Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Politoloq ABŞ-ın İranı “gözümçıxdıya” salmasının səbəblərini açıqladı

Bizimyol.info-nun suallarına politoloq Elşən Manafov cavab verir.

- Elşən müəllim, ABŞ nə üçün İranı “gözümçıxdıya” salıb, qara siyahıya daxil edib. Məsələ təbii ki, yalnız Qasim Süleymaninin öldürülməsi ilə əlaqədar deyil.Bunun əsas səbəbləri nələrdir? ABŞ uzun müddət nüvə enerjisini bəhanə edərək İrana sanksiyalar tətbiq etməkdədir.

Elşən Manafov Elşən Manafov

- Məsələ heç də İranın nüvə silahına yiyələnmək istəyində deyil. Əvvəla, MAQATE deyilən təşkilat İranın uranın zənginləşdirilməsi istiqamətindəki bütün çalışamalarını tam nəzarətdə saxlayır və İran öz öhdəliklərini yerinə yetirir. Sadəcə, ABŞ-ın İrandakı islam rejimini devirmək üçün kifayət qədər səbəbləri var.

Birincisi, islamçı rejim ABŞ-ın yaxın Şərqdəki siyasətini dəstəkləmir. Qəbul etmir və alternativ mövqe göstərir. İkincisi, İranın ərəb dövlətləri arasındakı mövqeyi ABŞ-ı məmnun etmir. Üçüncüsü İranın ABŞ-ın güclü rəqibləri olan Rusiya, Çin kimi dövlətlərlə müttəfiqlik etməsi İranın ABŞ tərəfindən cəzalanmasına səbəb olur. İranın kifayət qədər ciddi, monolit cəmiyyət olması, silahlanması, yetərli gücə sahib orduya sahib olması Vaşinqtonu məmnun etmir və o İran ordusunun gücünü də yoxlamaq istəyir. Başqa bir səbəb İranın zəngin karbohidrogen ehtiyatlarıdır. Neft-qaz resurslarıdır. İran yeganə müsəlman ölkədir ki, ABŞ-ın enerji siyasətinə boyun əymir və müstəqil qərarlar qəbul edir. ABŞ şah rejimi zamanı olduğu kimi neft siyasətində azadlığa nail olmaq istəyir. İran hökuməti ABŞ-ın bir qütblü dünya siyasətinə boyun əymir və alternativ mövqe sərgiləyir. Çox qütblü dünyanın tərəfdarı olduğunu bəyan edir. Bu əsas səbəblərdən biridir. Amma İranın nüvə enerjisindən dinc məqsədlərlə istifadə etmək hüququ var. ABŞ bunu bilir, lakin qəbul etmək istəmir.

- İranın ABŞ-ın hərbi bazalarına hücum xəbəri qarşı tərəfdən təkzib edildi. Başlanacaq müharibə dünyanın siyasi xəritəsində hansı dəyişikliklərə səbəb ola bilər və dünya bu müharibənin başlanmasında maraqlıdırmı?

- Əgər bu məlumatlar təsdiqini taparsa, ABŞ beynəlxalq birlik qarşısında hörmətini itirməmək üçün adekvat addımlar atmaq məcburiyyətində qalmalıydı. ABŞ-ın addımı müharibəyə səbəb olardı və bu yalnız iki dövlət arasında qalmayıb ətrafa sıçrayardı. Rusiya, Çin, Türkiyə bu məsələyə sadəcə müşahidəçi olaraq yanaşmayacaq. Türkiyə ABŞ-ın yenidən regionda hakim mövqeyə sahib olmasına razılıq verməz. O Suriyadan böyük əziyyətlə vurub çıxardığı İŞİD-in yenidən ABŞ vasitəsilə bölgəyə ayaq açmasına razı ola bilməz. Çin dünya bazarında neftin qiymətinin artmasında maraqlı deyil və İrandan neft asılılığı var. 35 faiz nefti İrandan alır. Bu mənada müharibənin alovlanmasını istəməz. Üstəgəl ABŞ-ın bölgədə kifayət qədər böyük hərbi qüvvələri var və bir də İsrail faktorunu gözardı etmək olmaz. Bundan əlavə İranın şiə dünyasında- Livanda və Yəməndə nüfuzu var. NATO faktorunu da nəzərdə alsaq Çin və Rusiya burda kənarda qalmayacaq. Bu müharibə baş versə yəqin İraq ərazisində alovlanacaq . Bu da İraqda maraqları olan dövlətlərin ürəyincə deyil. Tramp özü də etiraf etmişdi ki, İraqa girmək üçün ciddi səbəb yox idi. Guya Səddam Hüseyni cəzalandırmaq istəyirdi. 11 sentyabr hadisələri əslində ayrı- ayrı müsəman dövlətlərinin ərazisinə girib neft yataqlarına sahib olmaq və bölgədə söz sahibi olmaq üçün istifadə etdi. Buna görə dünya birliyi iki dövlət arasında növbəti müharibənin başlamaması üçün əlindən gələni edəcək.

İlhamə Rəsulova, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »