Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Heydər Əliyev küçəsi ilə bağlı icra hakimiyyətindən açıqlama

Son günlər bəzi “feysbuk” sosial şəbəkə istifadəçiləri tərəfindən Abşeron rayonunun Ceyranbatan qəsəbəsindəki Heydər Əliyev küçəsinin yararsız hala düşmüş hissəsinin şəkilləri yayılıb.

Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətindən Bizimyol.info-ya bildirilib ki, sözügedən küçə Ceyranbatan bələdiyyəsinin balansındadır.

“Ona görə də bələdiyyə tərəfindən H.Əliyev küçəsi bir neçə dəfə bərpa edilib, düzəldilib. Buna baxmayaraq yağış sularının və ağır tonnajlı avtomobillərin təsiri nəticəsində küçənin bəzi yerləri yenidən yararsız hala düşüb. Sözügedən küçədə yağış sularının axıdılması üçün drenaj sisteminin çəkilməsinə və əsaslı şəkildə asfalt örtüyünün salınması ehtiyac vardır. Hələlik isə bu işləri həyata keçirmək üçün Ceyranbatan qəsəbə bələdiyyəsinin büdcəsi imkan vermir”,-deyə icra hakimiyyətindən bildirilib.

Məlumatda qeyd olunub ki, Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən bələdiyyələrin kiçik büdcələrinin olması nəzərə alınaraq rayonun Ceyranbatan, Mehdiabad, Saray, Masazır, Qobu kənd və qəsəbələrində ümumilikdə 17 küçənin (23.8 kilometr) asfaltlanması ilə bağlı həm Prezident Administrasiyasına, həm də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müraciət olunub: “Ceyranbatan qəsəbəsindəki sözügedən küçə də bu siyahıya aiddir. Məlumat üçün bildirək ki, artıq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həmin küçəyə baxış keçirilib, layihə-smeta sənədləri hazırlanıb. Vəsait ayrıldığı təqdirdə agentlik tərəfindən həmin küçələr asfaltlanacaqdır.”

Qeyd edək ki, hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Xırdalan şəhərində 1 prospekt və 4 küçənin asfaltlanması işləri həyata keçirilir”.

Ramid İbrahimov, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »