Suriyada Bəşər Əsəd rejimindən qaçanlar Türkiyəyə pənah gətirir. Daha 120 min suriyalı Türkiyə sərhədinə üz tutub.
Bizimyol.info xəbər verir ki, “Fırat Kalkanı” və “Zeytin Dalı” əməliyyatlarından sonra terrorçulardan təmizlənən ərazilərdə xeyli dinc əhali məskən salmışdı. Əsəd rejiminin növbəti ağır zərbələri onları qaçmaq məcburiyyətində qoyub. Sərhədi keçmək asan məsələ deyil. Buna görə də sərhədyanı ərazilərdə böyük çadır yerləri yaranıb.
Bundan əvvəl İdlibə üz tutanların sayı çoxalmışdı. Əhalisi 1,5 milyon nəfər olan şəhərdə 4 milyondan çox insan yaşamağa başlamışdı.
İndi dinc suriyalıların üz tutduğu hər yer təhlükə ocağına çevrilib. Ev-eşiyindən didərgin düşən Əhməd Bekru deyir ki, yaşayış yerləri dağıdılıb: “Uşaqlarımızı bombalardan qaçırdıq. Onların günahı nədir? Dövlət başçısı Rəcəb Tayyib Ərdoğana səslənirik. Biz ona güvənirik. Savaşı dayandırsınlar. BMT-dən də bunu tələb edirik. Əsəd və Putin müharibəni dayandırsın. Təhlükəsiz həyat istəyirik. Acılardan və savaşdan yorulduq”.
Mustaf Abu Dahil övladları ilə yanaşı, nəvələrini də xilas etməyə çalışır. Onun dediyinə görə, əvvəlcə İdlibə getmək istəyiblər, amma orada yaşamağa yer tapmayıblar.