Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Masallıda 16 yaşda ərə verilən qız iki həftə sonra ölüb

Masallı rayonunda azyaşlı qız gəlin köçdüyü evdə ölüb. Hadisə bu gün səhər saatlarında baş verib. Rayonun Həsənli kənd sakini olan yetkinlik yaşına çatmayan qız iki həftə öncə Xoşçobanlı kəndindən olan oğlanla evləndirilib. Onlar üçün təmtəraqlı toy məclisi də qurulub.

Vəfat edən qız 2003-cü il təvəllüdlü Qəmbərova Fatimə Mayıs qızıdır.

Masallida 16 yasli gelin

Masallı Rayon İcra Hakimiyyətinin Həsənli inzibati ərazi dairəsi üzrə nümayəndəsi Vəzir Hüseynov bildirib ki, Fatimə Qəmbərovanın indiyə qədər hər hansı xəstəliyi olmayıb.

O, hazırda meyitin ekspertizaya aparıldığını və ölümün hansı səbəbdən baş verdiyinin araşdırıldığını deyib.

İcra nümayəndəsi həmçinin bildirib ki, qızın 16 yaşında ərə verilməsindən xəbərdar olub: “Biz Fatimənin valideynləri ilə söhbət eləmişik və rəsmi olaraq hüquq mühafizə orqanlarına faktla bağlı müraciət eləmişik. Çünki valideynlər azyaşlı qızı evləndirməklə özbaşnalıq ediblər. Amma uşağın xəstə olması ilə bağlı məlumatım yoxdur. Əgər uzun müddət xəstəxanada yatmış olsaydı, xəbər tutardıq”.

V. Hüseynov F.Qəmbərovanın öldürülməsi ehtimalına inanmadığını deyib: “17 günün gəlini idi, kimin onunla nə işi ola bilərdi ki?”.

Xoşçobanlı kənd sakinləri isə Fatimə Qəmbərovanın əvvəldən xəstə olduğunu bildiriblər: “Bildiyimizə görə, qızın hansısa xəstəliyi olub. Onu heç kim öldürməyib. Yəqin ki, ekspertiza da bunu müəyyən edəcək”.

Azyaşlının ərə verildiyi oğlan isə 2001-ci il təvəllüdlü Xoşçobanlı kənd sakini Məmmədov Himan Novrəddin oğludur.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Masallı rayonunda toyundan sonra dünyasını dəyişən 16 yaşlı qızın ölümü ilə bağlı araşdırmalara başlayıb.

Bu barədə Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov bildirib.

Onun sözlərinə görə, hazırda Dövlət Komitəsinin nümayəndələri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə araşdırmalara başlayıb:

“Bizim tərəfimizdən araşdırma monitorinq komissiyaları vasitəsilə aparılır. Araşdırmalar hüquq-mühafizə orqanları ilə birlikdə həyata keçirilir. Prosesə hüquqşünas və psixoloqlar da cəlb olunub. Araşdırmaların nəticəsi ilə bağlı ətraflı məlumat veriləcək”.

E.Səfərov xatırladıb ki, Azərbaycanda uşaq hüquqlarının müdafiəsi üzrə monitorinq mexanizmi yaradılıb:

"Bir daha bəyan edirik ki, uşaqlara qarşı istənilən laqeyd münasibət, zorakılıq, qəddar davranış yolverilməzdir və bu cür hallarda qanunvericiliyə əsasən həmin şəxslər mütləq şəkildə məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikasının qanunvericiliyinə və beynəlxalq konvensiyalara əsasən, xüsusi ilə də Uşaq hüquqları haqqında konvensiyaya görə yetkinlik yaşına çatmamış şəxslər uşaqlar kimi qeydə alınıb və uşaqların nikaha cəlb edilməsi yolverilməzdir. Bununla bağlı cinayət məsuliyyəti nəzərdə tutulub".(virtualaz.org)

Son xəbərlər
Bütün xəbərlər »