Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Emin Əliyev: “Oqtay Əsədovla rəqabətdən çəkinmirəm”

Əliyev Emin Fərail oğlu. 45 saylı Abşeron seçki dairəsindən deputatlığa namizəd. 1980-ci ildə anadan olub. Ali təhsillidir. 2000-ci ildə Azərbaycan Beynəlxalq Universitetinin hüquq fakültəsini bitirib. 2000-2001-ci illərdə hərbi xidmətdə olub. Hazırda “ERS Group company” şirkətinin Baş direktorudur.

- Parlamentə seçilməkdə məqsədiniz nədir?

- Mən namizədliyimi 45 saylı Abşeron seçki dairəsindən irəli sürmüşəm. Özüm Xırdalan sakiniyəm. Hesab edirəm ki, Abşeronun, Xırdalanın dərdini, problemini burada yaşayan adam bilər. Başqa yerdə yaşayaraq, Abşerondan deputat seçilmək camaatın dərdini bilməyərək, ona vəkillik etməkdir. Deputat seçilməkdə məqsədim birbaşa olaraq cənab prezident İlham Əliyevin, Birinci vitse-prezident, möhtərəm Mehriban xanımın apardığı siyasətə, islahatlara, insanların həyat tərzinin yaxşılaşdırılması baxımından gördükləri işlərə dəstək olmaq, əhali və hakimiyyət orqanları arasında olan qırılmış əlaqələri bərpa etməkdir.

- Niyə seçicilər digər namizədlər arasında məhz sizə səs verməlidir?

- Mən, Xırdalanda doğulmuşam. Həmin seçicilərin problemlərini kənardan izləmirəm. Mən həmin problemləri onlarla birlikdə yaşayıram, həmin problemlərlə hər gün rastlaşıram. Camaatın ümidi itib ki, onların problemlərini parlament səviyyəsində kimsə qaldıracaq. Sakinləri qınamalı deyil. Çünki, indiyə qədər həqiqətən də Abşeronun, Xırdalanın problemləri barədə Milli Məclisdə heç nə deyilməyib. Artıq üç çağırış Abşerondan deputat seçilən Milli Məclisin hazırki sədri Oqtay Əsədov, bir dəfə də olsun sakinlərin problemlərini səsləndirməyib. Mən, bu camaatın içindən çıxmışam. Abşeron rayonunun sakini kimi, deputat seçiləcəyim təqdirdə hamımızı birgə narahat edən problemləri səlahiyyətlərim çərçivəsində müvafiq orqanlara çatdırmaq, bu orqanlar qarşısında həmin problemləri aktuallaşdırmaq, hakimiyyət və xalq arasında intensiv münasibətlərin yaranması qarşıma qoyduğum məqsədlərdir.

- Sizin dairədən namizədlərdən biri Milli Məclisin hazırki sədri Oqtay Əsədovdur. Belə bir namizədlə rəqabətə girməkdən çəkinmirsizki?

- Qəti çəkinmirəm. Mən Oqtay Əsədovla nəinki rəqabətdən, hətta onunla debata girməkdən, Abşeronun problemlərini istənilən müstəvidə müzakirə etməkdən belə çəkinmirəm. Üç çağırış Abşerondan deputat olan adam, nə deputat kimi, nə parlamentin sədri kimi Abşeron üçün üç addım belə atmayıb. Elə biri mən özüm də daxil olmaqla, üç çağırış zamanı üç nəfər Abşeron sakinini qəbul etməyib. Üç çağırış 15 il deməkdir. Abşeron, Xırdalan camaatı dərdini deməyə adam axtarır. Amma hal-hazırda deputatımız olan Oqtay müəllimin Abşeronun, Xırdalanın küçələrindən belə xəbəri yoxdur. Abşeron sakini olmadığına görə, onu başa düşmək olar. Evdən işə və işdən evə gedib-gələrkən saatlarla tıxacda qalıb, əziyyət çəkən adamların dərdini, yol polisinin açdığı yolla, mühafizəçilərin müşaiyyəti ilə gedib-gələn insan necə başa düşə bilər? Yaşadığı yerə görə əziyyət çəkən insanların dərdini o başa düşə bilməz. Əgər Oqtay Əsədov Abşeron və abşeronluları az da olsa düşünürsə, gəlsin buranın dərdiyini məndən soruşsun. Çünki mən böyük problemlərlə yaşayan Abşeron və Xırdalan sakinlərinin bataqlıq içindən hakimiyyətə çatmayan səsini ifadə edirəm. Əslində 15 il ərzində bunları o etməli idi. İstənilən yerdə, istənilən müstəvidə onunla Abşeron problemlərini müzakirə edə bilərəm.

- Deputat seçiləcəyiniz təqdirdə Xırdalan şəhəri ilə bağlı hansı təkliflərlə çıxış etmək niyyətindəsiniz?

- Xırdalanın bir şəhər olaraq infrastrukturunun dəyişdirilməsi üçün təkliflər irəli sürəcəyəm. Xırdalanda sakinlərin külli miqdarda xərc çəkib, mülkiyyət əldə etməsinə baxmayaraq, bunu sübut edən sənədlərinin olmaması problemini qaldırmaq niyyətindəyəm. Bu günkü Xırdalanın ən böyük problemi olan yol məsələsini irəli çıxaracam. Xırdalanda böyük potensial var ki, yollar birtərəfli olsun. Hazırda ikitərəfli yolların birtərəfli olması, Xırdalan üçün dairəvi yolun tikilməsi məsələsini müvafiq strukturlar qarşısında qaldıracam. Bəzən olur ki, 10 kilometrlərlə artıq yol qət edirik ki, evimizə tıxaclara düşmədən, dərə-təpə yollara düşmədən gələ bilək. Xırdalana hazırda 3-4 yerdən giriş var, amma onların hamısı problemlidir. Bu da nəticədə sakinlərdə psixoloji gərginliyə, əsəbə, stresə səbəb olur. Rahat vaxtı Xırdalandan “20 Yanvar” metrostansiyasına 7-10 dəqiqəyə çatmaq olursa, günün pik vaxtlarında təksə elə Xırdalanın içindən çıxmaq saat yarım vaxt tələb edir. Bütün bu məsələlərin həlli müvafiq orqanlar qarşısında qaldırılacaq və müvafiq təkliflər veriləcək.

- Namizədliyinizi irəli sürdüyünüz 45 saylı Abşeron seçki dairəsinə Xırdalandan başqa daxil olan digər yaşayış məntəqələrinin problemlərini bilirsiniz?

- Təksə bu dairəyə daxil olan Məhəmmədli, Digah, Goradil, Fatmayi, Masazır, Mehdiabad, deyil, Abşeronun hər bir qarışı mənə də aiddir. Bu gün Abşeron, Xırdalan sosial mediada, internet məkanında satira hədəfinə, tənqid bazasına çevrilib. Bu tənqid şəxsən mənim üçün təhqirdir. Çünki mən orada doğulmuşam, orada yaşayıram. Abşeron, Xırdalanın həyatında dəyişiklik istəyirəm. Abşeron sakinlərinin internet məkanı izləmək belə imkanları elə də geniş deyil. Abşeron Bakıya ən yaxən rayon olmasına baxmayaraq burada normal internet, işığı normal gücündə vermək infrastrukturu yoxdur. Kəndlər var ki, ora axşam saat 9-dan sonra ictimai nəqliyyat gəlmir. Yay aylarında isə insanlar saatlarla öz bağ evlərinə gedib çıxa bilmirlər.

- Siz bu seçkilərdə özünüzə kimi və ya nəyi rəqib görürsünüz?

- Konkret olaraq heç kimi rəqib kimi görmürəm. Yeganə rəqibim insanların daxilindəki inamsızlıqdır. Mən bu inamsızlığı birgə dəyişdirməyi təklif edirəm. Seçicilərə təklif edirəm ki, səslərinin böyük rol oynadığını, böyük bir şey kəsb etdiyini anlasınlar. Seçiciləri səsvermədə aktiv iştiraka, ürəklə səs verməyə, inamsızlığı daxillərindən çıxararaq iştirak etməyə dəvət edirəm. Mən həmin o sıravi vətəndaşlardan biriyəm. Problemlərimizi, həyatımızı, yaşam tərzimizi birlikdə dəyişdirməyi təklif edirəm.

Son xəbərlər
Bütün xəbərlər »