Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xudat sakinləri xəstəxananın bağlanmasına etiraz edir - Video

Bu gün Xaçmaz rayonun Xudat şəhərində tibb işçiləri xəstəxananın bağlanmasına etiraz edib.

Bizimyol.info xəbər verir ki, etirazçılar xəstəxananın bağlanması nəticəsində işsiz və tibb xidmətsiz qalmaqlarına etiraz ediblər.

“Əmr gəlib ki xəstəxananın stasionar xidməti bağlanır. Hamilə gəlinimi apardım, qəbul etmədilər. Xəstəxanasız əhali qırılacaq”,-deyə etirazçılardan biri bildirib.

Tibbi bacısı bildirib ki Xudat xəstəxanasının 220 nəfər işçisi var: “Onlardan 100 nəfərinin işlə təmin olunacağı bildirilir. 110 nəfər işçinin taleyi ilə bağlı heç nə demirlər”.

Xudat xəstəxanasının baş həkimi Qədir Hüseynov deyib ki, Xudat xəstəxanası uzun müddətdir pis vəziyyətdədir: “Xəstəxanamız dövlət nəzarətindən uzaqda qalıb. Dövlət Sığorta Agentliyindən bizə göstəriş verilib ki, xəstəxanamız stasionar xidmət göstərməsin, ancaq ambulator xidmət göstərilsin”.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib ki, Xudat Şəhər Xəstəxanasının fəaliyyətinin dayandırılması və bu tibb müəssisəsində çalışanların işdən azad olunması ilə bağlı bəzi sosial şəbəkə hesablarında əsassız məlumatlar yayılıb: “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bununla əlaqədar bildirir ki, Agentliyin nümayəndələri tərəfindən Xudat Şəhər Xəstəxanasının yerləşdiyi binaya baxış zamanı xəstəxananın vəziyyətinin əhaliyə xidmət baxımından qənaətbəxş olmadığı müəyyən edilmiş və mövcud çatışmazlıqların aradan qaldırılması istiqamətində tədbirlərin görülməsi barədə qərar qəbul olunub. Bir daha qeyd edirik ki, ölkədə icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar tibb müəssisələrində ixtisarların aparılması nəzərdə tutulmamışdır. Əksinə icbari tibbi sığortanın tətbiqi çərçivəsində tibb müəssisələrində xidmət keyfiyyətinin yüksəldilməsi, eləcə də tibb işçilərinin əməkhaqlarına əlavələrin hesablanması qaydası təsdiqlənib”.

Bizimyol.info 

Son xəbərlər
Bütün xəbərlər »