Bərdə rayonunun Hacallı kənd sakini Abdulrəhimov Faiq Yelmar oğlu Bizimyol.info-nun redaksiyasına zəng edərək, xəstə oğluna kömək edilməsini istəyir. Onun azyaşlı oğlunun hər iki gözü görmür.
Faiq Abdulrəhimovun dediyinə görə oğlu, 2 yaşlı Rəsul anadangəlmə göz xəstəliyindən əziyyət çəkir. Uşağın göz dibində Azərbaycanda müalicəsi olmayan problem var.
“Oğlum Gəncə şəhər Mərkəzi Xəstəxanasında dünyaya gəldi, anadan olandan sonra 2 ay küvəzdə saxladılar. Evə gələndə məlum oldu ki, gözləri görmür. Ölkədə göstərmədiyimiz həkim qalmayıb.Məşhur göz həkimi Paşa Qəlbinurun oğlu Tural Qəlbinur bu sahə üzrə ən yaxşı mütəxəssisdir. O baxdı, dedi mənlik deyil. Apardıq İrana. Orda əməliyyat etdilər, nəticə olmadı. Deyirlər Avropada göz köçürmək olar. Balam heç olmasa 15 -20 faiz görsə dərdim olmazdı. Kasıb ailəyik. Ali təhsilliyəm. Amma işləmirəm. Kənd təsərrüfatı ilə məşğul oluram. Xeyirxah insanlardan balamın dərdinə dəstək istəyirəm”,- deyə Faiq Abdulrəhimov bildirib.
Biz də xeyirxah insanları gözləri görməyən 2 yaşlı Rəsul balanın gözünə nur vermək üçün xeyriyyə kampaniyasına dəvət edirik. Faiq Abdulrəhimovla 050 6550809 nömrəsi ilə əlaqə saxlamaq olar.
İlhamə Rəsulova