Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərə 3 gün qaldı. Bu günlərdə müzakirə olunan mövzuların başında seçkilərin şəffaflıq, demokratik keçirilməsi məsələsidir.
Hüquqşünas Ələsgər Məmmədli Bizimyol.info-ya açıqlamasında Məntəqə Seçki Komissiyası üzvləri olan şəxsləri saxtakarlığa yol verməməyə çağırıb.

“Məntəqə Seçki Komissiyası üzvü olan sadə müəllimlər, tibb işçiləri və digər şəxslər, sizin seçkidə başqasının əvəzindən səs verilməsinə şərait yaratmanız 2 ilədək azadlığınızı itirməklə nəticələnəcək. Siz bu hərəkətə görə 24 ay azadlığınızı itirəcəksiniz. Amma sizin şərait yaratdığınız "saxta deputat" sizin həbsdə olduğunuz 24 ayda sadə deputat kimi 124 min 704 maaş birbaşa, 62 min 352 manat da əlavələr şəklində toplam 187 min manat büdcə vəsaitini alacaq. Əlavə üstünlükləri saymıram”,- deyə Ə.Məmmədli bildirib.
Hüquqşünas vurğulayıb ki, azadlığını buna görə itirməyə dəyməz: “Saxtakarlığa şərait yaratmayın. Sadəcə qanunların əmretdiyini tətbiq edin. Qanunsuz göstərişlər edənləri rədd etməyi bacarın. Onlar sizinlə bərabər bu məsuliyyətə ortaq deyillər. Bunu unutmayın.
Cinayət Məcəlləsinin 159-1.3-cü maddəsinə əsasən seçkilərdə (referendumda) başqalarının əvəzinə səs verilməsinə şərait yaratmağa görə, üç min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.
Ramid İbrahimov