Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nərminlə bağlı daha bir xəbər yayıldı: "Qatil cinayətini etiraf edib"

Tovuz rayonu Dondar Quşçu kəndində Nərminin qətlində şübhəli bilinən şəxs cinayəti etiraf edib.

News24.az xəbər verir ki, hazırda polis tərəfindən dindirilən İlkinin soyadı Süleymanovdur.

O, cinayəti törətdiyini etiraf edib. Onun ciddi psixoloji problemi olduğu bildirilir.

***

"Bizim Yol"un şərhi: 

Gün ərizndə Nərminin qatilinin saxlandığı barədə xəbərlər yayılsa da, rəsmi qurumlar bu xəbərlərin üzərindən sükutla keçiblər. Sonradan medianın sorğusunu cavablandıran DİN mətbuat xidməti saxlanma faktını təkzib etmişdi.  Mərhun qızın da əmisi əvvəlcə "qatil" barədə məlumat vermiş, sonra fikirlərini geri götürmüşdü.

Bununla belə, Nərminin qatili olduğu deyilən İlkin Süleymanovun saxlanılması ilə bağlı qeyri-rəsmi xəbərlər gəlməkdə davam edir. Rəsmi qurumlar isə hələ də təfərrüatlı açıqlama verməyə tələsmirlər.

***

Bu gün səhər xəbər yayılıb ki, Baş Prokurorluq, Dövlət Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyinin birgə apardığı istintaq nəticəsində cinayəti törədən şəxs müəyyən edilib. Gün ərzində bütün media bu xəbəri tirajlayıb.

Amma adıçəkilən hüquq-mühafizə orqanları "partlamaq" həddinə çatan ictimai rəyə sayğızıslıq göstərərək heç bir şəkildə reaksiya verməyib, təsdiq və ya təkzib şəklində heç bir açıqlama verməyiblər.

Nəhayət, saytlardan hansısa biri DİN-ə sorğu verib və qurum qərara gəlib ki, yayılan xəbərləri təkzib etsin. Yəqin ki, bu barədə xəbərlər mətbuata kənd sakinləri və ya orqanlardakı mənbələrdən çatıb və həqiqət olması ehtimalı böyükdür. Amma rəsmi qurumlar gün ərzində bu xəbərləri rəsmən təsdiqləməyə və ya təkzib etməyə tələsməyiblər və ictimai rəyə növbəti dəfə hötmətsizlik göstəriblər.

Bəs xəbərlər ölkəni bürüdüyü saatlar ərzində bu qurumlar nə işlə məşğul idilər? Görünən budur ki, yayılan xəbərlərdə həqiqət payı var və hüquq-mühafizə orqanları "təsdiq və ya təkzib"lə bağlı hələ də qəti qərara gələ bilmirlər. Yəni bu qurumların saatlar boyunca susması kifayət qədər şübhəli davranış tərzidir.

Gün ərzində mərhum qızın əmisi də şübhəli şəxs olaraq saxlanıldığı deyilən şəxs barədə məlumat vermişdi, amma az sonra həmin şəxsdən də açıqlama gəldi ki, heç kim saxlanılmayıb. Yəni ehtimal etmək olar ki, həqiqətən də kimsə saxlanılıb, amma həmin şəxsə ittiham elan etmək üçün əsaslar kifayət qədər olmadığına görə rəsmi qurumlar "nə etməli" sualına cavab axtarırlar.

Hər halda yaxşı olardı ki, hüquq-mühafizə orqanları ictimai rəyə hörmət göstərib yayılan xəbərlərə çevik şəkildə reaksiya verərdilər. Az sonra həmin şəxsin həqiqətən də saxlanıldığı barədə rəsmi xəbərlər gəlsə, təəccüblənməyin. Bizim hüquq-mühafizə orqanlarının iş prinsipləri belədir: Ləçək qoparıb fal açmaqla qərar qəbul edirlər.

"Bizim Yol" olaraq bu xəbərləri yaymazdan əvvəl 1 saatdan da çox gözlədik, amma bu qurumlardan təkzib gəlməyincə yaymağa qərar verdik. Çünki hesab etdik ki, belə böyük xəbər dalğası yalan olsaydı, bu qurumlar çevik reaksiya verərdilər. Görünür, rəsmi qurumlarımız barədə yenə də əsassız olaraq çox yüksək fikirdə olmuşuq.

Sonda bir daha qeyd edək ki, həqiqətən də kiminsə şübhəli şəxs qismində saxlanıldığına inanırıq. Amma bu qisimdə maksimum saxlama müddəti 48 saatdır - bu müddət bitmədən adam ya azad olunmalı, ya da tutarlı dəlillərlə təqsirləndirilən şəxs qismində cəlb olunmalıdır. Bununla bağlı qərarı isə məhkəmə verir və lazım gələrsə, həbs qətimkan tədbiri seçir. Görünən budur ki, rəsmi qurumlar saxlanılan şəxsə ittiham elan etməyə tam hazır olmadıqlarına görə saxlanma barədə açıqlamanı ləngidirlər. Hazır olandan sonra saxlanma barədə protokol tərtib olunacaq və rəsmi açıqlama da gələcək.

Bütün bunların nəticəsi isə odur ki, ictimai rəy növbəti dəfə rəsmi qurumlar tərəfindən təhqir olundu.

***

Yeniləmə - saat 16:40: Nə qədər acınacaqlı olsa da, proqnoz etdiyimiz kimi, az əvvəl Baş Prokurorluq və Daxili İşlər Nazirliyi İlkin Süleymanovun şübhəli şəxs qismində saxlanılması barədə açıqlama yayıblar. Bəyanatdan bəlli olur ki, rəsmi açıqlama şübhəli şəxsin etiraf ifadəsindən sonra verilib. Ehtimal etdiyimiz kimi, rəsmi qurumlar məhz həmin ifadəni göğzlədiklərinə görə "təkzib-təsdiq" oyunu oynayıblar. Əvəzində isə oxucular məlum "təkzib"dən sonra media qurumlarını yalan məlumat yaymaqda ittiham edərək təhqir atəşinə tutmuşdular.

"Bizim Yol"

Son xəbərlər
Bütün xəbərlər »