Əgər İraq rəhbərliyi ABŞ-ın bu ölkədə yerləşdirilmiş qoşunlarını oradan çıxarmağa cəhd edərsə, onda Bağdada qarşı ciddi sanksiyalar tətbiq olunacaq.
Bunu ABŞ Prezidenti Donald Tramp deyib.
Xatırladaq ki, Bağdad aeroportu yaxınlığında maşınların konvoyuna Pentaqon tərəfindən aviazərbələr endirilməsi nəticəsində iranlı general Qasım Süleymani öldürüləndən sonra İraq parlamenti Vaşinqtondan öz qoşunlarını bu ölkədən çıxarmasını tələb edib.
Tramp isə bazar günü Florida ştatında özünə məxsus Mar-a-Laqo kurortunda istirahətdən sonra Prezident təyyarəsində Vaşinqtona qayıdarkən jurnalistlərə bəyan edib: “Biz İraqda çox pul xərcləmişik. Orada bizim çox bahalı aviabazamız var. Onun tikintisi bir neçə milyard dollara başa gəlib... Əgər onlar bunun əvəzini ödəməsələr biz oradan getməyəcəyik. Biz onlara qarşı indiyə qədər görmədikləri sanksiyalar tətbiq edəcəyik”. (Virtualaz.org)