Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bir “Azadlıq” əfsanəsi

Keçmiş günlərdən xatirə-dən reportaj

...Həmişəki işıqlı təbəsümü ilə salam verdi. Təmiz sini qalağına yaxınlaşdı, birini götürdü, içərisinə təmiz boşqab, çəngəl, qaşıq qoydu. Sonra da gəlib bizdən arxada – növbədə dayandı. İndi hünərin var, onu qabağa buraxmaq istə... Buna əvvəllər cəhd edənlər olmuşdu. Ancaq razı olmamışdı. Razı olmamaq bir yana, xətrinə dəymişdi. Buna görə kimsə növbəsini ona verməyə bu dəfə də cürət etmədi. Həmişəki kimi sırasını gözlədi. Növbə yetişdi. Tamara xanım (Toma xanım) qabına yemək çəkənə qədər o, Xanım xalanın kefini soruşdu, zarafatlaşdı, güldürdü. Sonra boylanıb boş stul axtardı, gətirib sinini masaya qoydu. Deyə-gülə nahar elədi. Eyni qayda ilə gedib özünə çay süzdü. Gətirib içdi. Bir az söhbətləşdi. Sonra yeməyini hələ bitirməyənlərə: “Nuş olsun” deyib çıxmaq istədi. Bu zaman Xanım xalanın çağırışına geri döndü.

...Xanım xalanın 70-80 yaşı olardı. Ancaq yaşına görə çox gümrahdı. Bir dəfə necə oldusa, Elçin Səlcuqla sözləri zarafatyana “çəpləşdi”. Elçin dedi: “Xanım xala, sənə Əzrayıl çoxdan “qayıb” yazır da, hii?!” O da qayıdıb şirin Bakı ləhcəsində cavab verdi: “Ədə, başın xərəbdü?! Mən Əzrayıla “qayıb” yazıram ey. Hanı? Gəlib çıxmır ki...”. Elçinin qəhqəhəsi bəlkə də Şamil Əzizbəyov küçəsinin o başında eşidildi. Xanım xala da ürəkdən güldü. Ağzında dişi yoxdu deyə, ya da köhnə qaydaya görə yaylığının ucu ilə yüngülcə yaşmaqlandı. Hə, bu Xanım xala redaksiyamızın təmizliyinə baxırdı, nahar vaxtı da yeməkxanada Toma xanıma kömək edirdi. Toma xanım redaksiyanın sürücüsü Fazil kişinin həyat yoldaşıydı. Fazil kişinin də həmişə iki sevimli mövzusu vardı: maşının mühərriki və beynəlxalq vəziyyət. Xanım xala da onların qohumu idi.

...Nəcəf bəy yeməkxananın qapısında dayanmışdı. Xanım xala yemək qazanlarının qoyulduğu mətbəx masasının arxasından çıxıb ona yaxınlaşdı. Yaylığının ucu ilə ağzını örtüb yaşlı insanın səmimiyyəti və çəkingənliyi ilə dedi:

- Süpürgəm xərəb olub. Soxaya qalmış day süpürmür. Fazil də yoxdu ki...

Nəcəf bəy cibindən köhnə Sovet 25-liyini çıxardı (o vaxt hələ Sovet İttifaqı dağılmamışdı).

Xanım xala bir 25-liyə, bir də Nəcəf bəyə baxdı. Gözlərini yerə zillədi:

- Yoox, axı bu, çoxdur...

- Sən bunu götür, get, elə süpürgə al ki, lap yaxşısı olsun. Dağılmasın. Özü süpürsün, heç sənə əziyyət verməsin.

İkisi də bir-birinə baxıb güldülər. Hami gülüşdü. Xanım xalanın gözləri yaşardı: “Allah səni saxlasın” deyib iyirmibeşliyi aldı, içəri keçdi.

Nəcəf bəy süpürgənin qiymətindən ən azı 25 qat çox pulu elə şirinliklə, elə ədəblə Xanım xalaya verdi ki... Hamı bu pulun Xanım xalaya kömək üçün verildiyini bildi. Ancaq bunu elə tərzdə elədi ki, Xanım xala bundan sıxılmasın. Başqası başqa vaxt bir manat artıq pul versəydi, Xanım xala götürməzdi. Ancaq bu gənc adam o pulu tənha, yoxsul və yaşlı, qadına verəndə elə xoş aura yaratdı ki, Xanım xala qarışıq hamı az qala elə bildi ki, süpürgənin qiyməti elə bu qədərdir və özü süpürür, Xanım xalaya da əziyyət olmayacaq.

...O aralar Nəcəf bəyin kefi çox kök idi. İkinci qızı dünyaya gəlmişdi. Səhər iclaslarında da zarafatlarından qalmırdı. Bir gün iclasda Elçin Səlcuq həmişəki kimi yenə coşmuşdu. Nəcəf bəy də körpə qızına aldığı oyuncağı əlində oynada-oynada Elçinə qulaq asırdı. Elə oyuncaqlar olur axı. Uşaq ağlayanda silkələyirsən, səs çıxarır, uşaq sakitləşir. Hə, Elçinin çıxışı kulminasiyaya çatanda Nəcəf bəy əlindəki oyuncağı Elçinə tərəf tutub sanki ağlayan körpəni sakitləşdirirmiş kimi yellətdi. Elçin sözünü yarımçıq dayandırıb bir anlıq duruxdu. Sonra qarnını tutub necə qəhqəhə çəkdisə, az qaldı stuldan yıxıla. Sonra da zarafatyana “ciddiləşib”: “Nəcəf bəəəy, mənim başımı oyuncaqla aldadırsan, bə niyə?! Hii?!” dedi və iclasdakıların gülüşündən redaksiya binası silkələndi az qala.

Elçin, Nəcəf bəyə “sən” deyə müraciət edirdi. Bir dəfə səbəbini soruşmuşdum. Gülüb dedi: “Biz dava yoldaşıyıq da bə”. Hansı dava? Nə davası? Bunun da tarixçəsi varmış. “Azadlıq” təzə-təzə çıxan vaxtlarda indiki “Azərbaycan”Nəşriyyatının mətbəəsində hələ də köhnə kommunist təfəkkürü ilə qəzetin nəşrinə öz aləmlərində çətinlik yaratmaq istəyənlər olmuşdu. Bir dəfə mətbəədə çapçılardan biri ilə Nəcəf bəyin sözü düz gəlmir. Mübahisə az qala əlbəyaxa davaya çevriləcəkmiş kimi bir yerə gəlib çıxır. Nəcəf bəy mədəni adam, sülh adamı. Elçin Səlcuq da ki davakar. Yeriyir qabağa və Nəcəf bəyin “əvəzindən” çapçıya öz yerini yumruqla göstərmək istəyir. Nəcəf bəy mane olur. Hətta Elçindən küsür, hirslənir də. İnsident yatışandan sonra aralarında maraqlı dialoq olur.

Nəcəf Nəcəfov

Nəcəf Nəcəfov:

- Elçin, sən niyə bizim söhbətimizə qoşulursan?

- Nəcəf bəy, nə söhbət?! Adam dava-dava deyir. Onu yerində oturtmaq lazımdı axı...

Nəcəf Nəcəfov:

- Tutalım, lap davadır. Ona mənim gücüm çatmır bəyəm?! Sən araya girəndə olur iki adamın bir nəfəri təkləməyi. Bu da düzgün deyil axı.

Elçin bunu mənə danışmışdı: “Nəcəf bəy sonuncu cümləni deyəndə qaşları çatılmışdı, mənə hirslənmişdi. Çox gərgin idi. Cümləsini bitirib dayandı. Qəfildən mənim çiynimi qucaqladı, bir-birimizə qoşulub gözlərimizdən yaş gələnə qədər güldük. O vaxt mənə elə gəldi ki, Nəcəf bəy daxilən hələ də bir körpə uşaqdır”.

Elçin Səlcuq

Bəli, içində bir körpə uşaq səmimiyəti var idi. Ancaq çox da inadkar, doğru bildiyindən dönməyən adamdı. Belə bir işıqlı, səmimi, mehriban insan haqsızlığa qarşı çox dözümsüz idi. Mənim yaxşı yadımdadır ki, qəzetin təsisçisi olan təşkilatın – Azərbaycan Xalq Cəbhəsinin sədrinin sürücüsü “Azadlıq” qəzetinin siyasi şərhçisi İsrail Musayevə qarşı fiziki zorakılıq tətbiq etmişdi. Nəcəf Nəcəfov buna görə təşkilatın rəhbərliyi qarşısında tələb qoymuşdu ki, İdarə Heyəti bu insidentə münasibət bildirsin. Həmin sürücü də İsraildən üzr istəsin. Hətta bu münasibət bir qədər gecikdiyinə görə, qəzetdə Xalq Cəbhəsini – “Azadlıq”qəzetinin təsisçisini davamlı tənqid edirdi, etiraz əlaməti olaraq qəzetin bir səhifəsini ağ buraxırdı. Eyni mövqeni AXC-nin əsas fəallarından biri, sonralar Elçibəy hökumətində daxili işlər naziri postunu tutan İsgəndər Həmidovla Hikmət Hacızadə arasındakı münaqişə zamanı da sərgiləmişdi, Nəcəf bəy. Sonralar İsgəndər Həmidov daxili işlər naziri olanda onun haqqında tənqidi yazılarıma görə, özünü “Boz Qurd” adlandıran bir qrup polis işçisi redaksiyamızın qarşısına gəlib... etiraz piketi (!) keçirmişdi. DİN-in Baş İdarə rəislərindən biri, məşhur “Lətifə” filminin dialoqlarının müəlliflərindən və quruluşçu rejissorlarından biri olan Nizami Musayev piketin qətnaməsini oxudu və redaksiyaya təqdim etdi. O zaman da Nəcəf bəy məni müdafiə etdi: “Jurnalistin yazdığı yazı haqlıdır” dedi. Özünün də təmsil olunduğu hökumətin o zaman qılıncının qəbzəsi də kəsən daxili işlər nazirinin qarşısından nəinki geri çəkildi, əksinə onun üstünə getdi. Daha sonra Nəcəf bəy İsgəndər Həmidovla bir də qarşı-qarşıya gəldi. İsgəndər Həmidov “Ayna”-“Zerkalo” qəzetinin əməkdaşı Cahangir Hüseynovu döymüşdü. Nəcəf bəy bütün jurnalistləri “Azadlıq” qəzetinin həyətinə topladı. İsgəndər Həmidov üzərində faktik “media məhkəməsi” qurdu. İsgəndər Həmidov özü də ora gəlmişdi: “Mən onu nazir kimi deyil, İsgəndər kimi vurmuşam” dedi. Bu sözlər Nəcəf bəyi lap qəzəbləndirdi. O, son nöqtəyə qədər jurnalistlərin, mətbuatın arxasında dayandı. “Azadlıq” və Nəcəf Nəcəfov həmin dönəmlərdə medianın, jurnalistlərin arxası, dayağı idi; Nəcəf bəy, indiki dillə desək, insan hüquqları üzrə müvəkkil idi. O zaman, təbii ki, belə bir təsisat yox idi hələ. Ancaq Nəcəf Nəcəfov öz təmiz və prinsipial ziyalı şəxsiyyətinin gücü ilə faktik olaraq ombudsman olmuşdu. Təbii, özünün qurduğu və qoruduğu “Azadlıq” qəzeti ilə birlikdə...

Çox çətin günlərdən biri... 1991-ci il avqustun 19-u. Hamımız “Azadlıq” qəzeti redaksiyasının həyətində toplaşmışıq. Moskvada Prezident Mixail Qorbaçova qarşı çevriliş olub. Ordunun və başqa güc strukturlarının rəhbərləri müvəqqəti hökumət elan edib. Vitse-prezident Gennadiy Yanayev mətbuat konfransında Prezident səlahiyyətlərini öz üzərinə götürdüyünü deyib. Ətrafında kimlər var – müdafiə naziri, marşal Yazov, daxili işlər naziri Puqo, Dövlət Təhlükəsizliyi Komitəsinin sədri Kryuçkov...

“Bura qədərmiş, axşama qalmaz, bizi həbs edəcəklər”, dedik. Çünki Azərbaycan Prezidenti Ayaz Mütəllibov da həmin hərbi-saray çevrilişini dəstəkləmişdi. Bunun nəticəsi olaraq avqustun 23-də AXC-nin qərargahına polis əməliyatı olacaqdı, Elçibəy başda olmaqla bir sıra təşkilat rəhbərləri xəsarət alacaqdı. Qərargah zəbt ediləcəkdi. Buna hələ üç gün var idi. Nəcəf bəy həyətdə bizi başına toplayıb dayanmışdı; bizi həbs edəcək polisləri gözləyirdik. Bir yandan da uşaqlar deyirdi ki, kompyuterləri evlərdən birinə aparaq, qəzeti çıxaraq. Nəcəf bəyin üzündə kədər də var idi, təbəsüm də. Bu mənzərə mənim yadımdan çıxmaz. Hamımız onun üzünə baxırdıq. “Nə edək?! Nə olacaq?!” suallarına Nəcəf bəyin gözlərində cavab tapmaq istəyirdik. O isə elə hey düşünürdü. Biz öz aramızda müzakirə edirdik. Hərə bir söz deyirdi. Artıq hər şeyin bitdiyini, qəzetin bağlanacağını, Nəcəf Nəcəfov başda olmaqla hamımızın türməyə gedəcəyimizi deyirdik. “Bir formada evdəkiləri başa salmaq lazımdır ki, hazırlıqlı olsunlar” dedi kimsə. Nəcəf bəy bu deyilənləri sanki eşitmirdi; gözlərini yerə zilləmişdi, düşünürdü. Birdən canlandı, başını qaldırıb eyni kədərli və təbəssümlü ifadə ilə bizə baxdı:

- Yox!

Hamı duruxdu, bir-birimizə baxdıq: “Nə “yox”?!”

- "Yəni qəzet bağlanmayacaq?!" -səhv etmirəmsə, Elçin sanki ortalığa soruşdu.

Nəcəf bəyin növbəti replikası da çaşbaşlıq yaratdı:

- Həbs də ola bilər, bağlaya da bilərlər, ancaq...

“Ancaq nə?!” sualını dilə gətirən olmadı, ancaq əminəm ki, hamının beynindən keçdi.

- Ancaq bu, uzun sürməyəcək. Əlləri əsir. Yanayevin əlləri əsir. Onlar hakimiyyəti götürə bilməyəcəklər. Götürsələr də, saxlaya bilməyəcəklər.

Və Napolenon Bonapartın bu sözləri ilə son nöqtəni qoydu: “Süngü hər şeyə yarayır, təkcə üzərində oturmaqdan başqa”...

İki gün keçdi. Bizi həbs etmədilər, qəzet bağlanmadı, “QKÇP” adlanan hərbi xunta məğlub oldu. Ancaq o gündən 8 il sonra Nəcəf Nəcəfov bu dünydan getdi. Başqa Nəcəf qalmadı. Öz müstəqil dövlətimizdə çoxlu jurnalistlər döyüldü, əzildi, öldürüldü... “Azadlıq” da bağlandı...

“Yaşasaydı, bu gün 30 yaşı olacaqdı” dediyimiz qəzet...

Bahəddin Həzi, “Azadlıq”

Son xəbərlər
Bütün xəbərlər »