Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əbədi mövzu: Dostluq haqqında

Dostlarıma və xalqıma yönəlik istəklərimin təzahürü olaraq mövzuya dəyişməz münasibətimi bir daha bildirmək məqsədilə eramızdan əvvəllərə müraciət etməklə söhbətə başlayıram. Yunan filosoflarının aforizmlərini yenidən vərəqləyib, mövzuyla birbaşa təzad təşkil edən dahi Pifaqorun fəlsəfə tarixində iz buraxmış, iki fikrini diqqətinizə çatdırıram: Bunlardan biri ruhun bir canlıdan digərinə keçməsi, ikincisi isə hadisələrin və talelərin təkrarlanmasıdır. Vaxtilə, məşhur neoplatonçu Porfiriy bu barədə belə yazmışdı: “Pifaqorun fikrincə ruh ölməzdir, dünyada baş verən bütün hadisələr isə fasilələrlə yenidən təkrarlanır. Ümumiyyətlə, dünyada təzə heç nə baş vermir.” Dostluq da bu qəbildəndir.

Dostluq eyni statuslu (status yunan dilində vətəndaşın və ya hüquqi şəxsin mövqeyi, vəziyyəti, durumu, vəzifəsi və s. deməkdir) və eyni təfəkkürlü insanlar arasında yarandıqda uzunömürlü ola bilir. İcraçı ilə işverən arasında dostluqdan danışmağın mənası yoxdur. Birgə fəaliyyəti-işbirliyi olan şəxslər arasında yaranan münasibətlər uzun illərdən sonra dostluq münasibətlərinə keçə bilər. Yəni, dostluq prosesdir və zamana ehtiyacı var. Bu prosesdə ən əsas amil idrak prosesində yaranan düşüncə tərzidir. Düşüncə tərzi fərqli şəxslərin əbədi dostluğu mümkün deyil. Şəxsi mənfəət azarkeşlərinin dostluğa münasibətləri qeyri-səmimi olur. Onlar, nəfs düşkünləri, eqolarını hər şeydən və hər kəsdən üstün tuturlar. Zaman-zaman bəzi işləri keçəcək insanlara yanaşır, istədiklərini əldə edir və vaxt itirmədən yeni personajlar axtarırlar. Yəni, onlar dostluğa gəlir mənbəyi, biznes kimi baxırlar. Ölkədə belələrinin sayı artdıqca gələcəyə ümid də azalır. Bu, dəyanətli-fədakar və qeyrətli insanların sayının azalmasından xəbər verir. Yəni, mənəvi yoxsulluq, cılızlaşma baş alıb gedir. Nəticədə bütün sahələrdə keyfiyyət dəyərdən düşür. Demək, istənilən cəmiyyətdə dostluq edənlərin sayı mühüm bir parametrdir. Həm ölkə, həm də qlobal mənada dünya üçün dostluq önəmli bir fəlsəfi kateqoriyadır, insanlığın keyfiyyət göstəricisidir.

İnsanların özünəvurğunluğu insan münasibətləri psixologiyasında mühüm rol oynayır. Birgə görülən işdə qüsurlar tərəf -müqabilin payına yazıldığından dostluq münasibətləri çat verir. Əgər biz, hər birimiz qüsuru özümüzdə axtarsaq vəfalı dostlarımızın sayını artıra bilərik. Məsələni fundamental həll etmək məqsədilə həyat yolumda rastlaşdığım bir neçə olayı nəzərinizə çatdırmaq istəyirəm. İnşallah, nəticəni özünüz çıxararsız. Yolumuza işıq tutmaq məqsədilə 1980-ci ildə yazdığım “Dostluq haqqında” şeirimi diqqətinizə çatdırıram ki, mənim dostluğa münasibətim duyulsun.

DOSTLUQ HAQQINDA

Dostluğu ucuz tutmayın,

Əhdi-peymanı unutmayın,

Bir şəxsə dost dedinizmi

Sınamağa çalışmayın:

- Sınaq özü tapar sizi.

İnsan oğlu çox qabildir,

Həm tez görür, həm tez anır.

Həyat isə dözümlüdür-

- Həm də sevir dözənləri,

Seçin uzaq görənləri.

Dostluq dastan, hekayədir,

Cahi-cəlal, sərmayədir.

Ülvi, təmiz, sədaqətli,

Uzun sürən, boran görən,

Ömürlərdə iz buraxan,

Bir çox insan nəsli üçün

Örnək olan bir nəğmədir.

- O nəğmə ki, ürəklərdə səda verir,

O nəğmə ki, məftun edir, hünər verir.

Sınamayın dostu-yarı,

Sınaq özü tapar sizi.

Dost işinə sədaqətdə,

Dost işinə məhəbətdə,

Dost qayğısı tapar sizi.

*****

Yunanıstanın məşhur yeddi müdriklərindən biri Lesbos adasının sevimli hökmdarı olmuş Pittak səksən yaşında (e.ə. 650-570) vəfat edərkən adanın sakinləri onun qəbirüstü epitafiyasında yazmışdılar: “ana öz oğlu üstə ağladığı kimi Lesbos da sənin üstündə ağladı”.

Hamımızın dostu, fakultəmizin sevimli müəllimi, uzun müddət fakultədə dekan müavini işləmiş dosent Ömərzadə Tacir müəllim həyatının yetkin çağında gözlənilmədən ürək çatışmazlığından vəfat edəndə hamımız xeyli sarsıntı və gərginlik yaşadıq. Bütün fakultə onların yaşadığı binanın həyətində hüzn-kədər içərisində idi. Molla eyvanda salaat oxuyub işarə etdi ki, cənazəni götürmək vaxtıdır. Hamımız onların mənzilinə qalxdıq. Mənzilin böyük otağının mərkəzində Tacir müəllimin tabutu qoyulmuş və qadınlarla əhatə olunmuşdu. Birdən çevik addımlarla dostumuz, “Maddə quruluşu” kafedrasının professoru Eldar Məsimov irəliləyib özünü cənazənin üstünə atdı. Sanki canlı insanla danışırmış kimi: “ay qardaş, başına dönüm, bu nə işdir sən edirsən, axı sən heç vaxt namərdlik etməmisən, indi biz neyləyək?” O, əllərini dizlərinə vura-vura çox yanıqlı səslə dostu ilə vidalaşırdı. Zalda ağlamayan adam olmadı. O, bizim hər birimizin ürəyindən danışırdı. Eldar müəllimlə Tacir müəllim aspirant vaxtı Ukraynanın Xarkov şəhərində birlikdə olmuşdular. Qərib yerin dostluğu silinməz izlər buraxır və əbədi dostluğa çevrilir. Ani olaraq fikrimdən Pittakın epitafiyası keçdi. Düşündüm: “Ana öz oğlu üstə ağladığı kimi, dostların da sənin üstündə ağladılar, əziz Tacir müəllim.” Dəfndən bir xeyli sonra da fakultəmiz matəm içində idi. Uzun müddət onun iş otağına girə bilmirdik. Dostları onu unuda bilmirdilər. Bu, müthiş olayın iştirakçıları deyə bilərlərmi ki, dostluq boş şeydir? Əlbəttə, yox. Dostluq insanlığın ən qiymətli tapıntısıdır. Xoşbəxt o adamdır ki, fani dünyada tək deyil, onu arayıb axtaranlar var. İnsanların ömrü onların lazımlılıq dərəcəsi ilə bağlıdır. Açıq ürəklə, təmənnasız göstərilən qayğı rahatlıq və sevinc gətirəndir. Bütün bunlar idrakın gücü ilə müəyyən olunur. Digər tərəfdən, Yunanıstanın məşhur yeddi müdriklərindən birincisi sayılan Biantın (e.ə. VIII əsr) “pislər hər yerdə çoxdur” kəlamını qəbul etsək, gərək işimizi möhkəm tutaq, həyatda mövcudluğumuzu saxlamaq üçün özümüzə münasib dostlar tapaq. Qoy pislər yaxşıların əhatəsində olsunlar və tərbiyələnsinlər.

*****

Mahmudov Fikrət Mahmud oğlu qardaşım Qəzənfər Əlioğlunun institut illərinin yadigarı idi. Onlar 1952-ci ilin iyun ayının 18-dən avqust ayının 18-nə kimi, yəni cəmi 2 ay müddətində Kəlbəcər rayonunun İstisu ərazisində akademik Mirəli Qaşqayın rəhbərliyi altında təşkil edilmiş ekspedisiyanın işində iştirak etmişdilər. Ərazidə İstisu da olmaqla saysız-hesabsız bulaqlar var imiş. Onlar Bağırsaq kəndindəki kahaların birində, Lazer adlı bir yəhudi oğlanla birlikdə qalırmışlar. Öz qayğıkeşliyi və mehribanlığı ilə seçilən Fikrət onunla işləyənlərin qəlbində əbədi bir dostluq məşəli yandırmışdı. O, tanınmış geoloq kimi respublikamızın müxtəlif bölgələrində aparıcı vəzifələrdə işləmişdi. Təqaüdə çıxandan sonra böyük həvəslə, tamamilə təmənnasız, müxtəlif xəstəxanalarda ehtiyacı olanları canlı və cansız su ilə müalicə edirdi. Bizim işbirliyimiz də elə məhz su texnologiyası ilə məşğul olduğumuzdan baş verdi. Birgə fəaliyyətimizin nəticəsi kimi 2013-cü ildə aldığımız “Su elektroaktivatoru” patentini göstərmək olar. O, həftədə bir neçə dəfə BDU-nun əsas binasının birinci mərtəbəsindəki 118 nömrəli iş otağımıza gəlib məsləhətləşər və bizim apardığımız təcrübələrdə iştirak edərdi. Müsbət nəticələri görəndə uşaq kimi sevinərdi. 2013-cü ilin yanvarında bərk soyuqlar düşmüşdü. Neçə gün idi ki, aramsız qar yağırdı. Bizim binalarda mərkəzi istilik sistemi qoşulmamışdı. Şənbə günü kombimizin qazançası partlamışdı, evimiz soyuq idi. Axşamüstü Fikrət müəllim hal-əhval tutmaq üçün zəng açanda əhvalatı ona danışmışdım. Bazar günü heç bir nəqliyyat növü işləmirdi. Bərk çovğun idi. Evimizin pəncərəsindən metro yolu istiqamətində baxanda kiminsə əlində bağlama qara bata-bata gəldiyini gördüm. Lakin kimliyini təyin edə bilməzdim. Xeyli vaxtdan sonra qapımızın zəngi çalındı. Qapını açanda gördüm ki, gələn həmin adamdır. Bu bizim sevimli dostumuz Fikrət müəllim idi. Həqiqi Şaxta baba hədiyyəsi ilə birlikdə. Onun gətirdiyi elektrik sobası qonaq otağımızı beş dəqiqəyə qızdırdı. Fikrət müəllimin gəlməsi, üstəlik də dəmdə olan toyuq-plov ovqatımızı düzəltdi. Gözəl bir gün yaşadıq. Hava qaralanda Fikrət müəllimi metroya kimi ötürüb məmnunluğumuzu bir daha bildirdik. Onda onun 81 yaşı var idi. Bu fədakarlığı ondan heç kim gözləmirdi. O günü biz heç zaman unuda bilmərik və hər dəfə qar yağanda Fikrət müəllimin ruhuna rəhmət oxuyuruq. Onun dostluq jesti heç zaman unudulmayacaq, yəqin!

2013-cü ilin may ayının 4-ü şənbə günü idi, işə getməmişdim. Telefon zəng çaldı. Fikrət müəllim idi. Dedi, mən universitetin çıxış qapısı ilə üzbəüz skamyaların birində oturub gözləyirəm, bir az nasazam, mümkünün varsa gəl. Dedim, bu gün dərsim yoxdur, amma gəlirəm. Tez geyinib çıxdım. “Elmlər Akademiyası” metrosundan çıxıb Elmlər Akademiyasının həyətindən kəsə yolla düz skamyalar olan yerə getdim. Fikrət müəllim çox əzgin və yorğun görünürdü. Dedim, xeyir ola, ay Fikrət müəllim, necəsiz? Dedi, düzünə qalsa, yaxşı deyiləm, xəstələnmişəm. Ağrımayan yerim yoxdur. Gecəni də pis yatmışam. Demək olar ki, səhəri diri açmışam. Kənddə bizim evimiz ocaq sayılır. O ocağın varisləri bu dünyadan gedəndə özünəməxsus ritualla gedirlər. Rəhmətlik anam vəfat edəndə mən iki gün onun yanında növbə çəkdim. Gecə səhərə kimi elə hey danışırdı, dualar oxuyurdu. Heç bir şey başa düşmək olmurdu. İkinci gecə səhərə yaxın anam danışa-danışa canını tapşırdı. İndi mən də onun günündəyəm. Bu gecə oğlum Hikmət səhərə kimi elə hey gəlib soruşurdu ki, ata, nə olub, haran ağrıyır, nə istəyirsən? Mənim də bir gecəm qalıb. Ona görə istədim səninlə görüşüm və xudahafizləşim. Mən yerimdəcə quruyub qalmışdım. Nəfəsim kəsilmişdi. Dedim, Fikrət müəllim, deyin görüm, indi mən sizin üçün nə edə bilərəm? Dedi, heç bir şey, özün bilirsən ki, Allaha şükür, heç bir şeyə ehtiyacım yoxdur. Uşaqlarım da qulluğumda hazırdırlar. Mən sənə məşhur naşir Əli Poladın iki kitabını gətirmişəm. Biri “Sağlamlığını sevənlər üçün bir damla su”, digəri isə “Həzrəti Əli”dir. Mən qərara gəlmişəm ki, bu kitablar sizdə qalmalıdır. Mən onun nə dediyini anladım, onu bağrıma basıb öpdüm. Dedim “bu boyda qəlbin sahibi hələ yaşamalıdır, siz cavanlara lazımsınız”. Təkid etdim ki, taksi ilə gedək, sizi evinizə aparım. Qoymadı. Dedi, həmişəki kimi birgə gedək metroya, orada onsuz da yollarımız ayrılacaq. Mən İnşaatçılara, sən isə Əhmədli metrosuna gedirsən. Doğrudan da, bu bizim axırıncı görüşümüz oldu. Həmin gecə səhərə yaxın sevimli dostumuz heç zaman unudulmayacaq Fikrət müəllim Allahın dərgahına qovuşmuşdu.

*****

Mənim çox dəyərli dostlarım olub, indi də var.

Həyatımda dostlarımın rolu olub, indi də var.

Qardaşım Qəzənfər Əlioğlunun da dostları ilə dost olmuşam. Onların da münasibətlərindən bəhrələnmişəm.

Həzrəti Əlinin gözəl bir kəlamı var. “Dost qohumların ən yaxşısıdır.” Həyatımda ən böyük dostum dayım doktor Pişnamazzadə Müçtəba Şeyx Fərəcullah oğlu olub. O, orta məktəbdə də, Tibb universitetində də əlaçı və sevilən şagird və tələbələrdən olub. Onun məxsusi danışıq qabiliyyəti ilə yanaşı şairliyi də var idi. Duyumlu insan idi. Dostluq etməyi bizə məhz o öyrədib.

Orta məktəbin yuxarı siniflərindən o mənə xüsusi qayğı göstərirdi. Hara getsəydi gələndə mütləq mənə nəsə alıb gətirərdi. Aspirant dövründə təqaüdümün yarısı qədər aylıq göndərərdi. O vaxtlar həşəmətli Sovet dövləti aspirantlara 62 rubl təqaüd verirdi. Əlbəttə, soyuq və qərib yerdə o pulla dolanmaq çətin idi. Doktor Müçtəba 14 il Maştağa kəndindəki 1 №-li Respublika ruhi xəstəxanasının 6 saylı şöbəsinin müdiri, 26 il isə şəhərdə, Süleyman Rüstəm küçəsindəki 2 №-li Kliniki ruhi xəstəxananın baş həkimi işləyib. Onun iş yoldaşlarına və xəstələrə münasibəti indiyə kimi unudulmayan bir nümunə olub. Dayımın vəfatından 26 il keçməsinə baxmayaraq, onun dostları indiyə kimi bizimlə nəinki əlaqəni kəsmirlər, hətta ən yaxın qohumlar kimi münasibətləri saxlayırlar. Maştağa kəndinin yaşlı sakinlərinin yaddaşlarında dərin iz buraxmış böyük dostluğun iştirakçılarını- Müçtəba doktorun dostlarını xatırlasaq, onlara və övladlarına xoş anlar yaşada bilərik: Tibb Elmləri Namizədi Quliyev Ələkbər Əbdülrza oğlu, 17 il həmin xəstəxanada baş həkim işləyib. Cəfərov Mirmövsüm Axund Mirələkbər oğlu, 10 il baş həkimin müavini, 10 il də baş həkim işləyib. Əliyev Cahangir Həsən oğlu, uzun illər xəstəxanada aptek müdiri işləyib. Novruzov Meşədağa Novruzəli oğlu, uzun illər təsərrüfat işləri üzrə müavin işləyib. Bu insanların hər biri haqda çox dəyərli sözlər yazmaq olar, lakin qəzet məqaləsi buna imkan vermir. Bu sadaladığımız dostların içərisində dünyasını dəyişənlər də var artıq, amma onlar öz əməlləri ilə əbədi bizimlədir. Onların ruhu onları tanıyanların və sevənlərin qəlbində-yaddaşındadır.

*****

Yuxarıda təqdim etdiyimiz Biant vaxtilə demişdi: “Gəmi ilə üzən adam nə ölülərin siyahısındadır, nə də dirilərin.” Bizim Respublikamız da hüdudları görünməyən okeanın səthində çalxalanan bir gəmini xatırladır. Yəni biz tam tərkibimizlə : azəri türkləriylə, talışlarla, ləzgilərlə, dağ və düzən yəhudilərilə, kürdlərlə, ruslarla və s. birlikdə kənardan ləngərləndirilən bir gəmidəyik. Sözdə, mahnılarda və müxtəlif yazılarda guya çoxlu dostlarımız var. Əslində isə hamının fikri-zikri bizim tükənməyən sərvətimizdədir. Bütün dünya işini gücünü atıb faşist partiyasının və Çingiz xanın zinyətlərini axtardığı kimi bizim də sərvətlərimizi hesablamaqla məşğuldur. İstənilən halda məsələnin həllinin açarı öz əlimizdədir. Biz kənarda dost axtarmalı deyilik. Çünki dahi Pifaqor deyirdi ki, özünə dost tapa bilmirsənsə, özün-özünlə dost ol. Biz də özümüz-özümüzlə dost olmalıyıq. Yoxsa adımız ölənlərin siyahısına düşəcək. Yəni, gəmimiz batacaq. Hər halda Allah Bianta rəhmət eləsin. Nə yaxşı ki, bizi vaxtında ayıldıb. Daha doğrusu, ayıltmaq istəyib, biz isə hələ də ayılmamışıq. Bakılılar demişkən, nöşünki bizim ən böyük qüsurumuz biganəliyimizdir. Elə bəzilərinin “özünü dostdan qoru, düşmən hələ uzaqdadır” kəlamı da qəlb ağrıdandır. Dosta qarşı biganəliyin təzahüdür, ya da istənilən cığırdaşın lüzumsuz olaraq səhvən dost adlandırılmasındandır.

Gəlin dost sözünü dəyərdən salmayaq, yoxsa zaman keçdikcə təklənərik. Azərbaycan-gözəl məkan burada yaşayanların hamısının doğma evidir, vətənidir. Biz isə bu diyarın sakinləri olduğumuza görə yalnız dost olmalıyıq.

Yaşasın bütöv Azərbaycan, tam tərkibi və hamımıza məxsus sərvətlərilə.

Sonda Ulu Tanrıdan bütün dostlarıma uzun-sağlam və mənalı ömür, dünyasını dəyişmişlərə isə rəhmət diləyirəm.

Nemət Məmmədli, Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının həqiqi üzvü Nemət Məmmədli,

Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının həqiqi üzvü

Paylaş »
››› David Tonoyandan sensasiyalı müharibə etirafları - əmrlər Sergey Şoyqudan gəlirmiş
››› Putin axır ki, "saray videosu"ndan danışdı və özünü daha da çətinə saldı - Video
››› “Ərdoğan Parisdən 3 saatlıq məsafədə Osmanlı İmperiyası qurur”
››› Avropada erməni olmaq: Erməni kimliyi və diasporasının ikinci sığınacaq “vətəni”: “Fransa erməniləri”, yoxsa “erməni əsilli fransızlar”
››› Rusiya sülhməramlıları səlahiyyətini aşdı: “Qarabağda təlimlər keçən sülhmərəmlılar döyüşə hazırlaşır” - Politoloq
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Naxçıvan yolu Turan birliyinə aparan yol olacaq
Son xəbərlər
Bütün xəbərlər »