“Barselona”nı Lionel Messisiz təsəvvür etmək olmur. Argentinalı futbolçu Kataloniya klubunun rəmzinə çevrilib. Amma klub rəhbərliyinin onunla da problemi yaranıb.
Bizimyol.info xəbər verir ki, Messi “Instagram”da “Barselona”nın keçmiş futbolçusu, indiki idman direktoru Erik Abidalla mübahisə edib. Klub nümayəndəsinin əvvəlki baş məşqçi Ernesto Valverdenin taleyi haqqında dedikləri Leonun xoşuna gəlməyib.

Abidalın fikrincə, futbolçular Valverdenin dövründə meydanda tam qüvvələrini qoymurdular. Hücumçu ondan konkret adlar çəkməyi tələb edib:
“Hər kəs öz vəzifələri ilə bağlı məsuliyyət daşımalıdır. İdman departamentinin adamları hər şeydən əvvəl klubun idarə olunmasına cavab verməlidir”.
“Barselona” Valverde ilə yollarını yanvarın 14-də ayırmışdı. Müqavilə qarşılıqlı razılaşma əsasında pozulmuşdu. Valverdeni baş məşqçi postunda Kike Setyen əvəz edib.

“Barselona” keçmiş baş məşqçi ilə iki dəfə İspaniya çempionu olub. Amma Çempionlar Liqasında ardıcıl iki il uğursuzluq qeydə alınıb.