Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İsti kabab, təzə fətir...

Replika

Bu yaxınlarda Dövlət Təhlükəsizlik Xidməti Ağstafada və Yevlaxda böyük səs-küyə səbəb olan əməliyyatlar keçirdi. Ağstafa rayonunun icra hakimiyyətinin başçısı Nizaməddin Quliyev və onun birinci müavini Ramiz Tatarov, eləcə də, Yevlaxın keçmiş icra başçısı Qoca Səmədov həbs edildilər. Onlar yerli idarə, müəssisə rəhbərlərindən, sahibkarlardan rüşvət almaqda, eləcə, ictimai işlərə cəlb olunmuş işsiz aztəminatlı şəxslərə dövlətin ayırdığı vəsaiti nağdılaşdıraraq mənimsəməkdə günahlandırıldılar və məhkəməyə qədər 4 aylıq həbs olundular. Buna qədər Nizaməddin Quliyevin Goranboy rayon icra hakimiyyətinin başçısı vəzifəsində də eyni əməlləri törətməsi haqqında məlumatlar var.

Adları çəkilən rayonların Milli Məclisdə ümumilikdə 6 deputatı olub. 48 saylı Yevlax seçki dairəsindən İlham Məmmədov, 49 saylı Yevlax-Mingəçevir seçki dairəsindən Əli Hüseynli, 96 saylı Goranboy Naftalan seçki dairəsindən Mahir Aslanov, 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsindən Ağalar Vəliyev, 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsindən Ülviyyə Ağayevə və nəhayət, ən maraqlısı, 108 saylı Ağstafa seçki dairəsindən Nizami Cəfərərov 1 noyabr 2015-ci ildə mandat almış və bu günə qədər o mandatları daşıyırlar.

Bu qədər deputat nədənsə təmsil etdikləri seçicilərə qarşı baş verən KÜTLƏVİ qanunsuzluqları görməyiblər. Və 27 dekabr 2019-cu ildə Yeni Azərbaycan Partiyası bu siyahıdakı adamlardan üçünü İlham Məmmədovu, Əli Hüseynlini, eləcə də, Ağalar Vəliyevi yenidən elə həmin dairələrdən deputatlığa namizəd göstərib. Akademik Nizami Cəfərov, İlham Məmmədov, “Azəraqrartikinti”nin başçısı Ağalar Vəliyev son 4 il ərzində öz seçicilərinin başına gətirilən qanunsuzluqlardan “xəbərsiz” olublar. İlham Məmmədov modern.az saytına verdiyi açıqlamada deyir: “Daim xalqın yanında olmaq, onun çətinliklərini öyrənmək və problemlərinin həlli istiqamətində tədbirlər görmək Prezident İlham Əliyevin həyat tərzidir. Məmurlar da, hər bir şəxs də bundan nümunə götürməlidirlər”.

Bəs, İlham Məmmədov özü niyə nümunə götürməyib?! Həm də Milli Məclisdə sosial siyasət, səhiyyə komitələrinin üzvü ola-ola. Yevlaxda camaatı soyublar, icra başçısı dayanmadan rüşvət yığıb, hətta yetim-yesirə ayrılan vəsaiti də talayıb. Ancaq İlham Məmmədov nədənsə bunu “görməyib”. Heç şikayət edən yox idimi? Yoxsa şikayətə baxan olmayıb?! Maraqlı suallardır. Eynisi Nizami Cəfərova daha çox aiddir. Əgər dilçi akademik AYIQ BAŞLA camaatı dinləmiş olaydı, xalqın dilindən anlasaydı, Nizaməddin Quliyev belə qanunsuzluqlara yol verə bilərdimi?! Hər halda Nizami Cəfərovun sözü “ən yuxarı”lara qədər gedib çatırdı. Bir rayonun deputat mandatı təkcə o bölgənin istirahət məkanlarında isti kababdan yeyib, təmiz araqdan içib, yağlı sağlıqlar demək üçün deyil, camaatın dərdinə, sərinə qulaq vermək üçündür.

Bu yazdıqlarımız təkcə Ağstafaya, Yevlaxa aid deyil, bütün rayonlar belədir. Sanki ikisində varmış da, başqalarında yoxmuş kimi davranmaq da nə deməkdir. Yaxşı, tutaq ki, YAP bu adamlara yenidən həmin rayonlarda mandat verir, bəs bunlar niyə götürür?! Düzdür, Ağstafada, Yevlaxda həmin həbslər olana qədər Nizami Cəfərov da, İlham Məmmədov da, Əli Hüseynli də artıq bütün 99 nəfər deputatla birlikdə özlərin buraxdırmaq qərarına çoxdan səs vermişdilər (özlərini burax(dır)mışdılar). Budur, yenidən YAP həmin adamların mandatını qaytarıb özünə vermək istəyir. YAP sədrinin müavini Əli Əhmədovun “möhtəşəm güc” adlandırdığı bir partiyaya yaraşarmı?! Bəs Siyavuş Novruzov dayanmadan təkrar-təkrar deyirdi ki, bütün YAP-çı deputatların gördüyü-görmədiyi işlər araşdırılır və bundan sonra namizədlikləri irəli sürülür?! Hanı? Nəyi araşdırmısınız?! Necə araşdırmısınız?! İcra başçıları tutub süpürgəçinin, bağbanın əlindən maaş katını alıb, pulu çıxarıb yeyib, bu deputatlar da durub baxıblar. Ya da heç baxmayıblar. Tutaq ki, araşdırmamısınız. DTX-nın əməliyyatı da bəs etmədimi ki, bu deputatların öz mandatını yerinə yetirib-yetirmədiyindən şübhələnəsiniz?! (DTX niyə Yevlaxda dayandı, başqa rayonlara da niyə baş çəkmədi?! Baş çəkirmi və ya baş çəkəcəkmi? Bu da ayrı sualdır. İnşalah ki, ÇƏKİR). Və bu, deputatların islahatlarla ayaqlaşmağa güclü ayaqları olmayıb, bəs insanların dərdlərini eşidən qulaqları da yox idi?! Hansı siyasi və mənəvi haqla yenidən mandat istəyəcəklər?! Məncə, bu qədər sual çox oldu. Bir az daha olsa, ayaqlaşa bilməyəcəklər. Heç olmasa, bu sualların cavablarını versinlər.

Bahəddin Həzi
Son xəbərlər
Bütün xəbərlər »