Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ədliyyə nazirinə açıq məktub: “Ev satın aldım, ev də getdi, pul da”

Bizimyol.info saytına müraciət edən izləyicimiz Aynur Arif qızı Haqverdiyeva saytımız vasitəsilə Ədliyyə Naziri cənab Fikrət Məmmədova açıq məktub göndərərək, pozulmuş hüquqlarının təmin edilməsini xahiş edib. O bildirir ki, məhkəmə qətnaməsinin icrası ilə bağlı hüquqları pozulub. Məktubda deyilir:

“Cənab nazir, nəzərinizə çatdırıram ki, Həmidova Arzu Əlisahib qızı özünə məxusu Bakı şəhəri, Suraxanı rayonu Suraxanı qəsəbəsi, A.Rzayev küçəsi, 75 saylı evin, 20-ci mənzili mənə satıb, ilkin ödənişdən sonra mənzili mənə təhvil vermiş və yerdə qalan razılaşdığımız 24.000 ABŞ dolları hissə-hissə məndən almışdır. Mənzil təmirsiz olduğundan, bu müddət ərzində tərəfimdən tam təmir edilmişdir. Mənzilin alqı-satqısını həyata keçirilməsinə razılaşdığımız vaxt tamamında, alqı-satqını rasmiləşdirilməsinə gələndə, bundan imtina etmiş, güya mənzili mənə kirayəyə verdiyi bəhanəsi ilə mənzilimənzildən çıxarmağım barədə iddia qaldırmışdır.

Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-76/2017 saylı, 31 may 2017-ci il tarixli qətnaməsi ilə mülkiyyətçı baxımından iddiası təmin edilərək, məni ailəmlə birgə Bakı şəhəri, Suraxanı rayonu Suraxanı qəsəbəsi, A.Rzayev küçəsi, 75 saylı evin, 20-ci mənzilindən çıxarılması təmin edilmişdir. Lakin mənzilə görə məndən aldığı 24000 ABŞ dolları və mənzilin təmirinə sərf edilmiş 6107 manat pulun Həmidova Arzu Əlisahib qızından alınıb mənə verilməsi də eyni qətnamə ilə qət edilmişdir.

Qeyd olunan qətnamə əsasında verilmiş icra sənədinin icrası ilkin olaraq Suraxanı rayon icra şöbəsinə tapşırılmışdır. Suraxanı rayon icra şöbəsinin icra məmuru məndən xəbərsiz kağız üzərində mənzili boşaldıb, Arzu Həmidova təhvil vermişdir. O, da bundan istifadə edib, mənzili anasının adına rəsmiləşdirilmişdir.

İcra sənədinin xeyrimə pulun alınması hisəsi isə icra edilməmiş və cavabdehin qeydiyyatda olduğu ünvan üzrə Nərimanov rayon icra və probasiya şöbəsinə göndərilmiş və hazırda həmin şöbəsinin icrasındadır.

Mənim evdən çıxarmağım hissəsində qətnamə dərhal icra edilmiş, mənə qarşı dələduzluq etmiş Arzu Həmidova bundan yaraqlanıb, tərəfimdən təmir edilmiş mənzili kirayə verib, qazanc əldə edir. Qətnamənin eyni mənzilə görə ödənilmiş pulun alınıb mənə verilməsi ilə bağlı Azru Həmidova qarşı hissəsinin icrası isə hər dəfə bir bəhanə ilə yubadılaraq, borcluya qarşı hüquqi təsir-tədbirlərindən istifadə edilmir.

Halbu ki, mənzildən çıxarılma və pulun qaytarılması eyni qətnamə ilə müəyyən və qət edilmişdir. Onda necə olur ki, mənə satılıb, əvəzi tam şəkildə tərəfimdən ödənilmiş mənzil əlimdən alınir, amma həmin mənzil üçün ödədiyim pulun mənə geri qaytarılması təmin edilmir? Axı bu ədalətsizlik və qəbul edilməz ayri-seçkilikdir. Əlində bu iki qarşılıqlı tələb olaraq, eyni zamanda, pul alınıb mənə veriləndən sonra mənzil geri verilməli idi. Mənzili mənə satmaq adı altında məni aldadaraq küllü həcmdə vəsaitimi ələ keçirən Arzu Həmidovanın hərəkətləri göz qabağında olmaqla, düşünülmüş dələduzluqdur. Mən isə bu dələduzluğun qurbanı olmuşam. Belə çıxmır ki, Suraxanı icra şöbəsi dələduzlara xidmət edir?

Qətnamənin qanuni qüvvəsini almasından 2 il müddət keçməsinə baxmayaraq, icra ilə bağlı yönlü bir işin görülməsi mümkün olmamışdır ki, buna da bir sıra sublektiv səbəblər vardır.

Belə ki, borclu Həmidova Arzu Əlisahib qızı məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş öhdəlikdən yayına biləcəyi düşüncəsi ilə adına olan əmlakları, öz anasının adına rəsmiləşdirmişdir. Bu işdə də ona dəsdək Suraxanı icra şöbəsi olmuşdur.

Ona görə də işə baxmış Suraxanı rayon məhkəməsi, Suraxanı icra şöbəsinin ‘‘mənzilin təhvil verilməsi ilə bağlı icra sənədinə xitam verilməsi’’ barədə qərarını ləğv etmiş, icra sənədinin mənzildən çıxarma və pulun alınması iki hissəsini eyni vəziyyətə gətirmişdir.

Lakin Suraxanı rayon icra şöbəsi bununla bağlı heç bir hərəkət etməmiş və hazırda da hərəkətsizlikdə davam etməkdədir. Bu da Arzu Həmidovaya istədiyi kimi qanunsuz hərəkətlərinin davam etdirməsinə münbit şərait yaratmışdır. Üstünə də gedəndə deyir ki, pulumu verib, icra ilə işimi həll etmişəm. Bu necə olur?

Ona görə də Sizlərə müraciət etmək məcburiyyətində qalmışam.

Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-76/2017 saylı, 31 may 2017-ci il tarixli qətnaməsi əsasında verilmiş ‘‘mənzildən çıxarma ilə bağlı’’icra sənədinin Suraxanı rayon icra şöbəsindən alınıb, qətnamənin ‘‘pulun alınması hissəsi ilə bağlı’’ icra sənədinin icrası həyata keçirilən Nərimanov rayon icra şöbəsində birləşdirilib, bir icraatda icra edilməsini üçün müvafiq tədbirlərin görülməsini bununla da hər bir tərəfin qanun qarşısında bərabərlik prinsipinin bərpa edilməsini dönə-dönə xahiş edirəm. Əvvəlcədən sizlərə təşəkkürümü bildirirəm”.

Son xəbərlər
Bütün xəbərlər »