Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Seçki dairəsində namizədə qarşı təxribat iddiası

41 saylı Sumqayıt 1-ci seçki dairəsində qeydə alınmış deputatlığa namizədlərdən xəbərsiz seçicilərlə görüş yerlərinin qrafiki dəyişdirilib.

Bizimyol.info xəbər verir ki, bu barədə həmin dairədən deputatlığa namizəd Vasif İsmayıl feysbuk səhifəsində yazıb.

“41 min seçici üçün bir görüş yeri təyin edilib. Bir görüş yerinin təyin olunmasının özü bir başqa çətinlikdir,-deyə V.İsmayıl bildirib.

Onun sözlərinə görə, qrafika əsasən görüş günləri təsdirlənmişdi: “Plana əsasən biz seçicilərlə 26 yanvar, saat 17:00-da Sumqayıt Olimpiya İdman Kompleksində görüşəcəkdik. Amma bizim xəbərimiz olmadan bizim görüş tariximiz 23 yanvara keçirilib.

Həmən Dairə Seçki Komissiyasına müraciət etdik. Aparılan danışıqlarda atılan replikalardan bunlar aydın oldu ki, əmr Sumqayıt şəhər İcra Hakimiyyətindən verilib”.

V.İsmayılın sözlərinə görə, göstəriş deputatlığa namizəd Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovadan gəlib: “Əslində əmrin haradan gəldiyini çox gözəl başa düşürük. Raykom qızı bizə naxoş sürprizlər etməyə başlayıb. Əslində, Hicran xanımın adını heç bir yerdə hallandırmağı düşünmürdüm. Onsuz da onun reputasiyası geniş xalq kütlələri tərəfindən dillər əzbəridir. Həm də konkret olaraq mənə qarşı bircə söz də deməmişdi. Amma artıq mənə qarşı, xalqın iradəsinə qarşı təxribat törətməyə başladı. Raykom qızının görüşlərinin başlama saatı bildirilir, amma görüşün bitmə saatı bildirilməyib. istəsə gecə yarısına qədər görüş keçirə bilər. Amma ondan başqa digər bütün namizədlərə 2 saat ayrılır”.

V.İsmayıl bildirib ki, Hicran Hüseynova hətta seçkilərə bir gün qalmış namizədlərlə görüş təyin edib: “Hətta fevralın 8-də belə görüş təyin edib. Görüş vaxtı DSK-nın sənədinə görə təsdiq edilib. Qanunvericiliyə görə fevralın 8-də təbliğat-təşviqat aparmaq qəti qadağandır”.

Qeyd edək ki, Hicran Hüseynova Sumqayıt Şəhər Partiya Komitəsinin birinci katibi olmuş Kamran Hüseynov qızıdır.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »