Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ekspert dövlət maliyyəsinin idarə olunması barədə danışır

Son aylar Azərbaycanda dövlət siyasətində həyata keçirilən köklü islahatlar əhali tərəfindən maraqla izlənir və məmnunluqla qarşılanır. Dövlətin ayırdığı maliyyətnin məqsədyönlü və təyinatı üzrə istifadəsi görülən işlərin səmərəliliyinə xidmət edir.

Bəs dövlət maliyyəsinin idarə olunmasının təkmilləşdirilməsi istiqamətində hansı addımlar atılır? Bizimyol.info-nun sualını “Spektr” Araşdırma və İnkişaf Mərkəzinin İdarə Heyətinin sədri Ramil Abbasov cavablandırır.

Ramil Abbasov Ramil Abbasov

“Dövlət maliyyəsinin idarə olunmasının təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə fiskal dayanıqlılığın gücləndirilməsi və davamlı monetar siyasətin qəbul edilməsi qarşıya qoyulmuş əsas strateji hədəflərdən biri kimi müəyyən edilmiş və bu istiqamətdə Ortamüddətli Xərclər Çərçivəsinin (OMXÇ) tətbiqi və nəticəəsaslı büdcə mexanizminə keçidin təmin edilməsi nəzərdə tutulmuşdur. Qeyd olunan strateji hədəfin reallaşdırılması məqsədilə son illərdə ölkəmizdə dövlət maliyyəsinin idarə olunmasının təkmilləşdirilməsi istiqamətində bir sıra mühüm və genişmiqyaslı tədbirlər həyata keçirilmişdir. Burada Maliyyə Nazirliyinin aktiv fəaliyyəti xüsusi qeyd olunmalıdır. Orta və uzunmüddətli makroiqtisadi dayanıqlığı, maliyyə və borc intizamını təmin edən büdcə siyasətinin reallaşdırılması üçün makroiqtisadi və büdcə göstəricilərindən ibarət çərçivəni müəyyən edən büdcə qaydasının normativ hüquqi bazası formalaşdırılmış və onun tətbiqinə başlanılmışdır.

Büdcə qaydasının tətbiqi həm icmal büdcə xərclərinin artımına müəyyən bir limit tətbiq edilir, həm də icmal büdcənin qeyri-neft baza kəsirinin hər il azaldılması hədəflənir. Eyni zamanda icmal büdcənin yuxarı həddinin müəyyən edilməsində xalis maliyyə aktivləri və xərclənə bilən neft gelirlərinin proqnoz göstəriciləri də istifadə edilir. Əsas məqsəd qarşıdakı illərdə Neft Fondundan transfertin məbləğinin tədricən azaltmaq və buna paralel olaraq da qeyri-neft gəlirlərini artırmaqla uzunmüddətli fiskal dayanıqlığa, büdcə kəsinin və borclanmanın idarə olunan səviyyədə saxlanılmasına nail olmaqdır. Bundan əlavə qəbul edilmiş dövlət borcunun idarə olunması üzrə ortamüddətli strategiyaya uyğun olaraq qarşıya borclanma ilə bağlı müəyyən hədəflər qoyulmuşdur. Hesab edirəm ki, büdcə qaydasının tətbiqi büdcə xərclərinin neft gəlirlərindən asılılığının azalmasına və protsikilliyin aradan qaldırılmasına kömək edəcək. Eyni zamanda dövlət xərclərinin səmərəliliyinin və ünvanlılığının artırılması və nəticəəsaslı büdcə mexanizminə keçidin təşkil olunması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 avqust tarixli 235 nömrəli Fərmanı ilə “Ortamüddətli xərclər çərçivəsinin hazırlanması Qaydası” təsdiq edilmişdir.

İlkin olaraq pilot mərhələdə 3 sektor (Təhsil, Kənd Təsərrüfatı və Ətraf Mühitin Mühafizəsi) üzrə OMXÇ-nin 2021-ci ilin dövlət büdcəsi layihəsinin tərtibi prosesinə və büdcə təqviminə paralel olaraq tətbiqi nəzərdə tutulur. Eyni zamanda qeyd olunmalıdır ki, ötən il Maliyyə Nazirliyi tərəfindən “İlkin büdcə bəyanatı”nın açıqlanması və 2020-ci ilin büdcə layihəsi ilə birlikdə 18 adda məlumatın rəsmi internet səhifəsində yerləşdirilməsi dövlət maliyyə idarə edilməsində şəffaflığın və hesabatlılığın artırılması, ictimaiyyətin və vətəndaş cəmiyyəti institutlarının büdcə proseslərində iştirakının genişləndirilməsi və informasiyaya çıxışının təmin edilməsi istiqamətində mühüm addım hesab edilə bilər”.

İlhamə Rəsulova, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »