Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“ABŞ İrana qarşı irimiqyaslı hərbi əməliyyata başlamayacaq” - Açıqlama

Hazırda İran Dövlət Televiziyası ilə çıxış edən Ali dini lideri Əli Xameneyi bildirib ki, dünya dəyişəcək və hər kəs buna şahid olacaq.

Bu gün İran Dövlət Televiziyası ilə çıxış edən Ali dini lideri Əli Xamenei bildirib ki, “dünya dəyişəcək və hər kəs buna şahid olacaq. İran vətəndaşlarının dünya qarşısında hər cür imkanları var. Biz lazımi addımları atacağıq. Bu gün görünən və bütün dünyanın müşahidə etdiyi budur. Hər zaman yadınızda saxlayın. Az sayda döyüşçülər qalib gəlirlər. Allahın yardımı ilə bu böyük gücü hərəkətə keçirməliyik, olanları unutmamalıyıq”.

Əli Xamenei bu bəyanatla nə demək istəyib? Hadisələr hansı məcrada davam edəcək?

Bizimyol.info-nun sualını politoloq Azər Rəşidoğlu cavablayır:

Azər Rəşidoğlu Azər Rəşidoğlu

“Bu bəyanat əsəb savaşının tərkib hissəsidir. ABŞ təkqütblü dünya qurmaq istəyir, İran bu ssenariyə mane olur. Xüsusən, Suriyada İranın bu dərəcədə möhkəmlənməsi Vaşinqtonun maraqlarına cavab vermir. Lakin bu gərginliyə yalnız ABŞ- İran münasibətləri prizmasından yanaşmaq da yanlış olardı. Məsələn, belə bir fakta diqqət yetirin.

General Qasım Süleymaninin öldürülməsi xəbəri dünya neft bazarına dərhal təsirini göstərib. Son hadisəni təhlil edən ekspertlər düşünürlər ki, neftin qiyməti 100 dollar ola və daha da yüksəyə bilər. Enerjiyə olan ehtiyacın artması bundan əvvəlki böhranda neftin qiymətlərini və inflyasiyanı artırıb dünya iqtisadiyyatının inkişafının ləngiməsinə səbəb olmuşdu. Görünən budur ki, artıq dünyada növbəti böhran yetişməkdədir. Yaxın Şərqdə gərginliyin geniş miqyas alacağı danılmazdır. Rusiya da daha da fəallaşa bilər. General Süleymaninin qətlinin bütövlükdə regionu çox mürəkkəb, xaotik situasiyaya sürükləyə biləcəyi barədə proqnozlar səsləndirilir.

ABŞ prezidenti Trampın faktiki olaraq İrana müharibə elan etdiyini düşünən ekspertlər bu addımın bölgədə vəziyyəti son dərəcə gərginləşdiridiyini proqnozlaşdırır. Bölgədə yeni savaş rüzgarları əsir. Lakin heç bir halda ABŞ İrana qarşı irimiqyaslı hərbi əməliyyata başlamayacaq. Burada bir məqama da diqqət edək. General Qasım Süleymaninin ölümü ilə bölgədə yeni məzhəb savaşı da alovlana bilər. Bu qətlin bütöv regionu silkələyə bilməsi ehtimalı istisna edilmir.

Nəticənin necə olacağını demək çətindir. Lakin indidən aydındır ki, Yaxın Şərq və ona yaxın regionlar riskli bir geosiyasi vəziyyətə sürüklənir. General Süleymaninin qətlinə Tehran cavab tədbiri kimi terror aktları həyata keçirməyə başlayıb. Gələcəkdə də ABŞ-ın İraqda, Livanda, Suriyada, Səudiyyə Ərəbistanında və Avropa ölkələrində obyektlərinə və vətəndaşlarına Tehranın hücumlar təşkil etməsi mümkün görünür. Bu gün ABŞ-a qarşı savaşda İran kiçik görünür. Lakin İranın güclü kəşfiyyatı və ideologiyası mövcuddur. Bir müddət sonra ABŞ və İran bölgəyə təsir imkanlarını müzakirə edib, razılığa gələcəklər, Bu savaşa sürüklənən ölkələr isə oyundan kənar vəziyyətdə qalacaq. Odur ki, prosesləri sadəcə olaraq müşahidə etmək ən düzgün yol olardı”.

İlhamə Rəsulova, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »