Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prezident və Avrointeqrasiya

İlham Əliyevin yerli telekanallara müsahibəsindəki mesajlara dair

Prezident İlham Əliyevin yerli telekanallara müsahibəsi ətrafında müzakirələr davam edir. Bunun da səbəbi var; bu müsahibədə ölkədə hazırda gedən proseslərə və strateji planlamaya dair xeyli yeni mesajlar var. Əlbəttə ki, müsahibədə toxunulan mövzular, demək olar ki, əksərən ənənəvi məsələlərlə bağlıdır. Ancaq buna dair şərhlərdə məsələlərə yeni yanaşmaların olduğu geniş şəkidə vurğulanır. Bunlar haqda biz də öz fikirlərimizi mümkün olduqca, qısa formada şərh etməyə çalışacağıq.

Prezidentin bu müsahibədə verdiyi iki ən mühüm mesajl toxunmaq istərdim. Bunlardan biri ümumi siyasətlə bağlıdır. Daxildə cəmiyyətlə işləmək, xarivi siyasətdə qonşu ölkələrlə münasibətləri tarazlıqda saxlamaq. Prezident bunu sabitliyin əsas qarantları kimi görür. Bu yanaşmanın səbəbi məlumdur; hətta ən çox münaqişələr də, müharibələr də bir-biri ilə qonşu olan dövlətlər arasında baş verir. Azərbaycan bu tendensiyanı öz nümunəsində sındırmaq istəyir; yaxın qonşu uzaq dostdan yaxşıdır deyə. Bu, xarici siyasətdə yeni yanaşmadır. Bir çox dövlətlər qonşularından qaynaqlanan, yaxud qaynaqlana biləcək problemlərə qarşı uzaqda müttəfiqlər axtarmaq yolunu seçir (təbii ki, bu geosiyasətin qanunauyğunluğudur). Ancaq bir də bunun əksini düşünmək də var. Uzaqdan qaynaqlanan təhlükələr daha böyük və daha realdırsa...

Azərbaycan yerləşdiyi regionda daha çox işləməyə, daha çox möhkəmlənməyə səy göstərir. Prezidentin müsahibəsindəki ilk sualdan bu görünür. Əgər doğru anladıqsa, bu, yaxın çevrədəki dövlətlərlə daha sıx işləmək zərurətinin vurğulanmasıdır; qıraqdakı “dost”ların maraqları üzündən yaxındakı qonşular təhlükə mənbəyinə çevrilə bilər. Qonşular Türkiyə, Rusiya, İran, eləcə də, Qazaxıstan və Türkmənistandır. Bu siyahıda təhlükənin daha çox haralardan gələ biləcəyinə də işarələr var: Rusiya və İran. Ermənistanla bağlı məsələ aydındır; açıq müharibədəyik və bu münaqişənin həlli də yenə regionun böyük dövlətlərinin, xüsusilə, Rusiyanın mövqeyinə daha çox bağlıdır. Yəni Azərbaycan Prezidentiin dediklərindən belə anladıq ki, böyük qonşularla münaqişədən qaçmağın yolunu onlarla dostluğun möhkəmləndirlməsində görür. Uzaqdakı müttəfiqlərin vədlərinə inanıb Rusiya ilə açıq qarşıdurmaya gedən və ölkəsi parçalanan hökumətləri misal gətirdi. Ad çəkmir, ancaq Ukraynanın nəzərdə tutulduğu məlumdur.

Burdan ikinci mesajın şərhinə keçək. Prezidentin müsahibədə bir daha Avrointeqrasiya məsələsinə ehtiyatlı yanaşması da, çox ehtimal ki, əvvəldə yazdığımız faktorlara dayanır. Bəli, Avrointeqrasiya məsələsinə dair mövqeyini ötən ay Bakı Dövlət Universitetinin 100 illik yubiley mərasimindəki çıxışında önə sürmüşdü. Bu dəfə - müsahibədə buna daha geniş izah verdi. Bu məsələ ilə bağlı ölkənin siyasi sistemindəki qüvvələr arasında çox ciddi mübahisələr getdi. Siyasi müxalifətin bir kəsimi Avropa İttifaqının Azərbaycanla saziş imzalamaqdan imtina etdiyi iddiasını önə sürdü. Bunun da insan hüquqlarının və azadlıqların məhdudlaşdırılması ilə bağlı olduğunu dedi. Bu məsələdə razılaşma olmursa, sənəd heç imzalanmasa yaxşıdır deyə mövqe tutdular. Başqa bir kəsim hökumətin Aİ ilə sazişi imzalamasını öngördü. Avrointeqrasiya tərəfdarları deyir ki, Avropa İttifaqı demokratiya və insan hüquqları məsələsinə önəm verir, bunu da İlham Əliyev istəmir. İddia olunur ki, Aİ ilə inteqrasiya sazişi imzalansa, o zaman buraya Qərbin böyük sərmayələri gələcək, bank faizləri aşağı düşəcək, rəqabətli iqtisadiyat və dayanıqlı sosial rifah model yaranacaq, bu da ardınca dərin siyasi islahatlara yol açacaq. Beləliklə, ölkədə siyasi və iqtisadi inhisarçılığa son qoyulacaq və sair və ilaxır. . Ancaq Prezident Əliyev şərh etdiyimiz müsahibədə bunun belə olmadığını deyir. O, sazişi imzalamaq istəməyən tərəfin Azərbaycan olduğunu vurğulayır. Ancaq bunun səbəblərinin yuxarıda sadaladığımızdan fərqli və daha çox iki amillə bağlı olduğunu deyir: Birincisi, qarşı tərəf Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyündə israr edir. İlham Əliyev isə deyir ki, Azərbaycanın ixracatının əsas hissəsi neft-qaz ehtiyatları olduğuna görə, ÜTT-ə daxil olmağa ehtiyac yoxdur; o halda daxili istehsal çökəcək. Üstəlik, onu əsas gətirir ki, ÜTT-dəki əsas tərəfdaşlar arasında ticarət müharibəsi getdiyi və hətta ABŞ bu qurumda üzvlüyünə yenidən baxdığı zaman ora üzv olmağa tələsmək doğru deyil. Yəni Azərbaycan o halda böyük iqtisadiyyatlar arasında gedən ticarət müharibələrinin tam da ortasına düşəcək və bundan zərər çəkəcək. İkinci səbəb kimi, qazın ixrac qiyməti ilə bağlı mübahisəni əsas gətirir.

Prezidentin müsahibısindən bu sitata fikir verin: “Belə bir bənd təklif olunur ki, Azərbaycanda təbii qazın daxili qiyməti ixrac qiyməti ilə bərabərlik təşkil etsin. Reallıqda bu nə deməkdir, bunu anlamaq o qədər də çətin deyil. Hazırda Azərbaycan istehlakçılarının təxminən 85 faizi təbii qazı çox ucuz qiymətə, yəni, dövlət tərəfindən verilmiş subsidiya əsasında alır, qiymət də min kubmetr üçün 100 manatdır. İxrac qiyməti isə bundan bir neçə dəfə böyükdür. Əgər biz öz təbii qazımızı daxili qiymətlərlə satsaq, iqtisadiyyatımıza çox böyük ziyan dəyəcək. Çünki belə olan halda, ixrac qiyməti 58 dollar olmalıdır. Bu gün isə dünya bazarlarında, o cümlədən Avropa bazarlarında daxili qiymət, yəni, istehlakçıların ödədiyi qiymət təqribən 300, 400, 500 dollara bərabərdir. Bu, təqribən 1000 manata gəlib çıxacaq. Belə olan halda, biz daxili qiymətləri ən azı on dəfə qaldırmalıyıq. Belə olan halda, Azərbaycan vətəndaşları təbii qaz üçün 100 manat yox, 500 manat, ya da 700 manat ödəməli olacaqlar, bu, qətiyyən mümkün deyil. Ya da ki, biz böyük çətinliklə və böyük səylər göstərərək, böyük investisiyalar qoyaraq Cənub Qaz Dəhlizini demək olar ki, başa çatdıraraq xarici bazarlara öz qazımızı 58 dollara çatdırmalıyıq. Bu, qətiyyən qəbuledilməzdir və təəccüb edirəm ki, nə üçün bizim tərəfdaşlarımız, bu sadə məntiqlə, bu hesablamalarla razılaşa bilmirlər. Ona görə bu iki əsas məsələ razılaşdırılmamış qalır və bizim mövqeyimiz birmənalıdır”.

Əgər sazişin imzalanmaması bu iki səbəblə bağlıdırsa, deməli, Prezident İlham Əliyev fərqindədir ki, bu iki bənd Azərbaycanın daxili sabitliyini pozmağa gətirib çıxara bilər. Tarixdən misal: Venesuela hökuməti qarşısında ağır borclandığı Beynəlxalq Valyuta Fondunun tələbi ilə kommunal xidmətlərin haqqlarını kəskin (dəfələrlə) artırdı və 1988-ci il hadisələri yaşandı. Bu, hökumətin devrilməsinə və xalqın qəhrəmanlaşdırdığı, sonadan özü də diktatora çevrilən Uqo Çavesin hakimiyyətə gəlməsinə səbəb oldu.Qərb strateqlərinin hesablaması Azərbaycanda daxili tarazlığın pozulması, onların tam təsiri altında bir siyasi hakimiyyət konfiqurasiyasının qurulması, bu vəsilə ilə iqtisadiyyata, Azərbaycan bazarına bütünlüklə nəzarətin əldə olunması, Cənibi Qafqazın siyasi və iqtisadi fəthini yekunlaşdırıb, Rusiyanı buradan geri atmaq, İran və Mərkəzi Asiya kimi böyük bazarların sərhədlərinə ABŞ-dan daha tez çatmaq, Rusiyanın bitib tükənməyən təbii resurslarına çıxışı asanlaşdırmaq kimi orta və uzaq perspektivlərə yönəlib. Bir az sadə dillə desək, Prezident demək istəyir ki, Avropa İttifaqı Azərbaycanın öz vətəndaşlarına öz qazını Avropa bazarındakı qiymətlərlə - yəni indikindən 4-5 dəfə baha satmasını istəyir. Avropa İttifaqı Azərbaycanın ÜTT-ə daxil olaraq öz iqtisadi sərhədlərini həmin dövlətlərin öz vətəndaşlarına rəva görmədikləri aşağı keyfiyyətli malların üzünə açması, öz sənayesini, öz kənd təsərrüfatını çökdürməsini istəyir. Prezident Əliyev bunu belə görür və belə ifadə edir. Sonrakı suallara verdiyi cavablarda da bunlar açılır.

Avropaya inteqrasiya tərəfdarı olan müxalifətə qarşı kəskin mövqe tutmasının, bütün hakimiyyət strukturlarında sinxron – kəskin dönüşlü dəyişikliklər etməsinin, o cümlədən, növbədənkənar parlament seçkisinin, sosial paketin və sair kökünü burada olduğuna vurğu salır. Onun 2028-ci ildən başladığı kurs böyük sosial referanslarla (o cümlədən, məmur korpusunu vətəndaşların xidmətinə qoymaqla və büdcə paketində sosial ağırlığı artırmaqla) cəmiyyəti arxasına alaraq oliqarxiyanı zəiflədib sıradan çıxarmağa, yeni oliqarxların yaranmaması üçün gənc, resurslara çıxışı olmayan, klanlara bağlı olmayan texnokratlardan hökumət formalaşdırmağa, hətta bunu seçkili orqanlara da şamil etməyə hesablanıb. Avropa İttifaqı ilə sazişin siyasi tərəfləri ilə yanaşı və daha çox bəzi iqtisadi müddəaları İlham Əliyevin qurduğu indiki yeni strategiya ilə uyğun gəlmir. Bu müsahibədə Prezidentin aydın şəkildə önə sürdüyü əsas mesaj budur: o, hakimiyyətini cəmiyyətlə qarşıdurmaya sövq edərək daxildən və böyük qonşularla toqquşduraraq xaricdən təhdid edənlərə fürsət vermək istəmir; öz cəmiyyətinə anlatmağa çalışır ki, bu zaman təkcə hakimiyyət zərər görməz, hamı zərər görər. Böyük qonşulara da anlatmağa çalışır ki, əslində daha çox onlara yönəlmiş böyük təhlükəni görür və önləməyə çalışır. Ancaq belə bir təhlükə nə qədər realdır və Azərbaycan hakimiyyəti onun qarşısnda necə və nə qədər dayanacaq? Bu sualın cavabı tam ayrı bir məqalənin mövzusudur.

Bahəddin Həzi
Son xəbərlər
Bütün xəbərlər »