmağa çalışdılar. Tarixi “uyğunluğa” – anologiyaya müraciət etsək, nə görərik: Adolf Hitler də “etnik uyğunsuzluq” tipli “ideologiya” üzərindən 1933-cü ilin yanvarında hakimiyyətə gəldi. Kansler oldu. Onunla müttəfiq olan Prezident Gindenburqu devirdi və Prezident postunu da ələ keçirdi – özünü Fürer elan etdi (eynən Köçəryanın Ter-Petrosyanı devirdiyi kimi). Və öz erməni xalqını qanına qəltan edərək hakimiyyəti ötürdüyü Serj Sarkisyan (ki, o da “etnik uyğunsuzluq” səfsəfəsinin daşıyısılarından və liderlərindəndir) həmin Hitlerin general etdiyi faşist cəlladı Qaregin Njdeyə İrəvanın mərkəzində heykəl qoydu, gəlib açılışını etdi və qarşısında baş əydi. Və indiki baş nazir Nikol Paşinyan da eyni görüşləri bölüşdü; Aşqabaddakı məlum sammitdə Azərbaycan Prezidenti İlham Əliyevin Qaregin Njde ilə bağlı məşhur çıxışından sonra üzr istəmək və (və ya) gedib o heykəli sökmək əvəzinə sərsəm cavablar verməsi, sonra da Rusiya jurnalistlərinə: “Molotov da Ribbentropla görüşürdü” deyə ən yaxşı halda orta məktəbin 7-ci sinif şagirdi səviyyəsində “izahatı” hər şeyi göz önünə sərir. Bəli, Köçəryan, Sarkisyan, Paşinyan, Qaregin Njde və... Gördünüz də faşist kimmiş! Bəs, AŞPA buna nə deyir görəsən?! Strasburqda mənzillənmiş bu qurum heç olmasa hansı şəhərdə və nə məqsədlə qərarlaşdığının sualını özünə veribmi?! Veribsə, nə kimi cavab ala bilib? Bəlkə də özünə bu sualları verməyi də unudub. Çünki Avropanı darmadağın etmiş iki dünya müharibəsini də unudub. Hələ üstəlik öz missiyasını da. Buna da bir ad qoymaq istəsək, yəqin ki, “siyasi-hüquqi –mənəvi uyğunsuzluq” deyərik.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »