Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yerin ayıbını örtən buludlar - Nemət Məmmədlinin "gizli saxladığı" şeirləri
Nemət Məmmədli, Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının həqiqi üzvü Nemət Məmmədli,

Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının həqiqi üzvü

PİTER SƏRÇƏSİYLƏ İLK GÖRÜŞÜM

Xeyir ola, boz sərçə,

Sən də məni tanımadın?

Pırr elədin, fırr elədin,

Cik-cik edib aralandın.

***

Düşünürdüm heç olmasa,

Sərçələrlə dil taparam.

Əgər işim alınmasa,

Sərçələrlə dostlaşaram.

***

Siz də belə, hürkək-bədbin,

Külək əsir əsim-əsim.

Külək qovan xəzəl kimi

Sınıq-salxaq, yazıq - miskin.

***

Qazanxana sobasının

Tüstüsündə qanad açıb,

Bacasında yuva salıb,

Mənliyini itirmisən.

***

Bir cik-cikin xatırladır

Haçalanmış soy-kökünü,

Heyif səndən, itirmisən

Həm simanı, həm özünü.

***

Elə biz də sənin kimi

İki şərin arasında-

Biri şimal, biri cənub,

Donmaq-yanmaq qovğasında.

Nemət Məmmədli

24.11.1964

DOSTLUQ HAQQINDA

Dostluğu ucuz tutmayın,

Əhd-peymanı unutmayın,

Bir şəxsə dost dedinizmi

Sınamağa çalışmayın:

- Sınaq özü tapar sizi.

İnsan oğlu çox qabildir,

Həm tez görür, həm tez anır.

Həyat isə dözümlüdür-

- Həm də sevir dözənləri,

Seçin uzaq görənləri.

Dostluq dastan, hekayədir,

Cahi-cəlal, sərmayədir.

Ülvi, təmiz, sədaqətli,

Uzun sürən, boran görən,

Ömürlərdə iz buraxan,

Bir çox insan nəsli üçün

Örnək olan bir nəğmədir.

- O nəğmə ki, ürəklərdə səda verir,

O nəğmə ki, məftun edir, hünər verir.

Sınamayın dostu-yarı,

Sınaq özü tapar sizi.

Dost işinə sədaqətdə,

Dost işinə məhəbbətdə,

Dost qayğısı tapar sizi.

Nemət

08.06.1980

ANAM QONAQ GƏLİB BİZƏ

Anam qonaq gəlib bizə, ay uşaqlar,

Bu gün dünya gəlib bizə, ay uşaqlar.

Tez yürüyün qabağına, dolaşmayın ayağına,

Kətil verin, otuzdurun, paltosunu soyundurun.

Sevinc gülüb üzümüzə, bahar gəlib evimizə,

Ay uşaqlar sakit olun, anam qonaq gəlib bizə.

Anam bizi yad edibdir, könlümüzü şad edibdir,

Özü ilə bu dünyanın ləzzətini gətiribdir.

Ay uşaqlar, fikir verin özünüzə,

Hərzə-hərzə danışmayın, qərəl qoyun sözünüzə,

Axı uşaq olsanız da bir düşünün:

Babanızın gözəl yarı, ən müqəddəs yadigarı,

Anam qonaq gəlib bizə.

Anamızın hər gəlişi sevinc olub,

Anamızın hər kəlməsi əziz olub,

Anamızdan ilham alıb yaşamışıq,

Anamızın istisinə qızınmışıq.

Nemət Məmmədli

25.12.1982

SABİRSAYAĞI

Nə vətən, nə torpaq, nə də xalq,

Çaşdıra bilməz bizi heç vaxt.

O böyük, həm də müqəddəs

Duyğular ancaq

Kitaba- dəftərə hopmuş qalacaq!

Vuracaqdır vətən oğlu

Nə qədər cüssədə can var.

Ötəcəkdir vətən oğlu

Hələ köksündə nəfəs var.

Qarabağ getsə də hərçənd, qəmi yox.

Nə qəmi, əvəzin verəcək kirvə əmi.

Elçilər və axçilər kukla kimi

Alacaq ağuşunu sübhə kimi.

Ya onu, ya səni, ya da məni...

Ağzını büzmə, amandır.

Demə ki, “belə-filandır”.

Babamız satdı kökündən,

Atamız “dostlar”a verdi.

Özümüz canlara satdıq:

Eyş-işrət sevənik, ah necə yatdıq!

Necə yatdıq, necə yatdıq!!

Guya xoş günlərə çatdıq,

Guya ki, ağlımız artdı.

Nəbilim ölkə azaddı,

Mədəniyyət belə artdı.

Üzümüz qar kimi ağdı.

Nə gərəkdir o böyüklükdə Vətən?

Bir kötük boyda şey olsa bəsimizdir.

Bir araq, bir neçə rumka tutacaq kətil olsa bəsimizdir.

Nemət Məmmədli

02.1989

XALQ ÖZÜ QULP QOYUR

Bu dünya mənasız nağıla bənzər,

Ünvansız fikirlər beynimdə gəzər.

Bilirəm axırı yoxdur dünyanın

Biri halal gəzər, biri cib kəsər.

***

Düşündüm bəlkə də hər şey düzələr,

Vaxt gələr haqq artar, yalan üzülər.

Amma aldanmışam, çox səhv etmişəm

Dəvənin boynu tək dünya düzələr.

***

Bu mismar deyəsən o divarındır,

Mənimsə təkcə bir divarım vardır.

Mən bu günümə də şükür edirəm,

Bir divar, bir mismar yaxşı ki, vardır.

***

Dünyanın ləzzəti qeylü-qaldadır,

Keçmiş müxalifət iqtidardadır.

O da gündən-günə sıxır ilgəyi,

Yazıq müxalifət xırxa-xırdadır.

***

Qovan kim, qaçan kim, məlum eləmir,

Amma tappa-turup, hənirti gəlir.

Deyəsən doğrudan axır zamandır,

Dünyanı saxlayan öküz tərpənir.

***

Mübariz deyir ki, mən mübarizəm!

Xalqa qulp qoyanı gərək mən əzəm!

Amma yaxşı olar, unutmasın ki,

Xalq özü qulp qoyur daim müntəzəm.

Nemət Məmmədli

21.11.1999

PULLA ZORUN TOZANAĞI

Həyat zəncirinin üç halqası var:

Biri puldur, biri zordur, biri toz.

Pul artdıqca canlandırır, zor artır.

Zor artdıqca hallandırır, toz artır.

***

Cavanlıqda zorun olur, pulun yox.

Qocalıqda tozun olur, zorun yox.

Çərxi-fələk gedər-gəlməz yolunda,

Öyünmə ki, pulun da var, zorun da.

***

Küllüklərdə ağnadan zor, qopan toz.

Harınladan izafi pul, artan zor.

O zaman ki, bazubəndlər qırılır,

Yetməyənin biri puldur, biri zor.

Nemət Məmmədli

02.11.2010

BAYRAM AXŞAMI

Bu gün bayram axşamı,

Sabah isə günüdür.

Çoxdan gözlədiyimiz,

Baharın ad günüdür.

***

Baharı təbrik edək,

Gül-çiçəyi bol olsun.

Bahara şeir deyək,

Qoy sevinci çox olsun.

***

Soyuq günlər azalsın,

Günəş qalxsın, ucalsın.

Külək getsin, meh gəlsin,

Bahar ərsəyə gəlsin.

***

Çiçəklənsin ağaclar,

Yaşıllaşsın yamaclar,

Qaçsın arxaya keçsin,

Soyuq günlər, şaxtalar.

***

Uşaqların şən səsi,

Tonqalların şöləsi,

Doldursun boşluqları,

Sevindirsin hər kəsi.

Nemət Məmmədli

19.03.2012

YASƏMƏN

Hər il yay öncəsi, açılanda sən,

Salxım çiçəyindən, təravətindən

Hüsnünə bir şeir yazmaq istərəm,

Sevimli çiçəyim, sevimli gülüm,

Yasəmən, a yasəmən!

***

Gözlərim axtarır vaxtın gələndə,

Peşiman oluram görüşməyəndə.

Duyuram qarşıma çıxacaqsan sən,

Sevimli çiçəyim, sevimli gülüm,

Yasəmən, a yasəmən!

***

Çəmən-çiçək həsrətindən-qüssəsindən,

İnsanların arasında şöhrətindən,

Xəbərdarsan, əylənirsən ətrinlə sən.

Sevimli çiçəyim, sevimli gülüm,

Yasəmən, a yasəmən!

***

Keçən il də əhdə vəfa göstərmədik,

Hardan gəlib, hara getdi may, bilmədik.

Doğrudanmı gizlənirik, ya mən, ya sən?

Sevimli çiçəyim, sevimli gülüm,

Yasəmən, a yasəmən!

Tərifin götürüb bütün aləmi,

Xoşbəxt eyləyirsən hər bir gülşəni.

Dünya dolu güldür, sən elə sənsən,

Sevimli çiçəyim, sevimli gülüm,

Yasəmən, a yasəmən!

Yasəməni gördün dər,

Dosta-tanışa göndər.

Dərməsən quruyacaq,

Gələn il olmayacaq.

***

Yasəməni dərmişəm,

Babama göndərmişəm.

Babam məni çox sevir,

İstəyini bilmişəm.

10.04.2012

Nemət Məmmədli

BAXİLLİ PLAZALARA HUMANİTAR YARDIM

Tax baxili ayağına

Gir həkimin qılığına,

Otaq-otaq gəzdirsin

Ciblərini kəsdirsin.

***

UZİ uzun qəzəldir,

Başlanğıcdır, əzəldir,

Dopler onun davamı

Görünməmiş məzədir.

***

Sonra sonsuz qramlar,

Uzun kardioqramlar.

Analizlər cürbəcür,

“EXO” verən dramlar.

***

Baxil çıxana qədər

Tüğyan edir qəm-kədər.

Baxil çıxandan sonra

Bağrını aptek dələr.

***

Baxil geydim, alışdım

Cələlərə dolaşdım.

Yaman qovğaya düşdüm,

Həkim gəldi, mən qaçdım.

***

Həkim sınağa düşdü,

İşbazlarla bölüşdü.

Tələ qurdu millətə

Yaman qınağa düşdü.

***

Allah andına dəysin,

Andın nəfsini kəssin.

Xalqa qənim kəsilən

Əməlin daşa dəysin.

Nemət Məmmədli

16.02.2014

NƏ YAXŞI Kİ, ÖLÜM VAR

Nə yaxşı ki, ölüm var,

Zülmün qəbir qazanı,

Susdurub-rahatlayır,

Hər yolunu azanı.

***

Allahını unudub,

Mənəm-mənəm deyənlər,

Özləri də bilmədən,

Bircə anda gedirlər.

***

İlahi, nə yaxşı ki,

Əməllərinlə varsan.

Qananı qandırırsan,

Qanmazı aparırsan.

***

Zəhminə qurban olum,

Vur, özündən deyəni.

Vur, qoy nakəslər görsün,

Zülmlə yüksələni.

***

Nə yaxşı ki, ölüm var,

Zülmün astanasında,

Haqlayır hərisləri,

Gözlə-qaş arasında.

Nemət Məmmədli

05.05.2015

STEYŞİN

İndi dostum, sən də yəqin bileyşin,

Stansiyalar dönüb oldu steyşin.

Kəndimizdə denikinçi İvanov,

Nə istəsək verməzdi ki, Steyşin.

***

Steyşa da onun nazlı dilbəri,

O mahalda tamam dillər əzbəri.

Kraxmallı, trıqkalı geyimli,

Danışığı incə, nazik, məzəli.

***

Həqarətlə İvanovu süzəndə,

Ucalardı pəzəvəngin gözündə.

“Nu-nu” deyib, yalvarardı biçarə,

Əyilərdi Steyşanın önündə.

***

İndi biz də o yollarla gedeyşin,

Deyirik ki, hər şeyimiz Steyşin.

Əzəmətli Koroğlu da Steyşin,

Nərimanov Nəriman da Steyşin.

***

Bir də dostum, heç vaxt unutmayeyşin,

Sırğa kimi qulağından aseyşin.

Təzə-köhnə nəyimiz var dünyada

Nizami də - Nəsimi də Steyşin.

Qazımız da, qozumuz da Steyşin!

Nemət Məmmədli

15.07.2015 il

NUR ÇƏLƏNGİ ATALAR

Mümkün qədər əzizləyin

Yaddan çıxmış ataları.

Onlardır şöhrətləndirən

Eşqə layiq anaları.

***

Ataları unutmayın,

Qoymayın darıxsınlar.

Onlar qayğı istəyir,

Təklikdən yatmasınlar.

***

Atalar arxamızdır,

Həm də zirehteştimiz.

Onurğa sütunumuz

Əsas güvənc yerimiz.

***

Bizimçün oda atan

Canını atalardır.

Şöhrət-şan axtarmayan

Qayğıkeş atalardır.

***

Bir kəlməsi, bir sözü

Bəs edər məqamında.

Xeyir-duası saxlar

Allahın amanında.

***

Bir an da qaçırmayın

Ataları nəzərdən,

Yel ötməsin üstündən,

Qoruyun bəd-nəzərdən.

***

Başımızın tacıdır

Qeyrət rəmzi atalar,

Dərdlərin əlacıdır

Nur çələngi atalar!

***

Bircə göz qırpımında

Siz də qocalarsınız.

Ləyaqətli olsanız

Əvəzini alarsız.

Nemət Məmmədli

25.07.2016 - Lazni

Qurani-Kərim : Ey insanlar Allahdan qorxun!

Allahın qorxusunun

Xofu qəlbində olsa,

Kamillik zirvəsinə

Çox asan ucalarsan.

***

Ədalətə üz tutub

Mərhəmət qazanarsan.

Cəlbedən görüntülər

Dolaşdırmaz nəfsini.

***

Asan yollarla gedib

Taparsan qismətini.

Qəlbinlə dəf edərsən

İnamın həsrətini.

***

Çəkməzsən bu dünyanın

Qəmini, qüssəsini.

Bilərsən ki, Allahın

Nəzəri üstündədir.

İnamın səninlədir,

İmanın səninlədir.

Nemət Məmmədli

20.06.2016

ANAMI İSTƏYİRƏM

Yaman qəribsəmişəm,

Anamı istəyirəm.

Düşüncələr içində

Qəfildən diksinirəm.

* * *

Qəlbimin aynasında

Görürəm çöhrəsini.

Eşidirəm uzaqdan

Gələn ayaq səsini.

* * *

Lap körpə uşaq kimi

Anama sarışardım.

Qucağında qızınıb

Üz-gözünü yalardım.

* * *

Anamın baxışına

Ehtiyacım çoxalıb.

Keçmişə qayıdıram,

Həsrətim qanadlanıb.

* * *

Səfərdən qayıdanda

Soruşardım anamdan

Bəlkə, bir şey gərəkdir?

Deyərdi, yox ay balam.

* * *

Deyərdim bir şey istə

Arzuna şərik olum.

Deyərdi hər şeyim var

Özün gəl rahat olum.

* * *

Mən biləni indi də

Deyəcəksən rahatam-

Bir tərəfimdə bacın,

Bir tərəfimdə atan.

İlkin də oradadır,

Qərib dediyin qızın.

Həsrətini çəkirəm

Burada hamınızın.

* * *

Getdikcə təklənirəm

Yaş artır, qəm də artır.

Fikrim qalıb intizar

Hərə bir yana dartır.

* * *

Zəmanənin qovğası

Qovurur varlığımı.

Heç kəsdən imdad yoxdur

Soram havadarımı.

* * *

Dövran qapdırdı məni

Ala-qara itlərə.

Ömrüm tarımar oldu,

Əsir düşdüm kütlərə

* * *

İndi ümid sənədir,

Ruhuna qurban ana.

Gəl yuxuma danışaq,

Sal fikrimi səhmana.

* * *

Ətrafıma boylanıb

Hey səni axtarıram.

Sənin sorağındayam,

Səninçün darıxıram,

Səninçün darıxıram!

Nemət Məmmədli

30.08.2016

DOSENT DOSTLARIMA

Və mən də

Nazim Hikmətin

təbirincə

bu gündən, müntəzəm olaraq,

sağ qalarsam əgər,

Milli Məclisin qarşısında söykənib

polis maşınlarına,

bala-bala

böhrandan sağ çıxmış

qoca dosent dostlarıma

bayram axşamlarında tar çalacağam!

Tünd eynək taxacağam,

gözlərimi yumacağam!

Görməmək üçün

onların

qəhərdən boğulmağın,

sevincdən ağlamağın

ki,

onları da saydılar,

keçənləri andılar,

qalanlara

sayğı dolu can sağlığı arzuladılar!

Nemət Məmmədli

19.10.2016

MİLLİ YALAN

Yalan, yalan, yalan, yalan!

Yer də yalan, göy də yalan!

Küçə-küçə, palan-palan,

Məhlə-məhlə, dalan-dalan.

Orda yalan, burda yalan,

Səhər yalan, axşam yalan,

Nə eşitsən bil ki, yalan.

Su da yalan, qaz da yalan,

İşıq yalan, zülmət yalan.

Od tut alış, oda qalan.

Aldın yalan, satdın yalan,

Kim-kimədir, nədən desən,

Ağlın kəsən hər bir şeydən

Söylə yalan zaman-zaman.

Küçə yalan, səki yalan,

Düşüb həqiqətə talan.

Təhsil yalan, tədris yalan,

Elm yalan, helm yalan.

Diplom alır pulu olan,

Kölgədədir ağlı olan.

Məmurları can urlayır

Rövnəqlənir milli yalan.

Dost da yalan, tost da yalan,

Yurdunu sev, gendə dayan.

Vətən nədir, ölkə nədir?

Yerliçilik edir tüğyan.

Sən də giriş qəlbdən-candan,

Hərif olma işə calan,

Söylə yalan, kimdi qanan.

Bala-bala, asta-asta,

Çalış yalan, danış yalan

Yorulmadan, usanmadan -

Əxlaqından, meyarından,

Analoqsuz cəlalından.

Tarix boyu zülm görmüş,

Döydürülmüş, söydürülmüş,

Var-yoxu talan edilmiş,

İşbazlara əsir düşmüş

Qoca şərqin nur qapısı

Azərbaycan, Azərbaycan!

Nemət Məmmədli

25.12.2016

“BAŞBİLƏNLƏRƏ”

Komet keçər, ulduz axdı deyərlər,

Oba köçər, yurdu qaldı deyərlər.

Müxənnəsin nəyi qalar deyəndə,

Ağız büzüb çiyinlərin çəkərlər.

*****

İş dolaşar, qazıya üz tutarlar,

Su bulanar, kənkanı arayarlar.

Vay o gündən millət ola biganə,

Zurna ilə göbək rəqsi çalarlar.

*****

Bir ibrətə çatmayırsa mərfəti

Qohum-qardaş pərakəndə külfətin.

Bundan da çox artacaqdır zillətin,

Hara baxır mənim əzvay millətim?

*****

“Başbilənlər”, nə düşmüsüz möhnətə,

Öyrənmisiz ada, sana, şöhrətə.

Təltiflərin hamısını almısız,

Haqq sözündən iraq düşüb qalmısız.

*****

Müəllimlərin ödənişlə öyrədir,

Həkimlərin işbazlara söykənir.

Polislərin cibimizə zillənir,

Apar qaytar, bu yaşayış deyildir.

*****

Adı qalıb Azəribaycanımın,

Xəritədə gördüyünüz kölgədir.

Bacaranlar çoxdan gedib xaricə,

Qeyrətlilər ya ölüb, ya xəstədir.

Nemət Məmmədli

10.09.2017

20-ci əsrin əvvəlində M.Hadi:

İngilislə fransız

Hər ikisi imansız.

Bizə iynə verməsə,

Qalacağıq tumansız.

(30.04.2018)

Həmid Herisli

Mənim 100 il sonrakı cavabım:

Fransızla ingilis

Kimə yaxşı, kimə pis.

Bizimçün fərqi yoxdur

London olsun ya Paris.

* * *

Hər ikisi avropa

Dünyanı tutub topa.

Şərqə divan tutublar,

Talan edib soyublar.

* * *

Nə iynəsi, düyməsi

Gərəyimiz deyildir.

İndi pampers əsridir.

Daha tuman geyilmir.

04.05.2018

YERİN AYIBINI ÖRTƏN BULUDLAR

Ağlağan buludlar sıxlaşır yenə,

Hönkürtü qataraq ünsiyyətinə.

Bir şimşək gərəkdir boşalmaq üçün,

Yerin alovlanan müsibətinə.

***

Yerə su gərəkdir paklanmaq üçün,

Çirkabı təmizdən ayırmaq üçün.

Havadan asılı haram nə varsa,

Zülmət dərələrə axıtmaq üçün.

***

Görünən çirkabı yumağa nə var,

Bununçün həm günəş, həm də ozon var.

Qəlbdəki çirkabı yumaq çətindir,

Qəlbdə mərəz dolu məkrli qan var.

***

Qandır dünyamızı qana qərq edən,

Qandır insanlığı tar-mar edən.

Qana susamışlar indi başdadır,

Onlardır dünyanı bir rəngdə görən.

***

Yerin ayıbını örtən buludlar,

Sıxlaşın, boşalın ara vermədən.

Döndərin dünyanı sel sularına,

Arayın, aparın macal vermədən.

Nemət Məmmədli

16.04.20

MİRZƏ ŞƏFİ VAZEHƏ CAVAB

Mirzə Şəfi Vazeh:

Bilməm necə yaşayım?

Namusla, ya bəxtiyar.

Bunların arasında

Böyük bir uçurum var.

Mirzə Şəfi Vazehə cavab:

Namusla yaşayanlar

Bəxtiyar ola bilməz.

Namusun kəramətin

Hər insan çəkə bilməz.

* * *

Namus haqqa aparan

Daşlı-kəsəkli yoldur.

Bu yolun keşmə-keşi

Uçurumlar yoludur.

* * *

Bəxtiyarlıq nağıldır,

Şirin, məzəli nağıl.

Bəxti yara çevirən

Nə gücdür nə də ağıl.

* * *

Qeyrətin yerindəsə,

Namusun əlindədir.

Bu vəhdəti qorusan,

Bəxtin də səninlədir.

08.01.2018

ƏZRAİL YOL ÜSTDƏDİR

Dünyamız təzələnir,

Bədxahlar məzələnir.

Köhnə bazar, təzə nırx,

Qiymətlər cilvələnir.

***

Dərmanlar bahalanır,

Alanlar havalanır.

Arzular yoxa çıxır,

Ümid Allaha qalır.

***

Atası məmur oğlan,

Bir az ağılla dolan.

Həya et baxanlardan,

Qonşulardan, dostlardan.

***

Bəyirtdiyin “Mazda” dır,

Ayaqların qazdadır.

Həsrətin “Formula”da,

Fikrin pilotlardadır.

***

Dünya bir pəncərədir,

Hər gələn baxar, gedər.

Ağıllılar pərişan,

Axmaqlar naçar gedər.

***

Çaşmayın ey naqislər,

Var-dövlətə hərislər!

Nə yığsanız qalacaq,

Torpaq sizi lüt istər.

***

Əzrail yol üstdədir,

Hədiyyəsi qüssədir.

Millətin düşmənləri

Hamısı hədəfdədir.

Nemət Məmmədli

03.05.2019

HALALA DÖNƏK, DOSTLAR!

Halala dönək dostlar, halala,

Düşməmək üçün pis hala.

Haram bizi sökəcək,

Qayıtmasaq düz yola.

***

Halal dadlı-ləzzətli,

Ruzi-bərəkətlidir.

Həm də duzlu-çörəkli,

Açıq süfrə deməkdir.

***

Halal müsəlmanlığın

Əsas əlamətidir.

Keyfiyyət nümunəsi,

Dadı - şərafətidir.

***

Haram işə girişən

Əvvəl-axır dolaşar.

Haramı üstün bilən,

Tez təntiyər, tez çaşar.

***

Halala dönək, dostlar,

Haramdan iraq duraq.

Allah verən ömürü

Şərəflə başa vuraq.

Nemət Məmmədli

07.05.2019

Musa Yaqubun “BU DÜNYANIN QARA DAŞI GÖYƏRMƏZ” şeirinə nəzirə

BU DÜNYANIN QARA DAŞI GÖYƏRMƏSƏ YAXŞIDIR

Musa Yaqub qara daşı göyərtməyə çalışır,

Düşündükcə qəlbim başı şölələnir, alışır.

Qara daşın ölçüləri hər millətin naxışıdır,

Bu dünyanın qara daşı göyərməsə yaxşıdır.

***

Göyərdikcə böyüyəcək, başımıza düşəcək,

Leyləklərin çöp yuvası pərən-pərən düşəcək.

Göy çəməndə yanan ocaq daş altında sönəcək,

Bu dünyanın qara daşı göyərməsə yaxşıdır.

***

Nə Gülyanaq, nə Alyanaq qalmayacaq dünyada,

Qara bulud böyüyəcək, qaralacaq səmada.

Körpə budaq büzüşəcək qasırğalı havada,

Bu dünyanın qara daşı göyərməsə yaxşıdır.

***

Daş altında ot göyərməz nə cığırda, nə izdə,

Qayalıqda tufanlanmaz, çalxalanmaz dəniz də.

Bəs mən yazıq bu həşirdə səni sevim nə üzlə,

Bu dünyanın qara daşı göyərməsə yaxşıdır.

***

Araz boyu Təbriz deyib, çox mənalar sezmişik,

Düşünməyin! Yorulmuşuq, darıxmışıq, bezmişik.

Qəlbimizə daş bağlayıb dostu-yarı seçmişik,

Bu dünyanın qara daşı göyərməsə yaxşıdır.

***

Şair təbi vüsət alıb, coşub-aşıb daşanda,

Təbiətin qanunları unudulur bir anda.

Üzüyola millətimiz çaşıb qalır, arada,

Bu dünyanın qara daşı göyərməsə yaxşıdır,

Millətimiz ümidini itirməsə yaxşıdır.

Nemət Məmmədli

10.05.2019

Son xəbərlər
Bütün xəbərlər »