Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hüquqşünas cavab verir: Bakıda sənədsiz evlərin sənədləşməsi və belə evlərə qeydiyyat mümkündür

Bakı şəhərində çoxlu sayda sənədsiz evlər var. Rəsmi statistikaya görə onların sayı 600 min təşkil edir. Bu evlərin hər birində ən az 3 nəfərin yaşadığını düşünsək orta hesabla 1 milyon 800000 insan evinin sənədləri və evinə qeydiyyata düşməklə bağlı problemlərlə üzləşir.

Həyatımızda sənədləşmə işləri çörək və su kimi gündəlik tələbatımız olmasa da, işə düzəlmə, evin alqı- satqısı, hər hansı bir təşkilata sənəd təqdim etmək, uşaqların məktəbə getməsi lazım gələndə evlərin sənədləşməsi və qeydiyyat məsələsi divar kimi qarşımızı kəsir. Ağızdan–ağıza gəzən söz–söhbətlərə görə, isə bu işləri düzəltmək imkansız məsələdir. Bəs qanun o zaman nə üçündür? Bizləri qorumalı olan qanun yalnız qarşımızı kəsən sədd rolunda oynayır? Yəqin ki, həll yolu var, sadəcə, geniş kütlə bu barədə məlumatlı deyil. Elə bu məsələlərlə bağlı hüquqşünas rəyi almaq istədik. Bizimyol.info-nun suallarını hüquq üzrə Fəlsəfə Doktoru, vəkil İlqar Eyyubov cavablandırır.

İlqar Eyyubov İlqar Eyyubov

- İlqar bəy, Bakı şəhərində sənədsiz evləri olan insanlar evlərini hansı qaydada sənədləşdirə bilərlər?

- Ev tikib, sonra tikdiyinə peşiman olan şəxslərin sayı az deyil. 30 ildən artıq müddətdə tikilməsinə baxmayarq ilkin sənədləşdirmənin qanunvericiliyin tələblərinə uyğun aparmaması səbəbindən bir çox faktiki ev sahibləri mülkiyyət hüquqlarını əldə edə bilmirlər. Belə problemərin yaranmasının əsas səbəbi vətəndaşlarımızın şəhərsalma qaydalarını bilməməsidir. Başqa səbəb isə bu sahədə məlumatsız olan, ev tikmək, yuva qurmaq arzusu olan şəxlərin maariflənməməsindən istifadə edən edən, müvafiq qurumların səlahiyyətli şəxslərinin vicdansız münasibətidir. Bakı şəhərində 600 minə yaxın sənədsiz fərdi yaşayış evlərinin olması 1 milyon insanı əhatə edən bir problemdir.

Təbii ki, bu problem müvafiq icra hakimiyyəti orqanlarına müraciət etməklə öz həllini tapa bilər. Amma bu da nəticə vermədiyi halda vətəndaşlarımıza məhkəməyə müraciət etmələri tövsiyyə olunur. Öz vəsaiti hesabına tikdiyi və uzun müddət orda yaşamasını, habelə qeyd edilən yaşayış sahəsinin faktiki sahibi olmasını nəzərə alaraq, işin hallarına uyğun qaydada məhkəmələr əsasən həmin sahələr üzərində mülkiyyət hüquqlarını tanıyır və qətnamələrində Daşınmaz Əmlakın Dövlət Reyestirində qeydə alınması barədə birbaşa göstəriş verirlər. Lakin bu prosess yorucu və kifayət qədər vaxt sərfinə səbəb olur.

- Dediyiniz qaydada bütün evlərə sənəd almaq ümidi varmı?

- Bəzi hallarda bu ümumiyyətlə mümkün olmur. Beləki, inşaata icazə verilməyən yüksək gərginlikli elektrik, qaz, su xətlərinin, habelə dəmiyolunun mühafizə zolaqlarında inşa edilən evlərin sahibləri yalnız dövlət proqramı çərçivəsində sökülən zaman kompensasiyaya ümid etməkdən başqa bir çarələri qalmır. Ona görə də ev tikən zaman müvafiq qaydalara riaət etmələri tövsiyyə edilir.

- Bakı şəhərində qeydiyyat da başqa bir problemdir. Sənədsiz evi olan və uzun illər bu evlərdə yaşayan insanlar öz evlərinə qeydiyyata düşə bilmirlər.Bunun həll yolu varmı?

- Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmasının əsasları və prosedur qaydaları «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikasının qanunu və «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Qanun» un tətbiqi haqqında Əsasnamə ilə tənzimlənir. Adı çəkilən normativ aktlara əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün həmin ərazinin daxili işlər orqanlarına müraciət etməlidir. Qanunvericiliyə əsasən Azərbaycan Respublikasının vətəndaşları ölkə ərazisinin istənilən yerində qeydiyyata düşə bilər. Müvafiq icra hakimiyyəti orqanının məsul əməkdaşı isə vətəndaşı yaşayış yeri üzrə qeydiyyata almaq üçün ondan mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış, icarəyə verənin və ya kirayəyə verənin müvafiq olaraq icarəçi və ya kirayəçi ilə bağladığı icarə və ya kirayə müqaviləsi, yaşayış sahəsinə köçmək üçün əsas verən order və ya Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd, vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi, ərizə-anket, şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə, hərbi bilet və ya təhkim şəhadətnaməsini tələb etməlidir.

Lakin daha ciddi və qanunvericiliyin birbaşa tənzimləyə bilmədiyi məsələ sənədsiz yaşayış sahələrinə qeydiyyta düşmək məsələsidir. Faktiki olaraq öz vəsaiti hesabına tikdiyi evində yaşayan və həmin sahənin onlar üçün faktiki yaşayış sahəsi olmasına baxmayaraq evlərinin «çıxarış» olmadığına görə bu ünvanda qeydiyyata düşə bilməyən kifayət qədər vətəndaşlarımız var. Evlərinin sənədlərinin, «kupçlarının» olmaması vətəndaşlarımızı qeydiyyat qarşısında aciz vəziyyətdə qoyur.

– Vətəndaşın bu halda da məhkəməyə müraciət edərək faktiki yaşağdığı yer üzrə qeydiyyata düşmələrini tələb etmək hüquqları varmı?

- Bəli var. Məhkəmə təçrübəsi göstərir ki, belə iddialar işin hallarından asılı olaraq bir çox hallarda təmin olunur. Əgər şəxs yaşadığı yerdən qeydiyyatdan çıxıbsa və ya çıxarılıbsa, növbəti yaşayış yeri yoxdursa və qeydiyyata düşə bilmirsə, sonuncu qeydiyyatda olduğu ərazinin polis orqanının inzibati binasında qeydiyyata alınmalı və şəxsiyyət vəsiqəsi ilə təmin olunmalıdır. Həm onun valideynləri, həm də yetkinlik yaşına çatmayan övladları, həmin ünvanda qeydiyyata alınmalı və şəxsiyyət vəsiqəsi ilə təmin olunmalıdırlar. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün daşınmaz əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd (order, çıxarış - "kupça") yoxdursa və digər əmlak üzərinə ona məlum səbəblərdən qeydiyyata alınmaq mümkün deyilsə, şəxs qeydiyyatda olduğu rayon üzrə RPİ-nin inzibati binasına qeydiyyata alınmaq üçün həmin RPİ-nin səlahiyyətli şəxsi adına müraciət edə bilər.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »