Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Təhsil nazirindən oxumaq istəyən uşaqlara dolayı mesaj: Oxutmuram, əl çəkin!..
Ceyhun Bayramov

Xəbəriniz varmı ki, Təhsil Nazirliyində bir qrup şəxs və hətta nazirin müavini də bütün günü siyahıları tutuşdurub dərsə getməyən uşaqları "tutmaqla" məşğuldur? Yox, söhbət uşaqlara qayğıdan getmir. Son illərin tendensiyasını önləməkdən gedir.

Məsələ ondadır ki, hazırda ölkədə on minlərlə şagird daha keyfiyyətli təhsili məktəbdə deyil, kənarda axtarır. Daha doğrusu, "pulsuz" məktəblərdə axtarıb tapa bilməyiblər və məcbur olub kənardan pulla alırlar. Amma bunun üçün uşaqların daha çox vaxtı olmalıdır ki, repetitor yanına və ya hazırlıq kurslarına gedə bilsinlər. Çıxış yolu isə məktəb direktorları ilə sazişdən keçir - razılıq əldə edirlər, uşağın adı məktəbdə gedir, amma dərslərə gəlmir, əvəzində kənarda daha keyfiyyətli təhsil üçün daha çox vaxt əldə edirlər.

Deyilənə görə, Bakıda elə məktəblər var ki, bu "biznes"dən illik dövriyyəsi 500 min manata çatır. Ölkə boyunca isə söhbət milyonlardan gedir. Təhsil naziri Ceyhun Bayramov isə bu tendensiyaya qarşı müharibə elan edib. Müəyyən məlumatları da özləri qəsdən saytlara sızdırırlar. Hər halda xəbərlərin bu şəkildə yayılmasından hansısa formada istifadə edirlər. Belə deyirlər ki, bəzi məktəb direktorlarının arxası möhkəmdir, nazir onlara "acıqlana" bilmir və bu üzdən mətbuatın xidmətlərindən yararlanmaq lazım gəlir.

Sinif otağı

Necə bilirsiniz, nazirin niyyəti nəcibdirmi? Sizcə, bu biznesin qarşısını almaq istəyir, yoxsa bu biznesə şərik olmaq?.. Hesab edək ki, nazirin hər hansı maddi marağı yoxdur və həqiqətən də məktəblərdə davamiyyəti təmin etmək qərarına gəlib. O zaman Təhsil Nazirliyi əvvəlcə "nədən başlamalı" sualına cavab verməli idi....

Bizim düşüncəmizə görə, uşaqları kənarda daha keyfiyyətli təhsildən məhrum etmək qərarını verməzdən öncə orta məktəblərdə tədrisin keyfiyyətini artırmaq lazım idi. Ancaq Təhsil Nazirliyinin buna nail ola biləcəyini də düşünmürük, çünki müəllimlərin indiki maaşı ilə bunu təmin etmək asan məsələ deyil. Hər zaman müəllimləri tənqid edirik, ancaq kimsə çıxıb demir ki, axı o gülünc maaşla adam necə həvəslənib dərs keçə bilər ki?..

Təhsil Nazirliyi isə problemin bu tərəflərini qabartmaq əvəzinə uşaqları təhsil kurslarından çıxarıb dərsdən başqa hər şeyin olduğu məktəblərə qaytarmaq istəyir. Bunun adını hansı əsasla "nəcib niyyət" qoyaq?

Təhsil Nazirliyinin başladığı bu kampaniyanın verdiyi mesaj budur: Özüm oxutmayacağam, başqa yerlərdə oxumalarına da imkan verməyəcəyəm! Əgər özünüzün təhsil verməyə imkanınız yoxdursa, o zaman işıq gələn yerə barmaq tıxamadan hələlik məsələnin üstündən sükutla da keçə bilərdiniz. El arasında buna "mərdimazarlıq" deyilir.

P.S. Bu materialı yazan və yayan şəxslərin heç biri bu prosesdə heç bir formada maraqlı deyil. Adı məktəbdə gedib dərsə getməyən uşaqlarımız da yoxdur. Təhsil Nazirliyi tərəfindən yoxlanılmasına hazırıq.

Bizimyol.info

Paylaş »
››› Məktəblərdə tədris ilinin müddəti təsdiqləndi - Qərar
››› Koronavirus xəstəsi Azərbaycandan Gürcüstana keçdi, sərhəd bağlandı
››› Koronavirus Gürcüstanda da aşkarlandı: Azərbaycandan keçib - Rəsmi
››› Türkiyədə tapılan daş sandıq xristian dünyasını hərəkətə gətirdi - Foto
››› Canan Karataydan koronavirusla bağlı maraqlı məsləhətlər: "Qorxmayın..." - Video
Son xəbərlər
Bütün xəbərlər »