Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Davos Azərbaycana, Azərbaycan da Davosa maraq göstərir" - Açıqlama

Xəbər verdiyimiz kimi yanvarın 21-dən 24-dək Davosda Dünya İqtisadi Forumu keçiriləcək.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrə Konfederasiyasına işgüzar səfəri başlayıb.

Hər il bir mövzunu əhatə edən forumun bu ilki mövzusu budur: “Maraqlı tərəflər sabit və sıx birləşmiş dünya tərəfdarıdır!” Dünya İqtisadi Forumunun əhəmiyyəti, onun Azərbaycan üçün faydaları mövzusunda müsahibimiz siyasi şərhçi, Beynəlxalq İnsan Haqları Komitəsinin (Human rights) Azərbaycan üzrə direktor müavini Elçin Axundzadədir.

Elçin Axundzadə Elçin Axundzadə

“Öncə onu bildirim ki, əsası Klaus Şvab tərəfindən 1971-ci ildə qoyulmuş Davos İqtisadi Forumu 1973-cü ilədək əsasən iqtisadi məsələlərin müzakirə olunduğu platforma kimi fəaliyyət göstərib. Bu il 50-ci dəfə keçirilən Dünya İqtisadi Forumuna 1973-cü ildən bəri siyasətçilər də qoşulur.

Bu da onun mahiyyətini daha da genişləndirir. Forumun işinə hər il dünyanın 70-dən çox dövlət və hökumət başçısı, 150-dən çox dövlətin nümayəndəsi, 1000-dən çox dünya əhəmiyyətli şirkət, 3000-dən çox insan qatılır. Bu Forum dünyada qlobal miqyasda siyasi, iqtisadi, ətraf mühit, gender və dünyanın gələcək inkişafını müəyyənləşdirən bütün digər istiqamətlər üzrə sərbəst və inklüziv müzakirələri təşkil edən ən böyük platformadır.

Azərbaycanın, xüsusən dövlət başçısı İlham Əliyevin bu forumda iştirakı həmişə arzuolunandır və iştirakçılar tərəfindən maraqla qarşılanır. Çünki,“Doing Business” göstəricisinə görə bu gün biz bütün BRICS ölkələrini, Müstəqil Dövlətlər Birliyi ölkələrini, eləcə də bir çox Avropa ölkələrini qabaqlayırıq. Eyni zamanda, Azərbaycan dünyada cəmi üç-dörd ölkədən biridir ki, son 15-20 ildə sürətlə inkişaf edib. Bu nailiyyət dövlət və xalq birliyininsayəsində əldə olunub. Dövlət başçısı İlham Əliyev də məhz belə qeyd edir. Xarici ölkələrin nümayəndələrinin bununla bağlı suallarını Prezidentimiz belə cavablandırır: “Bizim fəaliyyətimizin kökündə Azərbaycan xalqı dayanır, bütün fəaliyyətimizi xalqımızın firavanlığına, dövlətimizin sabitliyinə və inkişafına yönəldirik”.

Azərbaycanda bu gün aparılan islahatlar, həyata keçirilən kompleks tədbirlər, infrastruktur quruculuğu və əldə olunan nəticələrlə məhz dövlətin möhkəmlənməsinə, xalqın sabahına, bu günkü rifahına hesablanıb.İqtisadi forumun Azərbaycan üçün əhəmiyyəti çox böyükdür.

Bu gün dünya yeni sənaye inqilabının ərəfəsindədir. Çox qısa bir müddətdən sonra, bəlkə 5-10 ildən, 15 ildən sonra bu gün bizim tanıdığımız, bildiyimiz peşələrin əksəriyyəti yoxa çıxacaq, onlara ehtiyac qalmayacaq. Bəs artan əhalini, artan iqtisadiyyatı, insanların rifah halını hansı yolla təmin etmək olar? Dövlət başçısı son keçirdiyi müşavirədə də qeyd etmişdi ki, əhalinin artması vacibdir, lakin bu artım eyni zamanda müəyyən qayğıları da özü ilə gətirir. Bu mənada gələcəyə iqtisadi cəhətdən hazır olmaq lazımdır.

Artıq insanları yeni peşələrə hazırlayan strategiyalar müəyyənləşdirilməlidir. Süni intellektin dominant rol oynayacağı dövrdə insanların peşəsini, ixtisasını necə dəyişəcəyi, öz əmək fəaliyyətini hansı şəraitdə davam etdirəcəyi istiqamətində indidən çalışmaq lazımdır.Bax Davos Forumu bu mənada yol göstərir, müxtəlif imkanlar yaradır.

Azərbaycanın qonşu və region dövlətləri ilə iqtisadi əməkdaşlığının və ölkəmizin güclənən iqtisadiyyatının bölgə ölkələrinin inkişafında əhəmiyyətli rolu var. Dünya İqtisadi Forumu bu rolu qiymətləndirir.

Cənab Prezident çıxışlarından biri zamanı qeyd edirdi ki, əgər biz hər hansı bir istiqamətdə irəli getmək istəyiriksə, bizim aydın baxışımız olmalıdır, proqramımız olmalıdır və onu həyata keçirəcək komandamız olmalıdır. Son günlər ölkədə həyata keçirilən islahatlar məhz bu sözlərin həyata keçməsi deməkdir və beynəlxalq alım bu prosesləri izləməmiş deyil.

Bilirsinizmi,investisiya ürkək olur. İnvestisiya özünə rahat, sabit, gələcəyi proqnozlaşdırıla bilən yerlər tapır. Bu mənada biz sabit ölkə olaraq xarici investisiya üçün maraqlı platformayıq.

49-cu Davos Dünya İqtisadi Forumunda müzakirə olunan əsas məsələlərdən biri, bəlkə də birincisi dollar ifadəsində dünyanın ən böyük layihəsi sayılan “Bir kəmər, bir yol” təşəbbüsü ilə bağlı sessiya idi. Dünyanın 70-ə yaxın ölkəsinin dövlət və hökumət başçılarından məhz Prezident İlham Əliyev həmin sessiyada iştirak ilə bağlı dəvət alır və ilk söz də Prezidentimizə verilmişdi.

Prezidentin builki Davos səfəri onun ümumi say etibarilə 14-cü səfəri idi. Dövlət başçısının bu Forumda iştirakı Azərbaycanın həm regional miqyasda, həm də dünya miqyasında artan rolunun və Prezident İlham Əliyevin şəxsinə yetirilən diqqətin bariz nümunəsidir. Prezidentimizin Forum çərçivəsində keçirdiyi görüşlər, orada səslənən fikirlər bunu deməyə əsas verir.

Bu gün İlham Əliyev Davosda Dünya İqtisadi Forumunun prezidenti Borge Brende ilə görüşdə ölkəmiz üçün dəyərli bir sazişə imza atıb.

Azərbaycan Hökuməti və Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzi arasında ilk dəfə olaraq əməkdaşlığın təməli qoyulub.

Bu sənəd bizim tərəfdaşlığa hazır olduğumuz göstərir , eyni zamanda Azərbaycan dördüncü sənaye inqilabının hədəflərinin həyata keçirilməsində çox fəal iştirak edəcək, vacib layihələrdə yaxşı tərəfdaşlar olacağıq”.

İlhamə Rəsulova, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »