Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Amerikalı politoloq: Müharibə olsa, Azərbaycan Qarabağı azad edəcək

Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağın statusu ilə bağlı mübahisə, demək olar ki, 1991-ci ildə olduğu kimi qalır.

Bunu ABŞ dövlət katibinin postsovet məkanı üzrə sabiq xüsusi müşaviri, tanınmış politoloq Pol Qobl deyib.

Analitik bildirib ki, Ermənistan Azərbaycandan çox böyük ərazi güzəşti tələb edir, amma əvəzində heç bir təkliflə çıxış etmir.

Pol Qobl Pol Qobl

“Buna görə də Bakı və Yerevan müzakirə mövzusundan geri çəkilib. İndi iki beynəlxalq prinsipin hansının daha vacib olduğu üzərində müzakirələr gedir.

Dövlətlərin ərazi bütövlüyü, yoxsa xalqların öz müqəddəratını təyinetmə hüququ – bu dilemma mövcuddur”, - deyə P.Qobl əlavə edib.

Politoloq 1992-ci ildə özünün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı təklif etdiyi planı xatırladıb.

Həmin plan siyasi leksikona “Qobl planı” adı ilə daxil olub. Həmin plana görə, konfliktin həlli üçün tərəflər arasında ərazi mübadiləsi aparılmalıdır.

Belə ki, onun təklifinə görə, Azərbaycan Dağlıq Qarabağ və Laçın dəhlizini Ermənistana verir, Ermənistan isə Naxçıvanla dəhliz yaratmaq üçün Mehri rayonundan Azərbaycana ərazi ayırır.

Təbii ki, Azərbaycan heç zaman bu cür təkliflərlə razılaşmayıb, rəsmi Bakı bəyan edir ki, münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır.

P.Qobl açıqlamasında Qarabağda genişmiqyaslı əməliyyatlar başlayacağı təqdirdə, prosesin Azərbaycanın xeyrinə nəticələnəcəyini proqnozlaşdırıb.

“Qarabağ münaqişəsi ətrafında status-kvonun davam etməsi qarşıdurmanın güclənməsi ehtimalını çoxaldır”, - deyən P.Qobl əlavə edib ki, müharibə başlasa, Azərbaycan ordusu üstünlük qazanacaq.

O bildirib ki, hərbi əməliyyatlara start verilsə, Azərbaycan Ermənistan qoşunlarını Qarabağdan çıxarmağa nail olacaq. (oxu.az)

Son xəbərlər
Bütün xəbərlər »