Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Biz xalq olaraq küllərimizdən deyil, axan qanımızdan doğulduq

Sovet Ordusunun hərbi hisslərinin Azərbaycanda törətdiyi 20 Yanvar qətliamının 30 ili tamam oldu.

Hər il 20 yanvar hadisəsinin ildönümü ərəfəsində istər ölkə daxilində, istərsə də onun hüdudlarından kənarda silsilə tədbirlər keçirilir, faciəni əks etdirən filmlər, tamaşalar nümayiş olunur.

Rəsmi tədbirlər yüksək səviyyədə həyata keçirilir. Elə sadə xalq da bu günü ürək ağrısı, səmimi bir hüznlə yad edir. Lakin mənim diqqətimi çəkən bir məqam var. Ölkədə Aşura günü, dini yas mərasimləri qeyd edilərkən küçələrdə ehsan süfrələri qurulur, hər kəs açdığı süfrədən yoldan ötən şəxslərin dadmasını arzulayır, israr edirlər. Lakin 20Yanvar şəhidlərimiz üçün biz ehsan süfrələrini görmürük. Əslində bu kimi tədbirləri adətən rayon icra hakimiyyətləri edir keçirdikləri tədbirə 20 Yanvar” şəhidlərinin ailə üzvlərini və “20 Yanvar” əlillərni, rayonda fəaliyyət göstərən bəzi QHT nümayəndələri, Ağsaqqallar Şurasının rayon şöbələrinin nümayəndələrini və rayonda fəaliyyət göstərən dini icmaların nümayəndələrini dəvət edirlər. Lakin bu yenə Aşura mərasimlərində olduğu qədər hər kəsi əhatə etmir. Bu işdə əslində heç kimi günahlandırmaq olmaz. Ehsan vermək könül işidir. Lakin kiçik bir məsələ var ki, biz işğal edilən rayonlarımızın işğal gününü, 20 Yanvarı, Xocalı Soyqırımı gününü dini mərasimlərimiz qədər yüksək səviyyədə, birlik içində qeyd edə bilsək kimsənin siyasi oyunlarının xalqa gücü yetməzdi. Bu gün söz düşəndə bəzən gənclərimizə üz qızartısı kimi vurulur, “torpağı işğal altında olan millətin övladı olmaq” sözü. Amma biz müharibədə ermənilərə deyil, böyük siyasi oyunlarda itirdik Qarabağı. Ona görə millət olaraq Aşura günümüz 20 Yanvar günümüzdür.

Xatırlatma - 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, saat 23.30-da Bakı şəhərinə keçmiş Sovet İttifaqının qoşun hissələri tərəfindən fövqəladə vəziyyət elan edilmədən yeridilmiş və dinc əhaliyə divan tutulmuş, nəticəsində yüzlərlə insan qətlə yetirildiyi, yaralandığı və itkin düşdüyü qırğın. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışlar. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülmüşdür. Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda — yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilmişdir.

Sovet qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və Azərbaycan rayonlarında 146 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur; hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milislər olmuşdur.

Əzildik, üstümüzdən tanklarla keçildi, amma biz küllərindən doğan Səməndər quşu kimi yanmadıq, yüksəldik, qanımızdan doğulduq.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »