Dünyanı ağuşuna alan koronavirus həm də çinliləri pis vəziyyətdə qoyub. Hər yerdə onlardan çəkinirlər. Çinli olmaq dünyada həm də virus təhlükəsi anlamına gəlməyinə başlayıb.
Bizimyol.info xəbər verir ki, bir çox ölkələr Çinə aviareysləri ləğv edib. Yeni Zelandiya hələ bu sıraya qoşulmayıb. Amma ada ölkə Çindən gələn heç bir əcnəbini sərhədləri daxilinə buraxmır. Hətta Asiya dövlətindən tranzit kimi istifadə edən başqa qitələrin sakinləri də eyni qadağa ilə qarşılaşır.
Yeni Zelandiyanın baş naziri Casinda Ardern bu məsələ ilə bağlı rəsmi açıqlama verib. O, qadağanın iki həftə sürəcəyini bildirib. Bundan sonra Yeni Zelandiya hökuməti hadisələrin gedişinə baxacaq.
Ada dövlətin heç bir vətəndaşı indiyə qədər koronavirusa yoluxmayıb. Yeni Zelandiya hökuməti də indidən önləyici tədbirlər görməyi qarşısına məqsəd qoyub. Amma təhlükəli zona elan edilən Hubey vilayətində 100 nəfərə qədər yenizelandiyalı qalıb. Hökumət yaxın günlərdə onları evakuasiya etməyi düşünür. Virusun ilk dəfə qeydə alındığı Vuhandan Yeni Zelandiyanın Oklend şəhərinə çarter reysi təşkil olunacaq.