Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Seçki qutusundan əvvəl "eşqə düşən" deputatlığa namizədlər

Milli Məclisə seçki kampaniyası başlayandan deputatlığa namizədlər sosial şəbəkələr, telekanallar və xəbər saytları üzərindən öz reklamlarına başladılar. Əslinə baxarsan, doğru olanı da budur. Xalq kimi seçib, kimi seçməli olmadığını bilməli, tanımalıdır. Bu dəfəki seçkilər yəqin ki, başqalrından namizədlərin say çoxluğu ilə fərqlənir.

Yalan olmasın, hər beş adamdan biri namizəddir. Bir yandan düşünürsən ki, nə yaxşı MSK namizədlərin seçki kampaniyasına vəsait ayırmır. Yoxsa seçkilərə 11 milyonluq namizəd ordusu olaraq qatılacaqdıq. Özünü reklam etdirmək istəyən namizədlərdən bizim redaksiyamıza da üz tutanlar az deyil. Əlbəttə layiqli insanları görəndə sevinirik. Amma əksəriyyət olaraq namizəd deyib elə insan deputat olmaq arzusuna düşür ki, onun seçiləcəyindən koronovirusa yoluxmaqdan daha çox qorxursan. Allah bu keçmiş qoca deputatların ölənlərinə rəhmət eləsin. O qədər idman etməkdən, idman edə-edə cavanlaşmaqdan yazdılar ki, gələn namizədlərin bir çoxu intellekti, zəkası ilə deyil, şişirdilmiş əzələləri ilə fərqlənəcəyini düşünür, hətta namizəd kimi sosial şəbəkələrdə əzələ nümayiş etdirən şəkillərlə çıxış edirlər. Elə bil Mazandaran pəhləvanı yarışına qatılacaqmış.

Bir zamanlar media nümayəndəsi olmuş və bu gün namizədliyini irəli sürmüş daha bir şəxs isə tanıdığı tanınmış simalara qır-saqqız olaraq mənim görüşlərimə gəlin, görüşlərimdə iştirak edin deyib zəhlə tökür. Elə bu iki “müstəkbəl deputat”dan danışacam. Özləri barədə reklam verdirmək üçün əlaqə saxladılar, məsələnin sonu eşq elanı ilə bitdi. Gələcək deputatlar indiki müxbirə elanı eşq edir. Tutsa qatıq tutmasa ayran misalı. Yəqin düşünürlər ki, vəzifəm olan kimi ətrafımda nazlı katibələrim, çoxlu məşuqələrim olacaq, bir dənə də cib müxbirim olsun.

Cin olmamış adam çarpır.

Milli Məclis xalqın güvənərək özünü, sözünü tapşırdığı müqəddəs məkandır, bir növ namusdur, bu binamusluqla sizmi təmsil edəcəksiniz xalqı, xalqın namusunu orada? Mən bu gün seçilmək istəyənlərin böyük əksəriyyətinin xalqın rifahını düşündüyünü sanmıram, deputatlığın gətirəcəyi imkanlara ümidləndiyini düşünürəm. Xalq namizədlərdən niyə su, qaz , iş, rifah tələbində bulunur? Yerlərdə bu kimi problemi həll etməli orqan Rayon İcra Hakimiyyəti orqanları deyilmi? Bəlkə elə İcra Hakimlərini seçkiylə seçmək imkanı verilsin, və ya bu orqanlarda da xalqın səsini eşidib problemlərini başçıya çatdıran bir ştat açılsın.

Hesab edirəm ki, bu gün hər yerindən qalxan adam özünü deputat kimi görmək istəyirsə bu deputat sözünün urvatdan düşməsi deməkdir və deputatlığı urvatdan salanlar özünü buraxanlar oldular.

İlhamə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »