Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rauf Arifoğlu: “Onun vicdan problemi yoxdur, istəyəndə saxtakarlıq eləyir və eləyib”

Parlament seçkilərində ən gərgin dairələrdən biri də 35 saylı Xətai üçüncü seçki dairəsi sayılır. Bu dairə komissiyasının sədri İmran Hüseynəliyevin istefası da məhz oradakı seçki gərginliyilə əlaqələndirilir.

İ.Hüseynəliyev yanvarın 24-də Dairə Seçki Komissiyasının (DSK) sədri vəzifəsindən istefa verib. Onun səhhətində problem yarandığı və xəstəxanaya yerləşdirildiyi bildirilir.

İmran Hüseynəliyev İmran Hüseynəliyev

Özü də “unikal.org”a açıqlamasında xəbəri təsdiqləyib: “Hazırda Daxili İşlər Nazirliyinin hospitalındayam. Ürəyimdə ciddi problemlər var və bu vəziyyətdə fəaliyyət göstərə bilməyəcəyimi görüb işdən çıxmaq məcburiyyətində qaldım”.

Eyni zamanda, İ.Hüseynəliyevin seçki ilə bağlı təzyiqlərə dözməyək istefa verməyə məcbur olduğu haqda da məlumatlar yayılıb.

35 saylı dairədə deputat mandatı uğrunda mübarizənin əsasən iki namizəd - “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu və Ümid partiyasının sədri İqbal Ağazadə arasında gedəcəyi ehtimal olunur. Bir sıra media orqanları iddia edir ki, bu rayonda inzibati resurslar R.Arifoğlunun xeyrinə səbərbər edilib. “Anaxeber.az” komissiya sədrinin istefasını da bununla əlaqələndirib. Sayt iddia edir ki, İ.Hüseynəliyevin səhhətindəki problemlərə görə istefa verməsi, sadəcə, rəsmi səbəbdir. Gerçək səbəb isə başqadır.

“Artıq məntəqə seçki komissiyalarının üzvlərinə təzyiqlər başlayıb, onlardan Rauf Arifoğlunun xeyrinə işləmək tələb olunur. İki məntəqə sədri haqsızlıq etməyəcəklərini bildirərək istefa ərizəsi yazıb. Bir neçə məntəqə sədrinin də oxşar addım atacağı gözlənilir. Məntəqə sədrlərinin bu addımdan narahat olan DSK sədri İmran Hüseynəliyev icra başçısı Rafiq Quliyevə etirazını bildirib, saxtakarlığın rezonansa səbəb olduğunu deyib. DSK sədri icra başçısının diqqətinə çatdırıb ki, seçicilər səslərini qorumağa israrlıdırlar. İmran Hüseynəliyev 2015-ci ildə nəticələri Araz Əlizadənin xeyrinə saxtalaşdırıb. O, bu faktı icra başçısına bildirərək, budəfəki seçkilərin 2015-ci ildən fərqli olduğunu deyib.

İcra başçısı isə DSK sədrini tapşırıqları yerinə yetirməyəcəyi təqdirdə korrupsiya ittihamı ilə həbs olunacağını bildirib.Bundan sonra İmran Hüseynəliyevin istefa ərizəsi yazdığı bildirilir”, - sayt belə yazır.

İqbal Ağazadə İqbal Ağazadə

R.Arifoğlu isə DSK sədrinə onunla bağlı təzyiqlər barədə deyilənləri təkzib edir. O, Bizimyol.info-ya açıqlamasında bildirib ki, İ.Hüseynəliyevi tanımır, heç vaxt da onunla qarşılaşmayıb: “Bunlar hamısı iddialardır. Məsələn, bəzi saytlar da yazır ki, həmin İqbal Ağazadədən rüşvət aldığına görə çıxarılıb. Xəstədirsə, Allahdan şəfa diləyirəm. Amma məndəki məlumat budur ki, o şəxsin vicdan məsələlərilə bağlı problemi yoxdur. İstəyəndə saxtakarlıq eləyir və eləyib. Bunlar mənim əleyhdarlarımın uydurduğu iddialardır. Eyni zamanda, dediyim kimi, İqbal Ağazadənin əleydarlarının da uydurduğu iddialar var. Mən hər ikisini yalan hesab edirəm. Hesab edirəm ki, adam həqiqətən xəstədir. Dairə gərgin dairədir, adam yaşlıdır. Uzun illər vəzifələrdə işləyib, görünür, hərəkətsiz qalıb. Ürək də elə şeydir ki, nə zaman şıltaqlıq eləyəcək, bəlli deyil. Qalan məsələlər əfsanədir. Nə icra başçısını tanıyıram, nə bu şəxsi, nə də üzlərini görmüşəm. Onları yəqin İqbal bəy tanıyar, çünki bu dairədən bir neçə dəfə namizədliyi olub...”

35 saylı dairədə inzibati resursların onun xeyrinə səfərbər olunması barədə məlumatlara gəlincə, R.Arifoğlu bu haqda əlavə söz demək istəməyib: “Mən indi tədbirdəyəm. Dediklərim bu qədər...”

Son xəbərlər
Bütün xəbərlər »