Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Norveç həbsxanalarında əcnəbilərin günü necə keçir...

Norveç insan haqlarının ən yüksək səviyyədə qorunduğu ölkələrdəndir. Buranın hətta həbsxanalarına da həsəd aparmaq olar.

Bizimyol.info xəbər verir ki, ABŞ-da fəaliyyət göstərən rusdilli “Paluba” telekanalı keçmiş SSRİ respublikalarından başqa dövlətlərdə həbsxana həyatı yaşayan məhbuslar haqda material hazırlayıb. Norveç barədə kadrlar çox maraqlıdır.

Oslo mərkəzi həbsxanasında cəza müddətini keçirən litvalı Runas Masenas deyir ki, burada hər şey var. Hətta sauna da. Litvalı buranı sanatoriya adlandırır. Runas təkcə menyudan narazıdır. Deyir ki, balıq yeməkləri çoxdur. Hamının soyuducusu var. Ona hər gün, meyvə, tərəvəz, ət verirlər. Hər məhkuma bir kamera və bir nəzarətçi ayrılır. Norveçli 2 min məhkum evdə öz növbəsini gözləyir. Həbsxanalarda yer yoxdur. Yer boşalan kimi onları çağıracaqlar. Norveç hökuməti isə yeni həbsxanalar tikməyi məqbul saymır.

Oslo həbsxanasının rəisi Are Xeydal deyir ki, insanı alçaldıcı şəraitdə saxlasalar, o, heç vaxt islah olunmayacaq. Əksinə, azadlığa çıxanda daha təhlükəli insana çevriləcək.

Məhbusun hər zaman duş qəbul etmək, idman zalında vaxt keçirmək imkanı var. Nahardan sonra tennis və bilyard da oynamaq olar. Burada müəyyən işləri görməklə gündə 20 dollar qazanmaq da mümkündür. Oslo həbsxanasının divarlarındakı yazılarda buranı mehmanxana adlandıranlar var.

Norveç həbsxanasından qaçmaq elə də çətin deyil. Nəzarətçilərin heç silahı da yoxdur. Qaçan olur, amma nadir hallarda. Xeydal deyir ki, məhbuslardan kimsə belə fikrə düşəndə həmin adamın arxasınca qaçırlar, amma nə atəş açmaq imkanları var, nə də qışqırmağa ehtiyac. Onsuz da məhbus bilir ki, bayırda rahat gəzə bilməyəcək, norveçlilər ilk imkandaca polisə xəbər verəcək.

Həbsxana nəzarətçilərinin təxminən yarısı qadındır. Onlar işini təhlükəli saymır, çünki məhbusların hücumu heç rast gəlinmir.

Moskvalı Maksim Şmanin Norveçə turist kimi gəlib, səfərin üçüncü günündə davaya görə həbsxanaya salınıb. Burada altı ay keçirməlidir. Onun fikrincə, norveçlilər rusları sevmir. Hərçənd, burada heç bir təzyiqə məruz qalmır. Həftədə 20 dəqiqə telefonla danışmaq hüququ var. Bir pis iş var ki, yalnız ingiliscə danışmalısan və dediyin hər sözü nəzarətçilərdən biri eşitməlidir.

“Paluba”nın müxbiri ilə söhbətləşən Zinaida deyir ki, həbsxanada bir il keçirib. Şikayəti daha çox norveçlilərin rusları sevməməsindəndir.

Oslonun yaxınlığında yerləşən qadın həbsxanasında cəmi 54 məhbus var. Çoxu bura narkotikə görə düşüb. Norveç hökuməti hər məhbusun bir gününə 100 dollar xərcləyir. Narkomanlara iki dəfə çox xərc çıxır.

İneta Rusiyadan Norveçə ərə getmək üçün gəlibmiş. Sonradan oğlanın narkodiler olduğu üzə çıxıb. İneta özünü günahkar saymır, evlənəcəyi adamın qurbanı hesab edir. Məhkəmə onun üçün iki il azadlıqdan məhrumetmə qərarı çıxarıb. Onu polisə gələcək həyat yoldaşının əməlləri ilə bağlı məlumat verməməkdə ittiham ediblər: “Mən hətta həbsxanadakı yaxşı münasibətdən yorulmuşam. Burada qadınlara mələk kimi yanaşırlar. Hamı əylənir. Nəzarətçilər hər gün soruşur ki, özünü necə hiss edirsən? Hər gün boulinq oynayıram, üzməyə gedirəm”.

Hər gün nəzarətçilərdən biri İnetanı yaxınlıqdakı meşəyə gəzməyə aparır. Rus qadın burada təmizlik işləri ilə məşğul olmaqla ayda 400 dollar qazanır. Qadınlar daha mərhəmətli olsun deyə, həbsxana rəhbərliyi onlar üçün dovşanlar alıb. Heyvanlar üçün ayrıca ev də tikilib.

Paylaş »
››› "Paşinyan türkdür" - Ohannisyan
››› Rusiya Müdafiə Nazirliyindən Qarabağda son vəziyyətlə bağlı məlumat
››› İranın buraxdığı uzaqmənzilli raketlər Hind okeanında Amerika təyyarədaşıyanının həndəvərinə düşdü
››› Azərbaycanda ər arvadını oteldə boğaraq öldürüb
››› Yanvarın 18-nə olan hava proqnozu
››› Baydenin ilk səfər edəcəyi ölkə açıqlandı
››› ABŞ-da koronavirusa qarşı peyvəndlərdən sonra ölənlərin sayı açıqlanıb
Son xəbərlər
Bütün xəbərlər »